Accessibility links

AŞPA-nin seçkiqabağı monitorinq missiyası bəyanatla çıxış edib


AŞPA-nın məruzəçisi Azərbaycanda səfərdədir

AŞPA-nın məruzəçisi Azərbaycanda səfərdədir

Missiya ümid edir ki, qarşıdakı seçkilər rəqabət mühitində keçəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçkiqabağı monitorinq missiyası 9 oktyabr prezident seçkiləri ərəfəsində Azərbaycana tanışlıq səfərinin yekunlarına dair bəyanatla çıxış edib.

Sənəddə Azərbaycan hakimiyyətinin seçkilərin monitorinqi üçün beynəlxalq müşahidəçilərin iştirak imkanlarını təmin etməyə hazır olduğu bildirilir, MSK-nın informasiya-maarifləndirici işi, seçki komissiyaları üzvlərinin treninqi, həmçinin seçici siyahılarının daimi dəqiqləşdirilməsi qeyd olunur. Lakin bu işin effektivliyi və keyfiyyəti seçki günündə məlum olacaq.

Nümayəndə heyətinin üzvləri güman edirlər ki, qarşıdakı seçkilər rəqabət mühitində keçəcək. Prezidentliyə namizədlərin qeydiyyatı hələlik başa çatmayıb, çox güman ki, onların sayı 10 nəfərdən az olmayacaq.

Eyni zamanda hazırkı prezidentin “etibarlı rəqibləri”nin olmaması ciddi ümummilli debatların olmamasına gətirib çıxarıb. Müxalifətin potensial namizədlərin siyasi platformaları arasında fərq aydın deyil, mübarizə şəxsiyyətlərin toqquşması səviyyəsində aparılır.

AŞPA müşahidəçiləri prezident İlham Əliyevin öz işləri ilə yaxşı tanındığına görə kampaniya aparmamaq barədə qərarından narazıdır.

AŞPA hesabatlarında əksini tapan tövsiyələrin bir çoxu həyata keçirilməyib. Bu, xüsusilə ifadə, toplaşma və assosiasiya azadlığı, həmçinin plüralist demokratiya barədə tövsiyələrə aiddir.

Seçki komissiyalarının bütün səviyyələrdə tərkibi ilə bağlı Venesiya Komissiyasının tövsiyələri lazımi qaydada nəzərə alınmayıb”, - sənəddə qeyd olunur.

Sadalanan problemlərə baxmayaraq, nümayəndə heyəti ümid edir ki, səsvermədən sonra o, seçkilərin Avropa Şurası standartlarına uyğun olub-olmadığını və Azərbaycan xalqının iradəsini əks etdirib-etdirmədiyini qiymətləndirmək iqtidarında olacaq.

7 nəfərdən ibarət nümayəndə heyəti Milli Məclisin dəvəti ilə sentyabrın 10-dan 13-dək Bakıda olub. Hazırki prezident də daxil olmaqla, prezidentliyə namizədlər, parlamentin spikeri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri, siyasi partiyaların, QHT, KİV və diplomatik korpusun nümayəndələri ilə görüşlər keçirilib.
32 deputatdan ibarət tam heyət oktyabrın 7-dək Azərbaycana gələcək.
XS
SM
MD
LG