Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədrləri ATƏT-in Astana sammitinə hazırlaşır


ATƏT-in Minsk qrupunun həmsədrləri ATƏT-in Astana sammitinə hazırlaşır
ATƏT-in Minsk qrupunun həmsədrləri ATƏT-in Astana sammitinə hazırlaşır

Minsk qrupunun həmsədrləri regionda səfərdədir

ATƏT-in Minsk qrupunun həmsədrləri amerikalı Robert Bradke, fransalı Bernar Fasye, rusiyalı İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik bu gün Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ətrafında fikir mübadiləsi aparıb.

Xatırladaq ki, bu ilin iyunundan başlayaraq Ermənistan-Azərbaycan cəbhəsində bir neçə silahlı insident qeydə alınıb. Son insident isə avqustun 30-da olub. Bütün hallarda hər iki tərəfdən hərbiçilər həlak olub.

Həmsədrlərin dünən yaydığı bəyanatında deyilir ki, həmsədrlər “atəşkəs rejiminin möhkəmləndirilməsi üçün zəruri olan əlavə tədbirlərin” müzakirəsi məqsədilə sentyabrın 6-dan 10-dək regiona səfər edir.
Sentyabrın üçüncü həftəsində həmsədrlər Vaşinqtona, sonra isə Nyu-Yorkda olacaq. Məqsəd BMT-nin Baş Assambleyasının kuluarlarında tərəflərlə iş aparmaqdır.
Sentyabrın sonlarından oktyabrın ortalarına kimi həmsədrlər Dağlıq Qarabağa bitişik ərazilərdə humanitar vəziyyətə əməl olunmasının qiymətləndirilməsi üçün regiona qayıdacaq.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri daxil olmaqla, yüksək səviyyəli qrup həmsədrləri müşayiət edəcək və bu, onların həmin ərazilərdə ilk beynəlxalq missiyası olacaq.
Bundan sonra Minsk qrupunun həmsədrləri Vyanada işləri barədə hesabat verəcək, Astanada keçiriləcək ATƏT sammitinə hazırlıqla məşğul olacaq.
Həmsədrlər bütün tərəfləri atəşkəs rejiminə ciddi əməl etməyə, yerlərdə təmkinlik göstərməyə, irəliləyişə nail olmaqdan ötrü kompromis ruhunun möhkəmləndirilməsi üçün mümkün olan hər şeyi etməyə, kəskin bəyanatlardan çəkinməyə, həmçinin ciddi dialoqun başlanması ilə bağlı siyasi iradə nümayiş etdirməyə çağırıb. “Həmsədrlər cəbhə xəttində baş vermiş son insidenti qətiyyətlə pisləyir, adamların əbəs yerə ölümündən təəssüfləndiklərini bildirir”, - deyə bəyanatda qeyd edilir.

ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxstanın xarici işlər naziri Kanat Saudabayev də Ermənistan-Azərbaycan cəbhəsindəki son insidentlərlə bağlı bəyanatla çıxış edib. “Qarabağ münaqişəsinin təmas xətti boyunca atəşkəs haqqında sazişin bu yaxınlarda pozulmasını qətiyyətlə pisləyirəm. Hər iki tərəfdən qurbanların sayının artmasından narahatam.
Qeyd edirəm ki, atəşkəs haqqında sazişin pozulması daha konstruktiv dialoq üçün imkanları məhdudlaşdırır və Minsk Konfransı çərçivəsində danışıqlar prosesinin pozulmasına gətirib çıxara bilər. Bununla əlaqədar olaraq, münaqişə tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə ciddi şəkildə riayət etməyə və açıq-aşkar təhriklərdən çəkinməyə çağıran ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını dəstəkləyirəm.
Astana sammitinə qədər ATƏT-in Minsk qrupu həmsədrlərinin səyləri yalnız o halda uğurlu olar ki, bütün münaqişə tərəfləri irəliləyiş əldə edilməsinə həqiqətən maraq göstərsinlər”, - deyə bəyanatda qeyd edilib.

XS
SM
MD
LG