Accessibility links

Avropa Komissiyası Bakıda struktur dialoqu konfransı keçirib


Avropa Komissiyası Bakıda struktur dialoqu konfransı keçirib

Avropa Komissiyası Bakıda struktur dialoqu konfransı keçirib

Struktur Dialoqu” konfransında Avropa İttifaqına və Avropanın qonşuluq siyasətinə daxil olan 17 ölkədən 120 nümayəndə, o cümlədən Ermənistandan nümayəndələr iştirak edib

Avropa Komissiyasının dəstəyi ilə Bakıda keçirilən “Struktur Dialoqu” konfransı çərçivəsində “Yerli hakimiyyətlər inkişafda” mövzusu ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə Avropa İttifaqına və Avropanın qonşuluq siyasətinə daxil olan 17 ölkədən 120 nümayəndə, o cümlədən Ermənistandan nümayəndələr iştirak edib.
İlk öncə qeyd edilib ki, konfransın regionda baş verən son hadisələrlə əlaqəsi yoxdur. “Konfrans hadisələrdən xeyli əvvəl hazırlanıb. Amma baş verən hadisələr bir daha dialoqun vacibliyini göstərir. Hesab edirik ki, hökumətlər imkan yaradarsa, vətəndaş cəmiyyətləri vaxtında qorxmadan sözünü deyər” , - Avropa Komissiyasının Bakı ofisinin rəhbəri Roland Kobia qeyd edib.
O, Azərbaycanın beynəlxalq təşkilatlar üçün açıq ölkə olduğunu qeyd edib və ölkədə yerli hakimiyyət rolunu əsasən icra hakimiyyətləri institutunun oynadığını diqqətə çatdırıb. “Avropa Birliyi yerli icra hakimiyyətləri ilə əməkdaşlıq şəraitində bir çox layihələr reallaşdırır. Məsələn, bu günlərdə peşə təhsili ilə bağlı layihəni başa çatdırdıq. Əlil uşaqlarla bağlı da layihə həyata keçiririk. Turizm sahəsində də layihələrimiz var”, - o bildirib.
Prezident Administrasiyasının təmsilçisi Ərəstun Mehdiyev Azərbaycanda yerli hakimiyyət institutlarının yaranması yolunun çətinliklərini diqqətə çatdırıb: “Ölkədə ilk bələdiyyə seçkisi 1999-cu ildə keçirilib. Vətəndaş cəmiyyətləri ilə dövlətin dialoqu çətin bir yol keçib. Amma sonradan bu dialoq qarşılıqlı əməkdaşlıq səviyyəsinədək inkişaf edib. Hazırda isə dialoq qarşılıqlı tərəfdaşlıq mərhələsindədir. Vətəndaş cəmiyyətləri ilə bağlı qanunvericilik bazası yaradılıb, hökumət vətəndaş cəmiyyətinin inkişafı üçün maliyyə vəsaiti ayırır.
Avropa İttifaqının nümayəndələri yerli hakimiyyətlərin demokratiyanın inkişafında, əhalinin problemlərinin həllində mühüm rolunu qeyd edib. “Avropa İttifaqı hesab edir ki, yerli hakimiyyətlər siyasətin mühüm hissəsini təşkil edir. Yerli hökumətlər yerli ehtiyacları daha yaxşı bilir və insanların ehtiyaclarının ödənilməsində mühüm rol oynayır. Onlar demokratik seçki yolu ilə seçilir və insanlara yaxşı xidmət etməyəndə seçilmirlər. Bu baxımdan hökumətlə dialoqda parlamentin rolu bəs etmir. Ona görə də yerli hakimiyyətlə satınalmalardan başlayaraq dövlət büdcələrinin formalaşdırılmasına qədər bütün proseslərdə iştirak etməlidir”, - Avropa Parlamentinin İnkişaflar Komitəsinin üzvü Norbert Neuser qeyd edib.
Avropa Komissiyasının üzvü Angelo Baglo isə yerli hakimiyyətlərin əhaliyə daha yaxın olan ilk institut kimi fəaliyyətinin dəstəkləndiyini bildirib: “Bu institutun tərəfdaş ölkələrdə inkişafı üçün proqramlar hazırlamışıq. Layihələr milli hökumətlərlə əməkdaşlıq şəraitində həyata keçiriləcək”.
Avropa Komissiyasının “Struktur Dialoqu” layihəsinin yekun konfransı bu ilin mayında Macarıstanda keçiriləcək. Macarıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Lilla Makkay ölkəsində demokratiyanın inkişafında yerli hakimiyyətlərin rolundan danışıb. “Macarıstan sovet idarəçilik sistemindən demokratik idarəertmə sisteminə keçiddə 3000 yerli hökumət yaradıb” , - o vurğulayıb.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bildirib ki, bundan sonra Azərbaycan QHT Avropa Komissiyasında təmsil olunacaq. “Mən, Gürcüstan, Yəmən və Mərakeşdən olan nümayəndələr Avropa Komissiyasında QHT-nin səfir təmsilçisi seçilmişik”, - o bildirib

XS
SM
MD
LG