Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda olub


ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda olub
ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda olub

Şöbə müdiri Novruz Məmmədov: “Azərbaycanın qarşısına qoyduğu əsas vəzifə Dağlıq Qarabağ münaqişəsini sülh və danışıqlar yolu ilə ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdır.”

ATƏT-in Minsk qrupunun həmsədrləri Moskvadan Bakıya gəlib. Həmsədrlər Azərbaycan rəhbərliyi ilə işgüzar görüş keçirdikdən sonra sonra Yerevana yola düşüb.

Həmsədrlər ATƏT-in Astana sammiti ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyəti müzakirə edib və dekabrın 1-2-də Qazaxıstan paytaxtında açıqlanacaq razılaşmaları müzakirə edəcək.
Minsk qrupunun həmsədrləri noyabrın 24-də Moskvada Rusiya xarici işlər naziri ilə müzakirə aparıb.

Fransalı həmsədr Bernar Fasye Bakıda deyib ki, ATƏT ölkələrinin dövlət başçılarının Astana görüşü çox vacibdir və görüşə ciddi hazırlaşırlar. “Bu gün Azərbaycan prezidenti ilə görüşəcəyik, sabah Yerevana uçacağıq”.

ATƏT dövlət başçılarının Astana toplantısından gözləntilər barədə isə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Yeni Azərbaycan” partiyasının saytına müsahibəsində deyib ki, Azərbaycanın qarşısına qoyduğu əsas vəzifə Dağlıq Qarabağ münaqişəsini sülh və danışıqlar yolu ilə ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdır: “ATƏT-in Minsk qrupunun həmsədri Rusiya daha çox aktivlik nümayiş etdirir. Son görüşlərin təşkil olunması da bu fikri bir daha sübuta yetirir. Qeyd edim ki, son zamanlar ATƏT də Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək üçün aktivlik nümayiş etdirir. Təşkilatın sədri münaqişənin tezliklə və beynəlxalq hüquq normalarına uyğun həll olunmasını istəyir. Göründüyü kimi, bu gün dünya birliyi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Lakin Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi münaqişənin həllinə mane olur”.

Şöbə müdirinin fikrincə, ATƏT-in Astana sammitində Dağlıq Qarabağ münaqişəsinə müəyyən münasibət bildirilməli, qətiyyətli mövqe ortaya qoyulmalıdır. “Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) adında təhlükəsizlik sözü birbaşa Cənubi Qafqaza aiddir. Amma təəssüflər olsun ki, mənim şəxsi mövqeyimə görə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı münaqişənin həllində vasitəçiliyi həmsədrlərə tapşıraraq, onların arxasında durub qətiyyətli mövqe nümayiş etdirmədən problemin həllinə ehtimal prinsipindən yanaşır. Bu böyük təşkilat qarşısına qoyduğu vəzifənin həyata keçirilməsi, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması naminə çox ciddi addımlar atmalı, sənədlər qəbul etməli və Ermənistana təzyiqləri artırmalıdır”.

O hesab edir ki, ATƏT-in etibarlı və güclü tərəfdaşı kimi, dünyada sülh və təhlükəsizliyin təmin olunması prosesində xüsusi rolu olan dövlət kimi ABŞ da qətiyyətli mövqe ortaya qoymalıdır. “Əlbəttə ki, ABŞ-da qondarma “respublikanın prezidentinin” şəhər meri tərəfindən qəbul edilməsi Azərbaycanla ABŞ arasındakı münasibətlərin ruhuna uyğun deyil. Axı bu məsələ beynəlxalq hüquqda da qəbul edilməyən bir proses kimi göstərilir. Təbii ki, belə hallar olmamalıdır. Biz ABŞ-ın ədalətin bərpa olunması, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması prosesində aktiv iştirakını istəyirik. Əlbəttə ki, ABŞ-dan bu cür mövqeni ATƏT-in sammitində də ortaya qoymasını gözləyirik”, - deyə o qeyd edib.

XS
SM
MD
LG