Accessibility links

İllik konfransı münasibəti ilə şuranın tarixinə nəzər

  • Bulut Mehmandarli

İllik konfransı münasibəti ilə şuranın tarixinə nəzər

İllik konfransı münasibəti ilə şuranın tarixinə nəzər

Sonradan missiyası bir qədər dəyişib, əsas olaraq ABŞ şirkətlərinin dəstəyi ilə indiki vəziyyətə gəlmiş bu təşkilatın yaranma tarixi çox maraqlıdır. Adı bir neçə dəfə dəyişən bu təşkilat 1974-cü ildə Kipr müharibəsi zamanı Türkiyədə vəzifədə olmuş və daha sonra amerikalı təqaüddəki polkovnik Ralf Ropp tərəfindən yaradılıb. Türkiyədə ezamiyyətdə olmuş hərbçi və diplomatların iştirakı ilə yaranan təşkilatın adı o zaman "Türkiyənin amerikalı dostları", AFOT idi.

Deyildiyinə görə, Amerikanın başlıca telekanallarının Kipr müharibəsi barədə xəbərləri Yunanistandan verdiklərini, bu xəbərlərdə Türk tərəfinin mövqeyinin və bəzi hadisələrin düzgün işıqlandırılmadığını görən Ralf Ropp Türkiyənin ölkəsində çox yanlış tanıdıldığı qənaətinə gəlib. O, ölkəsinə qayıdandan sonra Türkiyə haqqında həqiqətləri düzgün anlatmaq üçün Türkiyədə vəzifədə olmuş, yaşamış, bu ölkəni nisbətən tanımaq fürsəti əldə etmiş diplomat və hərbçilərlə birgə 1970-ci illərin ortalarında AFOT (American Friends of Turkey) yəni “Türkiyənin amerikalı dostları” təşkilatını yaradıb.

Amerikadakı Türk təşkilatları ilə əlaqədə olan və arabir onlarla əməkdaşlıq da aparan bu təşkilatın xüsusiyyətlərindən biri üzvlərinin amerikalılar olması idi. Təşkilatın məqsədi indiki sənədlərdə “ümumi olaraq müxtəlif proqram və layihələr vasitəsi ilə Amerika və Türk xalqları arasında əlaqələr yaratmaq” olaraq xülasə edilib.

Təşkilatın 1982-ci ildən bəri Vaşinqtonda keçirdiyi illik konfransları artıq ənənə halına gəlmiş və zamanla bu konfranslarda Birləşmiş Ştatlar və Türkiyədən yüksək vəzifəli nümayəndələr də iştirak etməyə başlamışdır. Onların siyahısına baş nazirlər, xarici işlər, müdafiə nazirləri və yüksək rütbəli hərbçilər də daxildir.

Təşkilatın adı 1991-ci ildə Direktorlar Şurasının qərarı ilə Türkiyə-Amerika Dostluq Şurasına dəyişdirilib, onun fəaliyyətlərinə iki ölkə arasında təhsil, ticarət və müdafiə sahəsində əlaqələrin genişləndirilməsi də əlavə olunub. Təşkilat fəaliyyəttlərinə davam etdiyi və iki ölkədə də daha yaxşı tanındığı bir zamanda 1994-cü ildə əməkdaşlıq aparan qardaş təşkilatlar kimi ikiyə bölünüb. Bu iki təşkilatdan biri Türkiyə-Amerika Şurası ( American-Turkish Council) ATC iki ölkə arasında biznes əlaqələrinin genişləndirilməsi sahəsinə üstünlük verir. Türkiyənin Amerikalı Dostları (AFOT) isə mədəniyyət, təhsil və xeyriyyəçilik kimi sahələrdə fəaliyyət göstərir.

AFOT-un internet səhifəsində onun bugünkü missiyasının amerikalılara Türkiyənin tarixi, mədəniyyəti barədə məlumat vermək, təhsil, ətraf-mühit, ədəbiyyat və incəsənət sahəsində ölkədə gedən prosesləri, iki xalq arasında dosluq əlaqələri və onları birləşdirən ortaq maraqları geniş xalq kütlələrinə izah etməkdən ibarət olduğu bildirilir.

XS
SM
MD
LG