Accessibility links

Elmar Məmmədyarov: Mövcud status-kvo təhlükəli və qəbuledilməzdir


ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələrinin xarici işlər naziri Elmar Məmmədyarovla görüşü

ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələrinin xarici işlər naziri Elmar Məmmədyarovla görüşü

ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələri Ermənistanla Azərbaycan arasında yaranmış növbəti gərginlikdən sonra hər iki ölkəyə səfər edib. Səfirlər hökumət və müxalifətlə görüşüb.

Prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müxalifət liderlərinin Azərbaycanda səfərdə olan ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrinin görüşü olub. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi və demokratiya məsələləri müzakirə edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan-ATƏT əməkdaşlığı, regiondakı vəziyyət və Azərbaycanın üzləşdiyi problemlərlə bağlı fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan münaqişəsi, danışıqların hazırkı vəziyyəti haqda məlumat verən nazir Elmar Məmmədyarov mövcud status-kvonun təhlükəli və qəbuledilməz olduğunu bildirib.

Nazir qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcud olması münaqişənin sülh yolu ilə həllinə ən böyük maneədir, eyni zamanda münaqişənin həlli regionda təhlükəsizlik və əməkdaşlıq üçün həyati məna daşıyır.

Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna bildirib ki, müxalifətlə görüşdə ATƏT-ə üzv 19 dövlətin daimi nümayəndəsi, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay və Müsavat Partiyasının sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Liberal Partiyasının sədri Əvəz Temirxan iştirak edib.

“ATƏT Azərbaycanda hər hansı irəliləyişə nail ola bilməyib. ATƏT Azərbaycanla bağlı iki istiqamət üzrə işləyir: Ermənistan-Azərbaycan münaqişəsi və insan haqları, demokratiyanın inkişafı. Biz qeyd etdik ki, bu istiqamətlərin üzrə hər hansı irəliləyiş qeydə alınmayıb. Daimi nümayəndələrə təkliflərimizi verdik”, - deyə Müsavat başqanı qeyd edib.

ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələri Azərbaycan ordusunun zabiti Ramil Səfərovun əfvindən sonra Ermənistan və Azərbaycan arasında yaranmış növbəti gərginlikdən sonra hər iki ölkəyə səfər edib. Ekspertlər səfərin Azərbaycan və Ermənistan arasında yaranmış gərginliyin zəiflədilməsinə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların intensivləşdirilməsinə xidmət etdiyini bildirir.
XS
SM
MD
LG