Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədrləri yenidən regiona gəlib


ATƏT-in Minsk qrupunun həmsədrləri yenidən regiona gəlib

ATƏT-in Minsk qrupunun həmsədrləri yenidən regiona gəlib

Həmsədrlər Ermənistanda və Azərbaycanda görüşlər keçirir. Onlar münaqişənin sülh yolu ilə həllinin baza prinsiplərinin razılaşdırılmasına istiqamətlənmiş səyləri gücləndirmək istəyir

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və Robert Bradtke (ABŞ) Bakıya gəlib. Həmsədrlər xarici işlər naziri Elmar Fransalı həmsədr Bernar Fasye bildirib ki, prezident İlham Əliyevlə görüşdükdən sonra danışıqlarla bağlı açıqlama verəcəklər.

Həmsədrlər Bakıya gəlməmişdən öncə Ermənistanda prezident, xarici işlər və müdafiə nazirləri ilə görüşlər keçirib.

“Dünən və srağagün Yerevanda olmuşuq. Orada Ermənistan prezidenti, xarici işlər və müdafiə nazirləri ilə görüşmüşük. Biz missiyanın tən ortasındayıq. Sabah Azərbaycan prezidenti, xarici işlər naziri və imkan olsa, müdafiə naziri ilə görüşmək niyyətindəyik. Bizim missiyamızın məqsədi münaqişənin sülh yolu ilə həllinin baza prinsiplərinin razılaşdırılmasına istiqamətlənmiş səyləri gücləndirməkdir”, - deyə fransalı həmsədr Bernar Fasye jurnalistlərə bildirib.

Xatırladaq ki, Azərbaycan münaqişənin baza prinsipləri ilə bağlı yenilənmiş Madrid sənədini qəbul etdiyini dəfələrlə bəyan edib. Azərbaycan bu bəyanatla çıxış etdikdən sonra tərəflər Rusiyanın təşəbbüsü ilə prezidentlər və xarici işlər nazirləri səviyyəsində dəfələrlə görüşlər keçirib. Bunlara baxmayaraq, Ermənistan hələ yenilənmiş Madrid sənədini qəbul etdiyini bəyan etməyib. Azərbaycan tərəfi Ermənistanı münaqişənin nizamlanması prosesini uzatmaqda günahlandırıb.

Eyni zamanda son dövrlər beynəlxalq ekspertlər danışıqlar prosesinin nəticə vermədiyi təqdirdə dağıdıcı və uzunmüddətli müharibənin yenidən alovlanacağını düşünür. Beynəlxalq Böhran qrupunun hesabatında deyilir ki, tərəflər sürətlə silahlanmaqda davam edir, müxtəlif çaplı silah, sursat ehtiyatı yaradır. Hər iki ölkənin nəzarətində olan hərbi potensialı uzunmüddətli müharibə üçün yetərlidir.

Xatırladaq ki, Ermənistan-Azərbaycan münaqişəsinin baza prinsiplərinin müəyyənləşdirilməsi üzrə Praqa prosesi 2004-cü ildə başlayıb. Sonradan sənədin üzərində dəqiqləşdirilmələr aparılıb və 2009-cu ilin dekabrında ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə tərəflərinə yenilənmiş Madrid sənədini təqdim edib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dəfələrlə Azərbaycanın sənədi qəbul etdiyini bəyan edib.

Nazir Məmmədyarov hələ 2010-cu ilin mayında mətbuata bildirib ki, sənəddə hansı mərhələdə, hansı addımların atılacağı qeyd olunub. “Sənədə görə, ilk növbədə Ermənistan 5 rayondan, üstəgəl Laçının 13 kəndindən qoşunlarını çıxarmalıdır. Sonra bütün sərhədlər və kommunikasiyalar açılır, donor konfransı keçirilir, torpaqlar, kommunikasiyalar bərpa olunur, proqramların həyata keçirilməsinə başlanır, oraya qayıdacaq məcburi köçkünlərin təhlükəsizlik problemləri çox vacib olduğundan, təhlükəsizlik baxımından beynəlxalq müşahidəçilər məsələsi həll olunur. Daha sonra Laçın və Kəlbəcərdən qoşunlar çıxarılır və nəhayət bütün yollar açılır. Azərbaycanlı icması Qarabağa qayıtdıqdan sonra imkan yaranacaq ki, sonuncu mərhələ - Qarabağın statusunun müəyyənləşdirilməsi prosesi başlansın. Qarabağın statusunun müəyyənləşməsi Azərbaycan üçün çox vacibdir. Qarabağ Azərbaycan torpağıdır, düzgün deyil ki, Azərbaycanın hansısa ərazisi onun inzibati nəzarətindən çıxsın. Əlbəttə, biz deyirik ki, bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olsun. Öz müqəddəratını təyin etməyə gəldikdə, bu məsələ də beynəlxalq hüququn bir hissəsidir. Amma bu o demək deyil ki, ərazi bütövlüyü pozula bilər", - deyə nazir bildirib.

XS
SM
MD
LG