Accessibility links

Avropa İttifaqı : Miqrantlar kütləvi şəkildə deportasiya olunmayacaq


Türkiyə bu həftə Yunanıstandan deportasiya olunan miqrantların ikinci qrupunu qəbul etməyə hazırlaşır. Avropa İttifaqı rəsmiləri isə miqrantların sığınacağa müraciət etmədən “avtomatik olaraq geri göndərilməyəcəklərini” bildirib.

Bu açıqlama bazar ertəsi Yunanıstanın Lesbos adasından deportasiyaların başlamasına cavab olaraq Avropa İttifaqını qaçqınları sığınacaq axtarmaq haqlarından məhrum etməkdə ittiham edən bir qrup beynəlxalq insan haqları fəalının etirazından sonra verilib.

Miqrantlar Avropa İttifaqı ilə Türkiyə arasında əldə olunan razılığa etiraz edir
Miqrantlar Avropa İttifaqı ilə Türkiyə arasında əldə olunan razılığa etiraz edir

“İndividual səviyyədə yoxlamalar olacaq. Avtomatik olaraq heç kəs geri göndərilməyəcək. Hər kəsə sığınacaq üçün müraciət etmək imkanı tanınacaq,” deyə Avropanın Sığınacaqlara Dəstək Ofisinin (EASO) sözçüsü Jan-Pyer Şembri bildirib.

Şembri deportasiyalara etirazlardan sonra çərşənbə günü sığınacaq haqda müraciət prosedurlarının həyata keçirilməsi üçün Lesbos adasına gələn EASO işçi heyətinin 70 üzvündən biridir. Deportasiyalar miqrant böhranını həll etmək məqsədilə Avropa İttifaqı və Türkiyə arasında əldə olunan razılığa əsasən həyata keçirilir.

Lesbosda etiraz edənlər arasında kaliforniyalı hüquqşünas Kavita Kapur da olub. O bu həftənin əvvəli deportasiya edilənlərlə əlaqə saxlayıb.

“Ən böyük problem odur ki, Türkiyəyə geri göndərilən miqrantlar bunun baş verəcəyindən deportasiya edilmədən sadəcə bir neçə saat əvvəl xəbər tutub,” deyə o, Amerikanın Səsinə bildirib.

Ən böyük problem odur ki, Türkiyəyə geri göndərilən miqrantlar bunun baş verəcəyindən deportasiya edilmədən sadəcə bir neçə saat əvvəl xəbər tutub.
Kavita Kapur

“Onlara sığınacaq üçün müraciət etmək haqqı tanınmalı idi. Onlara “Haqlarınızı Tanıyın” adlı kağız ingilis dilində verilib. Onlar tərçüməçilərlə təmin edilməyib. Biz könüllülərə sığınacaq üçün müraciət etmək istədiklərini deyənlərə isə bu imkan verilməyib,” deyə Kapur qeyd edib.

Avropa İttifaqı rəsmiləri bu narahatlıqları azaltmağa və prosesin şəffaf, ədalətli və ya humanist şəkildə aparılmadığına dair ittihamları ünvanlamağa çalışır.

Şembri deyir ki, Aİ-nın sığınacaq rəsmiləri sığınacaq üçün müraciət edən hər bir şəxsin problemlərini nəzərə alacaqlar. Beləliklə də, fəalların deportasiya edilən miqrantların çox sayda insan haqları pozuntularının qeydə alındığı Türkiyəyə göndərilməsi ilə bağlı narahatlıqları ünvanlanacaq.

Miqrantlar Yunanıstanın Lesbos adasından deportasiya edilir
Miqrantlar Yunanıstanın Lesbos adasından deportasiya edilir

Sığınacaq üçün münasib görülməyənlər isə beş gün ərzində bu qərarla bağlı appelyasiyaya müaricət edə biləcək.

Sığınacaq müraciətləri ilə bağlı yeni prosedurlar Moria düşərgəsində məskunlaşan 3 mindən çox miqrantın yerləşdirilmə prosesini ləngidəcək.

Avropa İttifaqı rəsmiləri 1000-ə yaxın miqrantın sığınacaq üçün müraciət etmək istədiyini bildirdiyini deyir. Cümə axşamından başlayaraq rəsmilər gündə 50 ərizəni nəzərdən keçirə biləcək. Yunanıstan rəsmiləri isə hər gün Türkiyədən adaya 300-5000 arası miqrantın gəlməyə davam etdiyi deyir.

XS
SM
MD
LG