Accessibility links

ATƏT-in Daimi Şurasında Azərbaycanda hüquq və azadlıqların pozulması tənqid edilib


ABŞ-ın ATƏT-də nümayəndəsi Daniel Baer

ABŞ-ın ATƏT-də nümayəndəsi Daniel Baer

Azərbaycanda vətəndaş hüquq və azadlıqlarının pozulması məsələsi Vyanada ATƏT-in Daimi Şurasının iclasında müzakirə mövzusu olub.

Diplomatik mənbələrdən Turan agentliyinə daxil olan məlumata görə, Avropa İttifaqı, Kanada, ABŞ və digər ölkələrin nümayəndələri Azərbaycandakı vəziyyət haqqında məsələ qaldırıblar. Buna cavabda Azərbaycan nümayəndəsi pozuntu faktlarını təkzib edərək, söhbətin ayrı-ayrı hallardan getdiyini bildirib.

Bu zaman ABŞ-ın ATƏT-də daimi nümayəndəsi Daniel Bayer bəyanatla çıxış edib. O, bunun “cəmi bir neçə hal” olduğu haqqında iddianı təkzib edib. Əslində bu, Azərbaycanda bir çox digər vətəndaş hüquq və azadlıqlarının pozulması faktlarının zirvəsidir.

“Vətəndaş cəmiyyətinin boğulması təkcə hüquq məsələsi deyil, ölkənin təhlükəsizliyi məsələsidir”, deyə o bildirib.

Cənab Bayer həmçinin bildirib ki, Azərbaycanda hüquq və azadlıqların boğulması ikitərəfli münasibətlərə də təsir edir, onları çətinləşdirir. Bundan başqa, ATƏT-ə üzvlük müəyyən öhdəliklərin qəbul edilməsi deməkdir, onların pozulması və ya onlara məhəl qoyulmaması “hörmətsizlik əlamətidir və ikitərəfli münasibətlərə mənfi təsir göstərir”, deyə o qeyd edib.

Öz növbəsində, Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ATƏT Daimi Şurasının 19 avqustda keçirilən iclası ilə bağlı bəyanat yayıb.

Bəyanatda ABŞ, Avropa İttifaqı, Kanada və Norveç nümayəndələrinin iclasda Azərbaycanda insan haqlarının vəziyyətinə dair məsələ qaldırmasına etiraz bildirilir.

“Nümayəndə heyətimiz ABŞ, Avropa İttifaqı, Kanada və Norveçin Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı iddialarını inkar edir və bu cür cəhdlərin ölkələrimiz arasında ikitərəfli münasibətləri zəiflətdiyini düşünür. Azərbaycan ölkədə ayrı-ayrı fərdlərə qarşı aparılan cinayət işlərinin bilərəkdən siyasiləşdirilməsi və məhkəmə proseslərini təhrif etmək cəhdlərini qınayır. Azərbaycan ABŞ, Avropa İttifaqı və ona üzv olan dövlətləri, Kanada və Norveçi Azərbaycandakı məhkəmə sisteminin qərarlarına hörmət etməyə və cari hüquqi proseslərə müdaxilə etməməyə çağırır. Hesab edirik ki, bəzi anonim beynəlxalq missiyalar tərəfindən məhkəmələr barəsində irəli sürülən iddialar qüsurludur və məhkəmə sisteminə təzyiq xarakteri daşıyır”, sənəddə deyilir.

Daimi nümayəndəlik Azərbaycanda bütün vətəndaşların qanun qarşısında bərabər olduğunu və fəaliyyətlərinə görə bərabər məsuliyyət daşıdığını bəyan edir.

“İnsan hüquqları müdafiəçisi və ya jurnalist olmaq heç kəsi qanun qarşısında məsuliyyətdən azad etmir. Bunun əksi isə qanunsuzluq olardı ki, bu da Azərbaycan üçün qəbuledilməzdir. Təəssüf doğuran məqam odur ki, insan hüquqlarının müdafiəsi məsələsindən “5-ci kolon”un yaradılması və cəmiyyətdəki stabilliyin pozulması üçün sui-istifadə olunur. İnsan hüquqlarının müdafiəsinin biznesə çevrilməsi və ondan əldə olunan gəlirlərin şəxsi bank hesablarına köçürülməsi narahatlıq doğurur. Azərbaycana çirkli pulların yuyulması və digər qeyri-qanuni maliyyə tranzaksiyalarının qarşısını almaq üçün effektiv sistem qurmağa yardım etmiş bu dövlətlərin indi hökumətin şübhəli maliyyə köçürmələri, o cümlədən, vergidən yayınma cinayətləri üzrə apardığı işləri qınaması anlaşılmazdır. Ona görə də, biz bu qərəzli yanaşmanı rədd edirik”, sənəddə xatırladılır.

XS
SM
MD
LG