Accessibility links

Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə yenidən əməkdaşlıq barədə qərar qəbul edib.

Milli Məclisin sentyabrın 30-da keçirilən plenar iclasında qəbul edilən qərarda deyilir ki, Avropa Parlamentinin 2015-ci il sentyabrın 10-da Azərbaycana dair qəbul etdiyi ədalətsiz və qeyri-obyektiv qətnamə bu parlament təşkilatı ilə Azərbaycan arasında münasibətlərin inkişafına ciddi zərbə vurub.

“Ölkəmizin Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında tərəfdaşlığı sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə yönələn bu qərəzli siyasi aksiyanın cavabında Milli Məclis 2015- ci il sentyabrın 14-də müvafiq qərar qəbul edib. Həmin qərara əsasən Milli Məclis Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılmasını və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest PA- nın tədbirlərin qatılmaması qərara alınıb. Eyni zamanda həmin qərarla Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində Milli Məclisin iştirakına son qoyulub”, qərarda vurğulanır.

Sənəddə qeyd edilir ki, bu ilin sentyabrın 19-21-də Avropa Parlamentinin 15 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda olub və əlaqələrin bərpa edilməsi məsələsini müzakirə edib: “Səfərin yekunlarına uyğun olaraq qarşılıqlı münasibətlərin qırılmasına gətirib çıxara biləcək hər hansı halların gələcəkdə baş verməməsi üçün zəruri tədbirlərin görüləcəyi əminliklə qeyd edilib. Milli Məclis bunları nəzərə alaraq Avropa Parlamenti ilə əlaqələri yenidən bərpa etmək üçün parlamentin 2015- ci ilin 14 sentyabr tarixli qərarı 10-cu və 11- ci maddələri qüvvədən düşüb”.

Qərar layihəsi səsə qoyularaq qəbul edilib.

2015-ci il sentyabrın 10-da Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi kəskin tənqidi qətnamə Azərbaycanın bu qurumla əməkdaşlığı dayandırmasına səbəb olub.

Qətnamədə "bütün siyasi məhbusları, insan haqları fəallarını, jurnalistlər və vətəndaş cəmiyyəti fəallarını, o cümlədən o zaman həbsdə olan Xədicə İsmayılova, Leyla və Arif Yunus, Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev, Rauf Mirqədirov, Ömər Məmmədov, Tofiq Yaqublu, Vicat Əliyev, Araz Quliyev, Pərviz Həşimli, Seymur Həzi, Hilal Məmmədov, Taleh Xasməmmədov, İlqar Məmmədovu dərhal həbsdən azad etməyə, onlara qarşı ittihamların ləğv olunmasına çağırılırdı.

​Qətnamə Avropa Birliyi rəhbərliyini jurnalist Xədicə İsmayılovanın araşdırmalarında qeyd edilmiş prezident İlham Əliyev və ailə üzvlərinə qarşı korrupsiya ittihamları ilə bağlı hərtərəfli araşdırma aparmağa çağırırdı.

Sənəd həmçinin Avropa Komisiyası ilə üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırırdı.

Qətnaməni Avropa Parlamentindəki bütün siyasi partiyaları dəstəkləmişdi.

XS
SM
MD
LG