Accessibility links

Vaşinqtonda tədbir - "Ermənistanın Siyasətində Trendlər" [Video]


Karnegi Sülh Fondunda “Ermənistanın Siyasətində Trendlər” başlıqlı tədbir keçirilib. Tədbirdə Ermənistanda yerləşən Qafqaz İnstitutundan Sergey Minasyan ölkənin xarici və daxili siyasətində inkişaf trendlərindən danışıb.

Bu yaxınlarda dərc etdiyi kitabın əsas qayəsini auditoriyaya izah edən cənab Minasyan Ermənistanın hazırkı mövqeyini Soyuq Müharibə dönəmində Finlandiyanın oynadığı rola bənzədib. Onun sözlərinə görə yerevan istər yaxın müttəfiqi Rusiya, istərsə də ətraf qonşuları ilə normal münasibətlər saxlamağa can atır və anlayır ki, istənilən istiqamətə ifrat meyl ölkə üçün arzuedilməz nəticələrə gətirib çıxara bilər. Müəllif hesab edir ki, balanslı siyasətin uğuru Ermənistanın Rusiyadan iqtisadi müstəqilliyini nə dərəcədə təmin edəcəyindən asılıdır.

Amerikanın Səsinə müsahibədə ekspert Ermənistanın Avrasiya İttifaqına qoşulmasının ölkənin xarici siyasətinə, əsasən də Dağlıq Qarabağ münaqişəsinə mümkün təsirləri barədə sualı cavablandırıb.

Sergey Minasyan: “İlk olaraq demək istəyirəm ki, Ermənistan dövlətinin keçən il Avrasiya İttifaqına qoşulması qərarı əsas olaraq Qarabağ münaqişəsində təhlükəsizlik səbəblərinə görə verilib. Ermənistanın Rusiya ilə əvvəlki hərbi əlaqələrinin həsas olması, onun ittifaqa qoşulmasının iqtisadi səbəblərdən deyil, təhlükəsizlik səbəbləri olduğu güman edilir.”

Cənab Minasyan Ermənistanın xairici siyasətinin sabit olduğunu, Avrasiya və digər təşkilatlarla əməkdaşlığın bu kursu dəyişdirəcəyini düşünmədiyini bildirib.

Sergey Minasyan: "Ermənistanın hərbi və siyasi əlaqələrdə Rusiya ilə balanslı siyasət yürüdür və digər tərəfdən Avropa və Birləşmiş Ştatlar ilə siyasi və iqtisadi əməkdaşlığı da davam etdirməyə çalışır. Buna Ermənistanın NATO və ya ABŞ rəhbərliyinin təşəbbüsü altında sülhməramlı əməkdaşlıqda iştirakı misal gətirilə bilər."

Tədbirin moderatoru Tomas de Vaal bildirib ki, Ermənistanın Finlandiya modeli olması reallıqdan çox arzudur. Belə ki, Findlaniyadan fərqli olaraq Ermənistanın yaxın qonşu dövlətlərlə ciddi problemləri var. Vəziyyəti ağırlaşdıran başqa amil isə bir il öncə Yerevanın Avropa İttifaqı ilə assosiasiya razılığını rədd etməsidir.

XS
SM
MD
LG