Accessibility links

Azərbaycan Rusiyanın Ermənistandakı hərbi bazasının komandirinin açıqlamasına rəsmi reaksiya tələb edir


ATƏT-in Minsk qrupunun həmsədrləri müdafiə naziri ilə görüşüb

ATƏT-in Minsk qrupunun həmsədrləri müdafiə naziri ilə görüşüb

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü hazırlanır. ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda danışıqlar aparır

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki Azərbaycan prezidenti, müdafiə naziri və digər rəsmi şəxslərlə görüşüb.

Görüşdən sonra ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov deyib ki, Azərbaycan prezidenti Ermənistan prezidenti ilə görüşün keçirilməsinə razılıq verib.
“Həmsədrlər bu gün İrəvana yola düşəcəklər. Orada bu məsələni Ermənistan prezidenti Serj Sarkisyanla müzakirə edəcəyik. Ermənistanda bu məsələ müzakirə olunandan sonra rəsmi bəyanat yayılacaq. Biz ümid edirik ki, görüş ilin sonunadək keçirilə bilər”, o qedy edib.

Həmsədrləri Azərbaycanın müdafiə naziri Zakir Həsənov da qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, müdafiə naziri regiondakı vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz olması barədə fikirlərini bildirib.

Nazir eyni zamanda Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının komandirinin məlum çıxışını həmsədrlərin diqqətinə çatdıraraq, bu məsələyə rəsmi səviyyədə müvafiq reaksiyanın verilməsinin vacibliyini qeyd edib.

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bu məsələnin anlaşılmazlıq nəticəsində baş verməsini istisna etməyərək araşdırılacağına söz verib.

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandiri Andrey Ruzinski oktyabrın 10-da “Krasnaya Zvezda” qəzetinə müsahibəsində deyib ki Rusiyanın hərbi bazanın cavabdehlik zonasında hərbi-siyasi vəziyyət həyəcanlı olaraq qalır və Ermənistan-Azərbaycan münaqişəsi regionunda qarşıdurmanın gərginləşməsi ehtimalı ilə bağlı sabitliyi pozan bir sıra amillərin mövcudluğu ilə səciyyələnir.

“Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ üzərində yurisdiksiyanı güc yolu ilə bərpa etməyi qərara alarsa, hərbi baza KTMT çərçivəsində Rusiya Federasiyasının müqavilə öhdəliklərinə uyğun olaraq, silahlı münaqişəyə başlaya bilər”, o qeyd edib.
Rusiyanın Ermənistandakı hərbi bazası 1994-cü il sentyabrın 1-də formalaşdırılıb.

Onun tərkibinə 3624-cü aviasiya bazası və 988-ci zenit raket alayı daxil olub. 2001-ci ildə bu hissələr MDB ölkələrinin Birləşdirilmiş Hava Hücumundan Müdafiə Sistemində döyüş növbəsində yerini tutub, bazanın özü isə Rusiya və Ermənistan qoşunlarının birləşdirilmiş qruplaşmasının tərkibinə daxil olub.
XS
SM
MD
LG