Accessibility links

Yeni prezident Lüksemburq parlamentarı Ann Brassordir

Lüksemburq parlamentarı Ann Brassor (Anne Brasseur) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib. O, bu vəzifəyə yanvarın 27-də AŞPA-nın qış sessiyasının plenar iclasında alternativ seçkilər zamanı seçilib.
Amerikanın Səsinin Strasburqdakı müxbirinin məlumatına görə, səsvermədə iştirak edən 290 deputatdan 165-i Brassorun lehinə səs verib.

Digər namizəd, britaniyalı Robert Valteri cəmi 125 deputat dəstəkləyib.
Qeyd edək ki, mövcud ənənəyə əsasən, bir qayda olaraq, AŞPA siyasi qrupları tərəfindən irəli sürülən namizədlər növbə ilə assambleyanın prezidenti olur.
Lakin bu dəfə Brassoru irəli sürən Liberal Demokratlar Alyansının növbəsi gəlsə də, müxtəlif fraksiyalardan olan bir qrup parlamentari britaniyalı Valteri irəli sürüb.
Maraqlıdır ki, müstəqil müşahidəçilər Valteri AŞPA-da Azərbaycan hakimiyyətinin fəal lobbiçilərindən biri hesab edirlər.

Yeri gəlmişkən, o, 9 oktyabr 2013-cü il prezident seçkilərinə müsbət qiymət verən AŞPA müşahidəçilər missiyasına rəhbərlik edib. Bu mövqe seçkilər zamanı kütləvi pozuntuları tənqid edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının qiymətləndirməsinə zidd olub.

Avropa İttifaqı, Aİ-nin aparıcı ölkələri və ABŞ hökumətləri ATƏT DTİHB-nin daha səlahiyyətli və peşəkar missiyasının rəyini rəhbər tutublar.

Valter həmçinin 2013-cü ilin yanvarında Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında məruzisəinin qəbul edilməsinə fəal şəkildə etiraz edənlərdən olub.

Belə ki, Valter Ştrasserin məruzəsini tənqidi qiymətləndirib. “Bu məruzə bloqlara və QHT-lərin hesabatlarına əsaslanır. Hesab edirəm ki, bu, bizim işimizi nüfuzdan salır. Biz Ştrasserin məruzəsini rədd edəcəyik”, deyə Valter müzakirələr zamanı bildirmişdi.

Maraqlıdır ki, həmin məruzələr zamanı AŞPA-nın hazırda seçilmiş yeni prezidenti Brassor əksinə, Ştrasserin məruzəsini dəstəkləmişdi.

O, AŞPA məruzəçisinə missiyasını yerinə yetirməsi üçün viza verilməməsinin qəbuledilməz olduğunu bildirib. “Biz məhbusların bir qisminin azad edilməsini alqışlayırıq, amma siyahıya yeni məhbuslar əlavə edilib. İnsanların əqidələrinə görə həbsi yolverilməzdir”, deyə Brassor bildirib.
XS
SM
MD
LG