Accessibility links

ATƏT Cənubi Qafqaz hakimiyyətlərini media üçün təhlükəsiz mühit yaratmağa çağırır


ATƏT-in media azadlığı ofisinin Tbilisidə konfransı (Foto Emin Hüseynovun Facebook səhifəsindən götürülüb)

ATƏT-in media azadlığı ofisinin Tbilisidə konfransı (Foto Emin Hüseynovun Facebook səhifəsindən götürülüb)

Sənəddə hakimiyyətlər jurnalist fəaliyyətinin kriminallaşdırılmasından, o cümlədən jurnalistlərin həbsə alınmasından çəkinməyə çağırılır

Tbilisidə keçirilən 10-cu Cənubi Qafqaz KİV konfransı 10-cu Yubiley bəyannaməsini qəbul edib. Konfrans ATƏT-in KİV azadlığı üzrə nümayəndəsinin ofisi tərəfindən təşkil olunub.

Bəyannamədə Azərbaycan, Ermənistan və Gürcüstanın hakimiyyət, KİV, vətəndaş cəmiyyəti və elmi dairələrinin təmsilçilərinin konfransda iştirakı və əməkdaşlıq şəraitində KİV azadlığına dair mühüm məsələləri müzakirə etməsi alqışlanır.

Tədbir iştirakçıları jurnalistlərə hücumları, onların təqib olunması və qorxudulmasını pisləyir, hakimiyyətləri hər bir zorakılıq halını pisləməyə, həmçinin qorxu və cəzasızlıq atmosferinin təşviqinin qarşısının alınması məqsədilə çevik və effektiv araşdırmanı təmin etməyə çağırır.

Onlar hakimiyyətləri jurnalist fəaliyyətinin kriminallaşdırılmasından, o cümlədən jurnalistlərin həbsə alınmasından çəkinməyə çağırıblar.

Bəyannamədə hakimiyyətlər jurnaistlər, blogerlər və digər şəxslər üçün təhlükəsiz mühitin təmin olunmasına çağırılır.

Yekun sənəddə ATƏT öhdəliklərinə uyğun olaraq milli qanunvericiliyin təkmilləşdirilməsi, məlumatın daha geniş yayılması üçün şəraitin yaradılması, İnternetdə məhdudiyyətlərə yol verilməməsi haqda çağırışlar əksini tapır.

Konfrans iştirakçıları hökumətləri teleyayım sahəsində rəqəmsal yayıma keçid zamanı əhalinin müxtəlif informasiya mənbələri ilə təmin olunmasına, kontentin plüralizminin artırılması üzrə praktiki addımlar atılmasına, yayım təşkilatlarında mülkiyyətin konsentrasyasının qarşısının alınmasına çağırırlar.

Nəhayət, bəyannamədə ATƏT-in KİV azadlığı üzrə nümayəndəsinin ofisi tərəfindən Cənubi Qafqaz KİV konfranslarının, həmçinin ustad dərslərinin, “dəyirmi masa”ların, treninqlərin təşkilinin davam etdirilməsinin vacibliyi vurğulanır. Regionda KİV azadlığına daha çox təsir göstərmək məqsədilə konfrans zamanı irəli sürülən tövsiyələrin effektivliyinin dəqiq qiymətləndirmə mexanizminin təminatı üçün gələcək addımların atılması təklif olunur.
XS
SM
MD
LG