Accessibility links

ATƏT Ermənistan-Azərbaycan cəbhəsində son insidentlərdən narahatdır


ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev

ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev

Həmsədrlərin bu gün yayılmış birgə bəyanatında Azərbaycan və Ermənistan müdafiə nazirliklərinin məlumatlarına istinadən bildirilir ki, iyunun 18-dən 19-na keçən gecə cəbhə xəttində itki ilə nəticələnən silahlı insident baş verib.

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan - Azərbaycan cəbhəsində son günlər vəziyyətin kəskinləşməsindən narahatdır.

Həmsədrlərin bu gün yayılmış birgə bəyanatında Azərbaycan və Ermənistan müdafiə nazirliklərinin məlumatlarına istinadən bildirilir ki, iyunun 18-dən 19-na keçən gecə cəbhə xəttində itki ilə nəticələnən silahlı insident baş verib.
Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradke (ABŞ) və İqor Popov (Rusiya) güc tətbiqini pisləyir və mənasız qurbanlardan təəssüfləndiklərini bildirir. “Belə insident 1994-cü ildə əldə olunmuş atəşkəs rejiminin saxlanması haqqında sazişin pozulmasıdır, tərəflərin güc tətbiq etməkdən və güc tətbiqi barədə hədə-qorxu gəlməkdən çəkinmək barədə öhdəliklərinə ziddir”.

Həmsədrlər bildirir ki, insident Azərbaycan, Rusiya, Ermənistan prezidentlərinin iyunun 17-də Sankt-Peterburqda keçirilən görüşündən sonra baş verib. “Belə bir məqamda güc tətbiqi yalnız dinc prosesi pozmaq cəhdidir. Biz tərəfləri təmkinli olmağa, öz ölkələrinin ictimaiyyətlərini müharibəyə deyil, sülhə hazırlamağa çağırırıq. Dinc nizamlanmaya alternativ yoxdur və müharibə problemin həlli deyil”, - deyə sənəddə bildirilir.

ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev Ermənistan-Azərbaycan cəbhəsində qeydə alınan insidentdən narahatdır. “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında danışıqların davam etdirilməsindən başqa alternativ yol yoxdur. Effektli tədbirlər buna bənzər hadisələrin gələcəkdə baş verməsinin qarşısını almalıdır. Mən, danışıqların konstruktiv dialoq səviyyəsinə çatdırılması üçün göstərilən səylərə qeyri-şərhsiz dəstək verirəm”, - deyə cənab Saudabayev qeyd edib.

Müstəqil politoloqlar Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən dərhal sonra cəbhədə insidentin baş verməsini prezidentlərin danışıqlarının heç də asan keçmədiyinə işarə olduğunu deyir.

Qafqaz universitetinin beynəlxalq hüquq kafedrasının müdiri, beynəlxalq hüquq doktoru Fərhad Mehdiyev “Amerikanın səsi” radiosuna müsahibəsində Minsk qrupunun həmsədrlərinin son bəyanatının yenilənmiş Madrid prinsipinin fiaskoya uğradığının sübutu kimi qiymətləndirir. O hesab edir ki, əslində vasitəçi missiyasını həyata keçirən həmsədrlər münaqişənin nizamlanmasında 18 illik fəaliyyətlərinin nəticəsi kimi müsbət bəyanatlar verməli idi. “ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu bəyanatı danışıqların iflasının sübutudur”, - deyə o qeyd edib.

Politoloq hazırkı anda münaqişənin nizamlanmasında irəliləyişin qeydə alınacağını mümkünsüz sayır. “Münaqişənin nizamlanmasında irəliləyiş Rusiyadan asılıdır. Sürixdə Türkiyə-Ermənistan protokolu da Rusiya xarici işlər nazirinin Ermənistana müraciətindən sonra imzalandı”.

XS
SM
MD
LG