Accessibility links

ATƏT-in Minsk qrupu tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb


ATƏT-in Minsk qrupu tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb
ATƏT-in Minsk qrupu tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb

Həmsədrlər atəşkəs rejiminin möhkəmləndirilməsi üçün sentyabrın 6-dan 10-dək regionda səfərdə olacaq

ATƏT-in Minsk Qrupunun həmsədrləri, səfirlər İqor Popov (Rusiya), Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) bəyanatla çıxış edib.

Sənəddə deyilir ki, həmsədrlər “atəşkəs rejiminin möhkəmləndirilməsi üçün zəruri olan əlavə tədbirlərin” müzakirəsi məqsədilə sentyabrın 6-dan 10-dək regiona səfər edir.
Sentyabrın üçüncü həftəsində həmsədrlər Vaşinqtona, sonra isə Nyu-Yorkda olacaq. Məqsəd BMT-nin Baş Assambleyasının kuluarlarında tərəflərlə iş aparmaqdır.
Sentyabrın sonlarından oktyabrın ortalarına kimi həmsədrlər Dağlıq Qarabağa bitişik ərazilərdə humanitar vəziyyətə əməl olunmasının qiymətləndirilməsi üçün regiona qayıdacaq.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri daxil olmaqla, yüksək səviyyəli qrup həmsədrləri müşayiət edəcək və bu, onların həmin ərazilərdə ilk beynəlxalq missiyası olacaq.
Bundan sonra Minsk qrupunun həmsədrləri Vyanada işləri barədə hesabat verəcək, Astanada keçiriləcək ATƏT sammitinə hazırlıqla məşğul olacaq.
Həmsədrlər bütün tərəfləri atəşkəs rejiminə ciddi əməl etməyə, yerlərdə təmkinlik göstərməyə, irəliləyişə nail olmaqdan ötrü kompromis ruhunun möhkəmləndirilməsi üçün mümkün olan hər şeyi etməyə, kəskin bəyanatlardan çəkinməyə, həmçinin ciddi dialoqun başlanması ilə bağlı siyasi iradə nümayiş etdirməyə çağırıb. “Həmsədrlər cəbhə xəttində baş vermiş son insidenti qətiyyətlə pisləyir, adamların əbəs yerə ölümündən təəssüfləndiklərini bildirir”, - deyə bəyanatda qeyd edilir.

Bu ilin iyunundan başlayaraq Ermənistan-Azərbaycan cəbhəsində bir neçə silahlı insident qeydə alınıb. Son insident isə avqustun 30-da qeydə alınıb. Bütün hallarda hər iki tərəfin hərbçiləri həlak olub.

XS
SM
MD
LG