Accessibility links

ATƏT münaqişələr zamanı jurnalistlərin təhlükəsizliyi, söz azadlığı məsələlərini müzakirə edir


ATƏT-də konfrans

ATƏT-də konfrans

Vyanada ATƏT-in mənzil-qərargahında “Münaqişələr zamanı jurnalistlərin təhlükəsizliyi, söz azadlığı və plüralizm” mövzusunda ikigünlük konfrans öz işinə başlayıb.

Turan agentliyinin məlumatına görə, konfransın gündəliyində əsas diqqət Rusiyanın Ukraynaya qarşı hibrid müharibəsinin nəticələri ətrafında cəmlənib. Buraya təcavüzün həm hərbi-siyasi, həm də informasiya mexanizmləri daxildir. Konfrans təşkilatçıları qeyd edir ki, Rusiyanın hərbi-informasiya hücumunun qurbanları həm hər iki tərəfdən jurnalistlər, həm də dövlətin nəzarəti altında olan KİV-in təbliğatı ilə yanlış istiqamətə yönəlmiş auditoriya olur.

ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dünya Miyatoviç bildirib ki, dünyadakı vəziyyət korrupsioner rejimlərin söz azadlığına hücumu ilə səciyyələnir.

“Jurnalist ovu mövsümü yaşanır, xüsusən, münaqişəli zonalarda, onlar arasında Ukrayna xüsusi yer tutur”, o bildirib.

Miyatoviç təbliğatı “jurnalistikanın üzündə çapıq” adlandırıb, müasir şəraitdə ona qarşı mübarizənin əhəmiyyətini qeyd edib.

BMT baş katibinin insan hüquqları üzrə köməkçisi İvan Şemonoviçin jurnalist təşkilatlarına istinadən göstərdiyi məlumatlarına görə, dünyada həlak olmuş jurnalistlərin təxminən yarısı döyüş əməliyyatları zonalarından kənarda həyatlarından məhrum olublar. Ukraynada son 18 ayda 8 jurnalist həlak olub, 300 zorakılıq, oğurluq, döyülmə hadisəsi, 30 redaksiyalara basqın halı qeydə alınıb. Krımda bütün Ukrayna dilli və Krım-Tatar telekanalları bağlanıb.

Çıxışlar zamanı Ukrayna və Rusiya tərəfləri informasiya əldə etmək məhdudiyyətləri və yalnış məlumatların yayılması haqqında fikir mübadiləsi aparıblar. Lakin ATƏT üzvü olan ölkələrin əksəriyyəti Rusiyanı Ukraynanın bir hissəsini ilhaq etməkdə və informasiya təcavüzündə ittiham edib.

Amma zalda informasiya qarşıdurmasının iştirakçıları toplaşsa da, siyasətçilərdən fərqli olaraq, jurnalistlər müzakirələrə daha konstruktiv yanaşıblar, xüsusən, Rusiya jurnalistlərinin təmkinliliyi nəzərə çarpıb.

İki yüzdən çox jurnalistin, ekspertin və ATƏT üzvü olan ölkələrin nümayəndələrinin iştirak etdiyi konfransın ilk günündə münaqişənin işıqlandırılması zamanı jurnalistlərin təhlükəsizliyi, jurnalist etikası, münaqişə şəraitində KİV-in tənzimlənməsi mövzularına da baxılıb.

Konfransın yekunlarına görə münaqişə zonalarında hadisələrin işıqlandırılması, jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi, informasiya müharibələrinə qarşı mübarizə və münaqişə tərəflərini təmsil edən jurnalistlər arasında etimad yaradılması sahəsində qabaqcıl təcrübəni əks etdirən tövsiyələr işlənib hazırlanıb.

XS
SM
MD
LG