Accessibility links

Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Azərbaycan məhkəmələrinin problemlərindən danışıb


Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Azərbaycan məhkəmələrinin problemlərindən danışıb
Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Azərbaycan məhkəmələrinin problemlərindən danışıb

Azərbaycanda məhkəmələrin həbs qətimkan tədbiri seçməsi, məhkəmə qərarlarının icra edilməməsi, yerli məhkəmələrin əsassız qərarları, təqsirsizlik prezumsiyasına aid pozuntu halları var

Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan olan hakim Xanlar Hacıyev Azərbaycan Konstitusiyasının 15 illiyinə həsr olunmuş konfransda Azərbaycan hüquq-mühafizə orqanlarının və məhkəmələrinin problemlərindən danışıb.

O bildirib ki, vaxtı ilə Azərbaycanda qanunvericilik dəyişəndə ümid edirdilər ki, məhkəmələr həbs-qətimkan tədbirini elə də çox tətbiq etməyəcək. “Məlumdur ki, insanın azadlığının məhdudlaşdırılması son həddir. Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanla bağlı rastlaşdığım son iki işdə hakim həbs qətimkan tədbirini gedib istintaq orqanının binasında həll edib. Demək olar ki, bu dünya təcrübəsində qeyri adi haldır. Hansısa dövlətdə ağır cinayət baş verdikdə bu hal ola bilər, təhlükəsizlik baxımından belə bir tədbirə əl ata bilərlər. Ancaq Azərbaycanda baxılan işlərdə belə məsələ yox idi. Bu heç də qənaətbəxş hal deyil. Hər halda məhkəmə özünə hörmət etməli və özünü bitərəf göstərməlidir. İstərdim ki, bu məsələyə həm Ali Məhkəmənin, həm də Konstitusiya Məhkəməsinin təcrübəsində xüsusi diqqət yetirilsin”.

Hakim deyib ki, son işlərdə 5-ci maddənin tətbiqinə çox rast gəlinir. “Özü də nəinki qəti-imkan tədbirinin seçilməsi, həm də bu tədbirin zaman - zaman uzadılması ilə bağlı hallara rast gəlinir”. Cənab Hacıyev post-Sovet ölkələrindən məhkəmə qərarlarının icra edilməməsi halları ilə bağlı şikayətlərə çox rast gəlindiyini də diqqətə çatdırıb. “Bu hal post - Sovet məkanı ölkələrində xarakterikdir. Avropanın çoxdan demokratiya yolunda olan dövlətlərindən Avropa Məhkəməsinə belə şikayətlər daxil olmur. Azərbaycana qarşı bir qərar var. Orada, 2003-cü ildən məhkəmə qərarını icra etməyən polis bölməsi göstərilir. Məlumdur ki, polis hüquq mühafizə orqanlarının vacib bir strukturudur. Onun hüququn aliliyinə hörmət, dövlətin demokratik inkişafı üçün müəyyən tədbirlərin görülməsi, insanların hüquqlarının müdafiəsində mühüm rolu var. Belə bir təşkilatın məhkəmə qərarına hörmət etməməsi qənaətbəxş hal deyil”.

Hakim yerli məhkəmələrin əsassız qərarları ilə bağlı şikayətlərə də toxunub. “Avropa Məhkəməsinin keçmiş sədri bu barədə müsahibələrinin birində post sovet ölkələrindən danışarkən Azərbaycanda 2005-ci il parlament seçkiləri ilə bağlı və digər şikayətlər barədə məhkəmə qərarlarını da misal çəkmişdi. Məhkəmə qərarının bu cür əsassız hesab edilməsi yolverilməz haldır”.

O hesab edir ki, məhkəmə təcrübəsi ardıcıl olmalıdır. “Məhkəmələr hüququn müəyyənlik prinsipinə hörmət etməlidir. Avropa Məhkəməsində bu məsələyə diqqət yetirilir. Hesab edirəm ki, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin, Apellyasiya və Kasasiya Məhkəmələrinin qərarları dərc olunmalıdır ki vətəndaşlar eyni xarakterli işdə məhkəmənin hansı qərarı çıxarmasından xəbər tuta bilsin. Bu hüquqa və onun aliliyinə hörmət deməkdir”.

Cənab Hacıyev deyib ki, Avropa Məhkəməsi son iki işdə təqsirsizlik prezumsiyasına aid pozuntu tapıb. “Bu sadə bir problemdir. Əslində bu məhkəmələrin səhvi deyil. Bəzən, hüquq mühafizə orqanları istintaqın gedişı ilə bağlı cəmiyyətə məlumatı elə şəkildə verir ki, artıq insanın təqsirlilik məsələsini həll etmiş olur. Hələ onu demirəm ki, bəzən ayrı-ayrı hüquq mühafizə orqanları birləşib bir bəyanat verir. Bunun özü də özlüyündə hüquqi tərəfdən sual doğurur. Ona görə ki, prosessual baxımdan, Konstitusiya baxışından hər bir hüquq mühafizə orqanının öz funksiyası var. Əgər, hüquq mühafizə orqanlarının biri axtarışla məşğuldursa, digəri ona nəzarət edirsə, onların birləşıb məlumat verməsi məncə sual doğurur. Digər tərəfdən Avropa Məhkəməsi öz təcrübəsində heç vaxt deməyib ki, baş verən cinayətin istintaqının necə aparılması ilə bağlı insanlar məlumatlandırılmamalıdır. Ancaq, həmin informasiya elə işlənməlidir ki, orada şəxsin təqsirlilik məsələsi əvvəldən həll olunmasın”.

Hakim həmçinin post-Sovet məkanına xas konstitusiyaya siyasi əlavələrin edilməsi ilə bağlı məsələlərə də toxunub. “Konstitusiya Məhkəmələri əsas qanunu siyasi qərarlardan qorumalıdır”.

XS
SM
MD
LG