Accessibility links

Audronyus Ajubalis: Azərbaycanda mətbuat azadlığı və mediaya dəstək əsas məqsədlərdən biridir


Audronyus Ajubalis: Azərbaycanda mətbuat azadlığı və mediaya dəstək əsas məqsədlərdən biridir

Audronyus Ajubalis: Azərbaycanda mətbuat azadlığı və mediaya dəstək əsas məqsədlərdən biridir

Cənab Ajubalis danışıqlarda Ermənistan-Azərbaycan münaqişəsi, demokratiya, insan hüquqları, media azadlığı məsələlərinin diqqət mərkəzində olduğunu deyib

ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Azərbaycana səfəri zamanı prezident İlham Əliyev, Milli Məclisin sədri, Xarici İşlər naziri, siyasi partiya rəhbərləri, vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər keçirib. O səfərinin yekunları ilə bağlı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında görüşlərinin yekunlarından razı qaldığını bildirib.

Cənab Ajubalis danışıqlarda Ermənistan-Azərbaycan münaqişəsi, demokratiya, insan hüquqları, media azadlığı məsələlərinin diqqət mərkəzində olduğunu deyib.

Onun fikrincə, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşü Qarabağ nizamlanması üzrə gələcək əməkdaşlıq üçün əsas yaradır. “Soçi görüşü gələcəkdə danışıqların daha perspektivli olması üçün əsasdır. Ən əsası isə danışıqların davam etdirilməsinin qarşısını alan amillərin aradan qaldırılmasıdır. Snayperlərin təmas xəttindən çəkilməsi zəruridir. Beynəlxalq ictimaiyyət bu fikri dəstəkləyir. Sonuncu fakt da bu zərurəti bir daha təsdiq edir”, -deyə Ağdam rayonunda azərbaycanlı uşağın həlak olmasını nəzərdə tutan ATƏT sədri bildirib.

Cənab Ajubalis qeyd edib ki, Astana Sammitinin qətnaməsinə uyğun olaraq üzv dövlətlər demokratiya ilə bağlı məqsədlərini açıq göstərməlidir. “Bu həm də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun tövsiyələrində əksini tapıb. Bununla bağlı, Azərbaycan Milli Məclisində çox müsbət şəkildə danışılıb. Əminəm ki, bu danışılar bəhrəsini verəcək. Litvanın ATƏT-də sədrliyi dövründə mətbuat azadlığı və mediaya dəstək əsas məqsədlərdən biridir. ATƏT-in Mətbuata Azadlığı üzrə nümayəndəsi Dünya Mijatoviç və digər ekspertlər problemin həllində kömək etməyə hazırdır. Bildiyim qədər, diffamasiyaya görə, cinayət məsuliyyətinin aradan qaldırılması ilə bağlı məsələsinin müzakirəsi başlayıb və ümid edirəm ki, proses müsbət həllini tapacaq. ATƏT Azərbaycanda korrupsiyaya qarşı aparılan tədbirləri dəstəkləyir”.

O Amerikanın səsi radiosunun Azərbaycanda demokratiyanın durumu ilə bağlı sualının cavabında deyib ki, ATƏT demokratiyanın inkişafında Azərbaycana yardımı etməyə hazırdır.

“Biz, ATƏT-in demokratiya sahəsində ekspertlərinin Azərbaycana yardımını təklif edə bilərik. Seçki Məcəlləsinin təkmilləşdirilməsi, media azadlığı və siyasi partiyalar arasında dialoq işlərini davam etdirəcəyik”, - deyə cənab Ajubalis qeyd edib.

ATƏT sədri siyasi partiya rəhbərləri ilə görüşdə bildirib ki, Azərbaycan Avropanın ən yaxın tərəfdaşı olmaq üçün təhlükəsizlik və enerji baxımından böyük potensiala malikdir. Görüşdə Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Yeni Azərbaycan, Müsavat, Xalq Cəbhəsi, Liberal, Ümid partiyalarının nümayəndələri iştirak edib.

“Lakin bunun üçün demokratiya sahəsində irəliləyiş əldə olunmalıdır. Ölkədə siyasi plüralizm, mətbuat, ifadə, toplaşmaq azadlıqlarının təminatı vacibdir. Demokratiyanın əsası isə azad seçkilərdir. Son parlament seçkiləri göstərdi ki, bu sahədə mühüm demokratik inkişafa zərurət var. Siyasi partiyaların mediaya sərbəst çıxışı olmalıdır. Siyasi partiyaların həm parlamentdə, həm də parlamentdən kənarda aktiv siyasi fəaliyyət göstərməsi üçün şərait yaradılmalıdır. “Siyasi partiyalar haqqında” qanunvericilik təkmilləşdirilməlidir. Təbii ki, demokratiyanın bərqərar olması 1-2 ilin işi deyil, uzun prosesdir. Lakin bu proses ardıcıl olmalıdır”.

Demokratik İslahatlar Partiyasının lideri Asim Mollazadə diqqəti Azərbaycanda toplaşma azadlığı ilə bağlı problemə yönəldib. Onun sözlərinə görə, Bakıda siyasi partiyaların aksiyalarını keçirə bilməsi, bu və ya digər məsələlərlə bağlı mövqeyini ifadə etməsi üçün yer hələ də müəyyən edilməyib.

Eyni zamanda, cənab Mollazadə qeyd edib ki, münaqişələr regionda demokratiyanın inkişafına mane olan ümumi problemdir. “ATƏT günahsız insanların ölümünə bais olan münaqişələrin nizamlanmasına diqqəti artırmalıdır. Bu günlərdə, Ağdamda qətlə erməni ordusunun mövqeyindən açılan atəş nəticəsində 9 saylı azərbaycanlı oğlanın öldürülməsi də ATƏT-in fəaliyyətinin artırılmasının vacibliyini göstərir”.

Ədalət Partiyasının sədri İlyas İsmayılov ATƏT-in Qarabağ münaqişəsinin nizamlanmasına yanaşmasının qeyri-düzgün olduğunu deyib. Belə ki, bu yanaşmada ərazi bütövlüyü prinsipi və millətin öz müqəddəratını təyinetmə hüququnun birləşdirilməsi nəzərdə tutulur. “Bu yanaşma ilə, ermənilər çoxsaylı dövlət yarada bilər. Çünki, Rusiyanın Stavropol, Krasnodar vilayətlərində, Amerikanın Kaliforniya ştatında vı digər ölkələrdə də ermənilər kompakt halda yaşayır. Erməni xalqı artıq öz müqəddəratını təyin edib və Ermənistan dövləti yaradıb”.

Amerikanın Səsi radiosu görüşdə iştirak edən müxalifət və iqtidar partiyalarının rəsmilərinə martın 11-i və 12-də keçirilən etiraz aksiyaları ilə bağlı sualla müraciət edib. YAP sədrinin müavini Əli Əhmədov bildirib ki, istənilən kütləvi aksiya, o cümlədən etiraz aksiyaları qanunauyğun şəkildə və icazə alınaraq həyata keçirilməlidir. “İcazə alınmadan bu və ya digər yerlərdə keçirilən aksiyalar qanunauyğun deyil və qarşısı qanunauyğun olaraq alınacaq”.

Cənab Əhmədov etiraz aksiyaları zamanı irəli sürülən korrupsiya, rüşvətxorluğa qarşı mübarizə, azad seçkilər və demokratiya ilə bağlı şüarlar barədə bildirib ki, korrupsiya və rüşvətlə bağlı Azərbaycan prezidenti də mövqeyini açıqlayıb. “YAP olaraq biz, cənab prezidentin mövqeyini dəstəkləyirik. Seçki məsələsinə gəlincə, ötən ilin noyabrında Azərbaycanda parlament seçkiləri keçirilib və seçicilər öz mövqeyini ifadə edib. Hesab edirəm ki, seçkilərdə uduzanların seçkilərin nəticələrini qəbul etməməsi ənənəsinə Azərbaycanda nəhayət ki, son qoyulmalıdır”, - o vurğulayıb.

Öz növbəsində, Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib ki, Azərbaycan Konstitusiyasında və qanunlarında icazəli mitinq, icazəli aksiya ifadəsi yoxdur. “12 mart aksiyası tamamilə konstitusiyaya uyğun şəkildə vətəndaşların sərbəst toplaşmaq hüququnu gerçəkləşdirmək təşəbbüsü kimi qiymətləndirilməlidir. Təşəbbüs çox uğurlu alındı və vətəndaşların marağına, ölkənin demokratikləşməsinə, gələcəyinə xidmət edir”, - deyə o bildirib.

XS
SM
MD
LG