Accessibility links

ATƏT konfransında Azərbaycan əsas mövzuya çevrilib


Varşavada ATƏT-in konfransı

Varşavada ATƏT-in konfransı

Sentyabrın 21-də Varşavada açılan ATƏT-in insan ölçüsü məsələləri üzrə tədbirlərin (HDIM - Human Dimension Implementation Meeting) reallaşmasına dair iclasda Azərbaycan əsas mövzulardan olub. Bu barədə Turan agentliyinin məlumatında deyilir.

Vətəndaş hüquqları və söz azadlığı sahəsində fundamental öhdəlikləri pozan ölkə kimi Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 57 üzvü arasında ən çox adı çəkilən ölkədir.

Həmçinin Azərbaycan bir qrup beynəlxalq vətəndaş fəalının üzərində siyasi məhbusların fotoları olan maykaları geyinərək iclas zalında səssiz etiraz aksiyası ilə üzləşən yeganə ölkə olub.

İclas zamanı Azərbaycanın rəsmi nümayəndəsi və bir sıra hökumətyönümlü QHT rəhbərləri azadlıqlar sahəsindəki iradları qərəzli adlandırıblar. Onlar Qərbi Avropa ölkələrində və ABŞ-da insan haqlarının və söz azadlığının pozulması hallarına əsaslanaraq miqrant problemində dözümsüzlük məsələsini və bu mövzunu işıqlandıran jurnalistlərə təzyiqləri qeyd ediblər.

Avropalı siyasətçilər Yaxın Şərq və Asiyanın münaqişəli zonalarından gələn miqrant axını barədə geniş danışsalar da, iclasın gündəliyinə əsasən onlar ən çox insan ölçüsü prinsipləri, ifadə, mətbuat və informasiya azadlığı məsələlərinə diqqət yetiriblər.

İnsan ölçüsü demokratiya və insan hüquqları sahəsində ATƏT ölkələrinin öhdəliklərini əhatə edən anlayışdır. 1975-ci il Helsinki Yekun Aktının iştirakçı dövlətləri “qəti şəkildə və yekdilliklə” bildiriblər ki, “onların ATƏT-in insan ölçüsü sahəsində götürdükləri öhdəliklər bütün üzv dövlətlərin bilavasitə və qanuni maraqlarını təmsil edən məsələlər sayılır və müvafiq dövlətin daxil işləri sırasına aid edilmir”. Onlar etiraf ediblər ki, ATƏT təkcə dəyərlərin birliyi yox, həm də məsuliyyətlərin birliyidir.

Müzakirələr öhdəliklər qarşısındakı məsuliyyətə çatanda müxtəlif baxışlar özünü daha qabarıq göstərib.

Konfransın açılış mərasiminin müşahidə edilməsi və ilkin müzakirələr oturuşmuş demokratiyaya malik ölkələr və keçmiş Sovet İttifaqına aid avtoritar ölkələr arasında insan ölçüsü sahəsində ciddi fikir ayrılıqlarının və problemlərin olduğunu göstərib.

Bu, əsasən ondan irəli gəlir ki, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan kimi ölkələrdə ATƏT dəyərləri hakim elitalarda bəyan edilən, lakin icrası məcburi sayılmayan dəyərlər kimi qəbul edilir.

Bu ölkələrdəki rejimlər cəzasızlığa əmindirlər, belə ki, hesab edirlər ki, konsensus təşkilatı kimi ATƏT məcburiyyət mexanizmi qəbul edə bilməz və onların maraqlarını nəzərə almaqla müəyyən razılığa nail olunmasına məhkumdur.

“Üzv dövlətlər öz üzərlərinə könüllü öhdəliklər götürüblər, lakin onların az bir hissəsi yerinə yetirilir”, deyə ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç bildirib.

O, “problemin həllində alət kimi belə ölkələrlə daimi dialoqun vacibliyini” qeyd edib.

Oktyabrın 2-dək davam edəcək konfrans əsas azadlıqlar, dözümlülük, məhkəmə sisteminin müstəqilliyi, qanunun aliliyi, demokratik institutlar, seçkilər, hərəkət azadlığı məsələlərini əhatə edəcək və ATƏT Nazirlər Şurasının iclasının əsasını təşkil edəcək. İclas bu il dekabrın 3-4-də Belqradda keçiriləcək və ATƏT-də Serbiyanın sədrliyinə yekun vuracaq.

“Bizim təşkilat təhlükəsizlik sistemi mərkəzində yerləşir və Belqradda nazirlərin görüşü öz siyasətini daha effektiv qurmaq üçün imkan verəcək”, - deyə Serbiyanın xarici işlər naziri İvitsa Daçiç bildirib.

XS
SM
MD
LG