Accessibility links

Lamberto Zanyer: Hazırki status-kvonun saxlanması yolverilməzdir


ATƏT-in baş katibi Lamberto Zanyer

ATƏT-in baş katibi Lamberto Zanyer

Elmar Məmmədyarov: Poblem mexanizmlərdə deyil, Azərbaycan torpaqlarının işğal edilməsindədir. Ermənistan işğal edilmiş ərazilərdən qoşunlarını çıxarsa, insidentlər və onların araşdırılması mexanizmləri ilə bağlı məsələlər də gündəlikdən çıxacaq.

ATƏT Azərbaycanın beynəlxalq öhdəliklərini yerinə yetirməsi məqsədilə ölkə ilə əməkdaşlığı davam etdirəcək. Bu barədə Bakıda bugünki mətbuat konfransında ATƏT-in baş katibi Lamberto Zanyer Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla danışıqları başa çatdıqdan sonra bildirib.
Cənab Zanyer ATƏT-in Bakı ofisinin fəaliyyətinin üç istiqamətini qeyd edib. Birincisi siyasi və hərbi istiqamətdir və bu sahədə Azərbaycan polisinə dəstək layihələri həyata keçirilir.
İkinci prioritet iqtisadiyyat və ətraf mühit, xüsusən kiçik və orta biznesə və ekoloji proqramlara dəstəkdir.
ATƏT-in işinin üçüncü istiqaməti insan kapitalı, vətəndaş cəmiyyətinin gücləndirilməsi, məhkəmələrin monitorinqi, pulsuz hüquqi xidmətlərdir.
Öz növbəsində, nazir Məmmədyarov bildirib ki, cənab Zanyer seçkilərin keçirilməsi üzrə bir sıra təkliflər irəli sürüb. Bu məsələlərdən başqa, tərəflər Qarabağ tənzimlənməsinə böyük diqqət yetirib.
ATƏT baş katibi qoşunların təmas xəttində insan qurbanları ilə müşayiət olunan silahlı insidentlərin çoxalması ilə bağlı narahatlığını bildirib.
O, bu hadisələri qəbuledilməz və yolverilməz adlandırıb. İnsanların həlak olmasının qarşısının alınması üzrə təxirəsalınmaz tədbirlər görülməlidir. Bununla belə, o, hazırki status-kvonun saxlanmasının yolverilməz olduğunu bildirib.
Onun fikrincə, güc tətbiqindən uzaq olmaq Qarabağ nizamlanmasının əsas prinsipi olmalıdır.
Cənab Zanyer ATƏT-in monitorinq rolunun gücləndirilməsi, snayperlərin çıxarılması, qarşılıqlı etimad tədbirlərinin görülməsi, təmas xəttində hadisələrin araşdırılmasının tərəfdarı olduğunu bildirib. O, bir tərəfdən atəşkəs rejimi gücləndirilməli, digər tərəfdən münaqişənin siyasi həlli prosesinin sürətləndirilməsi zərurətini vurğulayıb.
Tərəflər özləri razılıq əldə etməlidir, ATƏT isə danışıqlar üçün meydan yaradır. O qeyd edib ki, münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur.
Hadisələrin araşdırılması mexanizmlərinə gəlincə, ATƏT baş katibi bildirib ki, bu məsələ daha çox ATƏT Minsk Qrupunun həmsədrlərinə aiddir. Onun fikrincə, söhbət tərəflərin bu araşdırmaların prosedurları haqqında razılıq əldə edəcəkləri halda ictimaiyyətin bu barədə məlumatlandırılmasından gedir.
Cənab Zanyer həmçinin yaxın günlərdə ATƏT Minsk Qrupunun həmsədrlərinin regiona səfər edəcəyini bildirib.
Nazir Məmmədyarovun fikrincə, “problem mexanizmlərdə deyil, Azərbaycan torpaqlarının işğal edilməsindədir”. Ermənistan işğal edilmiş ərazilərdən qoşunlarını çıxarsa, snayperlərin çıxarılması, insidentlər və onların araşdırılması mexanizmləri ilə bağlı məsələlər də gündəlikdən çıxacaq.
XS
SM
MD
LG