Accessibility links

Avropa Komissiyası “Avropa Qonşuluq Siyasəti” layihəsində iştirak edən ölkələrdə tərəqqiyə dair illik hesabatını açıqlayıb.

Hesabatda 2013-cü ilin Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərdə həlledici il olduğu deyilir və viza rejiminin sadələşdirilməsi və mobil tərəfdaşlıq haqda sazişlərin imzalandığını göstərilir. Sənəddə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın davam etdirildiyi qeyd edilir.

Bununla belə, Avropa Komissiyası 2013-cü ildə Azərbaycanda demokratik idarəetmə və insan haqları sahəsində islahatların aparılmasında az inkişafın olduğunu bildirilir. Sənəddə prezident seçkilərinin təşkili ciddi narahatlıq doğurub, ifadə, sərbəst toplaşma azadlıqlarının məhdudlaşdırılması da daxil olmaqla ciddi problemlər aşkarlandığı qeyd edilir.

Hesabatda deyilir ki, Azərbaycan tərəf dövlət fondlarının idarə edilməsi ilə bağlı məsələləri ünvanlayıb və korrupsiyaya qarşı mübarizə məqsədilə tədbirlər görərək, 2013-cü ildə illik hesabatda verilmiş tövsiyələri qismən yerinə yetirib.

Bununla belə Avropa Komissiyasının hesabatında Azərbaycanın seçki qanununu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sərbəst toplaşma azadlığı və vətəndaş cəmiyyətinin hərtərəfli fəaliyyəti ilə bağlı tövsiyələrinə uyğunlaşdırmadığı və defamasiya haqda qanunu qəbul etmədiyi qeyd edilir.

Avropa Komissiyası 2014-cü ildə Avropa Qonşuluq Siyasəti fəaliyyət planında Azərbaycana bir sıra tövsiyələr edib. Buraya Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın üzərinə götürdüyü öhdəliklər və təəhhüdlərin yerinə yetirilməsi ilə bağlı 2013-cü ilin yanvarında qəbul edilmiş qətnamənin effektiv və əhatəli icrası, 2011-ci ilin dekabrında insan hüquqlarına dair fəaliyyət planının yerinə yetirilməsinin davam etdirilməsi, qarşıdan gələn bələdiyyə və parlament seçkilərindən öncə seçki qanunvericiliyinin ATƏT/DTİHB-in tövsiylərinə uyğunlaşdırılması daxildir.

Sənəddə həmçinin Azərbaycan tərəfə məhkəmə sistemində islahatların davam etdirilməsi, böhtanın dekriminallaşdırılması məqsədilə defamasiya haqda qanunun qəbul edilməsi, jurnalistlər və fəalların təqib olunması və qətlə yetirilməsi ilə bağlı təhqiqat işinin sürətləndirilməsi kimi bir sıra tövsiyələr verilir.

Avropa Komissiyasının hesabatında bəzi məsələlərə xüsusi diqqət yetirilməli olduğu bildirilir. Sənəddə deyilir ki, 2011-ci ildə İnsan Hüquqlarına dair Fəaliyyət Planının qəbul edilməsinə baxmayaraq, bəzi maddələr hələ də kağız üzərində qalır. Bu xüsusda seçki öncəsi siyasi azadlıqların demək olar bütün sahələrdə məhdudlaşdırılması, ifadə azadlığının azalması, jurnalistlərə və fəallara qarşı təzyiqlərin artması, sərbəst toplaşma azadlığının məhdudlaşdırılması və QHT-lərlə bağlı məhdudlaşdırıcı qanunun qəbul edilməsi göstərilir.
XS
SM
MD
LG