Accessibility links

ATƏT Helsinki Komissiyası Qafqazda təhlükəsizliyə dair dinləmə keçirdi

  • Əsgər Möhsümoğlu

ATƏT Helsinki Komissiyası Qafqazda təhlükəsizliyə dair dinləmə keçirdi

ATƏT Helsinki Komissiyası Qafqazda təhlükəsizliyə dair dinləmə keçirdi

Dekabrın 7-də ABŞ Konqresi nəzdində ATƏT üzrə Helsinki Komissiyası “Qafqazda Münaqişələr: Həll Perspektivləri” başlıqlı dinləmə keçirildi. Konqres üzvü Maykl Burgess və Helsinki komissiyasında siyasi müşavir qismində çalışan Maykl Oksun vasitəçiliyi ilə keçirilən tədbirə Qafqaz üzrə Vaşinqtonun tanınmış ekspertləri dəvət olunmuşdular. Brukinqs İnstitutunun tədqiqatçısı Fiona Hill, Karnegi Beynəlxalq Sülh Fondunun eksperti Tom de Vaal və Amerika Xarici Siyasət Şurasının eksperti Veyn Merri Qafqazda dondurulmuş münaqişələrin həlli perspektivi və hərbi qarşıdurmanın yenidən alovlanması təhlükəsini müzakirə etdilər.

Fiona Hill Qafqazda cərəyan edən münaqişələri ərazi bütövlüyü və öz müqəddaratını müəyyən etmə prinsipləri arasında çəkişmə kimi dəyərləndirdi. 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi regionda balansı dəyişdirdi. Rusiyanın qəfildən Cənubi Ossetiya və Abxaziyanın müstəqilliklərini tanıması həm regionda, həm də beynəlxalq müstəvidə təlaş doğurdu. Qısa amma qanlı müharibə göstərdi ki, “dondurulmuş” sayılan münaqişələrin yenidən alovlanma şansları kifayət qədər yüksəkdir, və xarici qüvvələrin bu münaqişəyə cəlb olunması situasiyanı büsbütün nəzarətdən çıxara bilər. Fional Hill Şimali Qafqazda vəziyyətin tədricən gərginləşdiyini və buradakı ekstremal durumun Cənubi Qafqaza sirayət edəcəyi qənaətində olduğunu söylədi.

Tom de Vaal Dağlıq Qarabağ kimi bir çox regional münaqişələrin hələ Sovet İttifaqı dönəmində başladığını dinləmə iştirakçlarının nəzərinə çatdırdı. “Üç konflikt regionunun sakinləri heç zaman müstəqil Azərbaycan yə Gürcüstanda həyat görməyiblər. Onlar yalnız Sovet dönəmindəki respublikaları xatırlayırlar. Müasir nəsillərin bir-biri ilə təmasları yoxdur,” de Vaal bildirdi. Tərəflərin bir-birlərinə qarşı qəddarlıq törətdiklərini vurğulayan ekspertin sözlərinə sözlərinə görə bu növ münaqişələrdə mələk axtarmaq düzgün olmazdı.

Ermənistan müharibədə qalib çıxdığını israr edərək tutduğu ərazilərə iddialarından geri çəkilmək istəmir. O biri tərəfdən neft sərvətinə arxalanan Azərbaycan iqtisadi potensialını əsas gətirərək status kvonu öz xeyrinə dəyişdirəcəyini güman edir. Ən pisi isə odur ki, sülh danışıqları prosesi qapalı gedir və danışıqların predmetləri ictimaiyyətdən gizlədilir. Liderlər konfliktin həllindən daha çox öz siyasi mövqelərinin qorunmasında maraqlıdırlar. Belə bir dinamika Azərbaycan və Ermənistan cəmiyyətlərinin sülhə hazırlanmasının qarşısını alır. Bu üzdən də ATƏT Minsk Qrupunun həmsədr dövlətləri aydın etməlidirlər ki, müharibə variantı hər iki tərəfə baha başa oturacaq: “Minsk prosesi öz-özlüyündə qüsurlu deyil. Burada qlobal aktyorlar Fransa, Rusiya və ABŞ təmsil olunur. Amma Minsk qrupu 1990-cı illərdə malik olduğu avtoritetə sahib deyil. Həmin vaxt münaqişə tərəfləri zəif idilər. Zənnimcə, formatı dəyişmək yayındırıcı olardı. Əsas məzmundur.” De Vaalın sözlərinə görə vasitəçilərin funksiyası tərəfləri ortaq məxrəcə gətirməkdir. Sonda isə həll yolunu yalnız Azərbaycan və Ermənistan qarşılıqlı güzəşt yolu ilə müəyyən edə bilərlər.

Bu yaxınlarda Dağlıq Qarabağdan qayıtmış Veyn Merri hərbi təhlillə müşayiət olunan çıxışında müharibənin başlanmasına dair həyəcan təbili çaldı. Dağlıq Qarabağı dünyanın ən hərbiləşmiş regionlarından biri adlandıran Merri minalarla örtülmüş bu ərazidə çox sayda tank, zirehli maşın və artilleriya qurğularının cəmləşdiyini söylədi: “Mən Ağdamda cəbhə xəttindəki səngərdə idim. Azərbaycan qüvvələrindən 200 metr aralıda.” Merrinin sözlərinə görə, hər iki tərəfdə müharibənin labüdlüyünə dair qənaət formalaşıb, və tərəflər bir-birinin hərbi imkanlarını yanlış dəyərləndirərək hərbi vasitə ilə problemi həll edəcəklərinə ümid bəsləyirlər.

Çıxışında Veyn Merri Dağlıq Qarabağ münaqişəsinin perspektivləri barədə bir neçə tezis irəli sürdü. Merrinin sözlərinə görə hazırkı atəşkəs vəziyyəti sülhün möhkəmlənməsinə deyil, əksinə, müharibə ehtimalının artmasına xidmət göstərir. Soyuq Müharibə dönəmində ABŞ-la SSRİ arasında mövcud olan kommunikasiya xətlərinə oxşar komunikasiya Azərbaycan və Ermənistan arasında yoxdur. Bu, isə tərəflər arasında etimadın sıfır səviyyəsində olduğunu göstərir. Sülh prosesindən təcrid olunmuş cəmiyyətlərdə müharibə nəinki labüd perspektiv kimi qəbul olunur, bəzi hallarda arzu olunan nəticə təsiri bağışlayır.

Yüksək rütbəli kəşfiyyat və hərbi rəsmilərlə təmasda olduğunu vurğulayan Merri Amerikanın siyasi dairələrində də Dağlıq Qarabağ münaqişəsinin alovlanacağına dair narahatlıq olduğuna diqqət çəkdi. “Yeni müharibə 1991-94-cü ilə müharibəsinə bənzəməyəcək. O müharibə piyada əsgərlər arasında toqquşmalardan ibarət idi. Ara-sıra artilleriya və zirehli texnikadan istifadə olunurdu. O vaxtdan bəri Dağlıq Qarabağ əsl istehkama çevrilib – həm təbii topoqrafiya baxımdan, həm də eşelon müdafiə sistemi baxımdan. Qarabağ uğrunda yeni müharibə əslində mühasirə olacaq.” Merrinin sözlərinə görə vəziyyəti ağırlaşdıran başlıca faktorlardan biri Rusiyanın Ermənistana, Türkiyənin isə Azərbaycana qahmar çıxmasıdır ki, bu, da məhdud münaqişəni regional müharibəyə çevirə bilər.

Çıxışlardan sonra natiqlər arasında geniş fikir mübadiləsi oldu. Tom de Vaal yayda Bakıya səfər etdiyini və Azərbaycan ictimaiyyətinin müharibəyə can atmadığı qənaətinə gəldiyini söylədi. Veyn Merri xatırlatdı ki, son zamanlar cəbhə xəttində təlafatlar sürətlə artmaqdadır. Onun sözlərinə görə, hərbi münaqişənin öz məntiqi var ki, çox vaxt bu, gözləntilərə uyğun gəlmir. Sual-cavab sessiyasında Azərbaycan və Ermənsitanı təmsil edən şəxslər Dağlıq Qarabağ münaqişəsinə dair mövqelərini açıqladılar.

XS
SM
MD
LG