Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanatla çıxış edib


ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanatla çıxış edib
ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanatla çıxış edib

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq norma və prinsiplər, BMT Xartiyası, Helsinki yekun aktı əsasında yekun həllinin axtarışına tərəfdar olduqlarını bildirib

ATƏT-in Astana Sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olmayıb. Amma, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri (ABŞ, Rusiya və Fransa), Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanatla çıxış edib.
Sənəddə deyilir ki, Rusiya prezidenti Dmitri Medvedyev, Fransanın baş naziri Fransua Fiyon, ABŞ dövlət katibi Hillari Klinton, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə daha qətiyyətli səylərin atılması vaxtının çatdığını bildirib. “Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2008-ci il noyabrın 2-də Moskvada, 2010-cu il oktyabrın 27-də Həştərxanda qəbul etdikləri birgə bəyanatlarda bildiriblər ki, dinc, razılaşdırılmış nizamlanma sabitlik və təhlükəsizlik gətirəcək və region xalqlarına sülh gətirəcək yeganə yoldur.
Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq norma və prinsiplər, BMT Xartiyası, Helsinki yekun aktı, həmçinin prezidentlər Medvedyev, Sarkozi və Obamanın 10 iyul 2009-cu il və 26 iyun 2010-cu il tarixli bəyanatları əsasında yekun həllinin axtarışına tərəfdar olduqlarını bildirib”.
ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsi dinc nizamlanmanın axtarışında Azərbaycan və Ermənistan prezidentlərinə dəstək ifadə edir. Onlar iki ölkə liderini hələ də baza prinsiplərində qalan məsələlərə diqqəti yönəltməyə çağırıb.

Sənəddə həmçinin daha yaxşı danışıqlar atmosferinin yaradılması məqsədilə hər iki tərəfi atəşkəs rejiminin gücləndirilməsi üçün əlavə addımların atılmasına, bütün sahələrdə inam tədbirlərinin qəbuluna çağırıblar

Öz növbəsində, Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Sammitindəki çıxışında bildirib ki, mövcud Ermənistan-Azərbaycan münaqişəsi regionun təhlükəsizliyi üçün təhlükə olaraq qalmaqdadır. “Ermənistan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu işğal altında saxlamaqda davam edir. Danışıqları xoş niyyət şəraitində aparmaq əvəzinə, Yerevan gərginliyi artırmağa üstünlük verir”, - deyə o qeyd edib.
Dövlət başçısı bunlara baxmayaraq Azərbaycanın əvvəlki tək sülh danışıqlarına sadiq olduğunu və danışıqların nəticə verəcəyinə ümid etdiyini deyib. “Münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, ATƏT-in qərarlarına, Avropa Parlamentinin, Avropa Şurasının və digər təşkilatların qətnamələrinə əsaslanmalıdır. Lakin Ermənistan münaqişənin qısa zamanda həlli məqsədilə danışıqlar aparmaq əvəzinə konfliktin eskalasiyası yolu ilə getməyə üstünlük verir, atəşkəs rejimini pozur, işğal etdiyi ərazilərdə hərbi təlimlər keçirir, bizim şəhər və kəndlərimizin tarixi adlarını dəyişdirir, işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşma siyasəti aparır və sülh prosesini mənasız prosesə çevirməyə cəhd göstərir. Ermənistanın danışıqlar prosesində özünü aparması belə düşünməyə əsas verir ki, Ermənistan işğal etdiyi əraziləri azad etməyə can atmır, əksinə status-kvonu uzun müddət qorumaq və ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqları mənasız prosesə çevirmək istəyir. Danışıqlar 20 ildir aparılır, amma nəticə yoxdur. Biz danışıqları davam etdirməyə, ən qısa müddətdə başa çatdırmağa, beynəlxalq hüquq norma və prinsiplərinə, Azərbaycanın ərazi bütövlüyünə əsaslanan nəticə əldə etməyə hazırıq”, - deyə cənab Əliyev bildirib.

ABŞ dövlət katibi Hillari Klinton da Sammitdəki çıxışında deyib ki, Dağlıq Qarabağda münaqişənin tənzimlənməsinə dair səyləri bərpa etmək lazımdır. “Bu səylər Minsk qrupunun himayəsi ilə hazırlanmış mühüm prinsiplərə əsaslanmalıdır. Minsk qrupunun həmsədr ölkələri adından bir daha təkrar etmək istəyirəm ki, ədalətli və davamlı sülhün əsasını Helsinki prinsipləri, eləcə də 2009-cu il iyulun 10-da Akvilldə prezidentlər Dmitri Medvedev, Nikola Sarkozi və Barak Obama tərəfindən işlənib hazırlanmış və 2010-cu il iyunun 26-da Moskvada bir daha təkrarlanmış 6 elementə əsaslanmalıdır”.
ABŞ dövlət katibinin fikrincə, elementlərə tam halda əməl edilməlidir. “Həmin elementlərdən bəzilərini seçməyə və digərlərini kənara qoymağa yönəlmiş hər hansı cəhd münaqişənin həllinə nail olmağa imkan verməyəcək”.

XS
SM
MD
LG