Accessibility links

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan münaqişələr səbəbi ilə ölkələrindən didərgin düşən 2 milyon suriyalı və iraqlı qaçqına 6 milyona yaxın vəsait sərf edildiyini bildirib. O, indi digər ölkələrin də öz vəzifələrini yerinə yetirmək vaxtı olduğunu, Avropa İttifaqına üzv ölkələrin bu sahədə lazımi iş görmədiyini deyib.

Ərdoğanla mübahisələr yaşayan Almaniyanın xarici işlər naziri Frank-Uolter Steyinmeyer Türkiyə prezidentinin şikayətləri ilə razılaşıb.

Almaniya Avropa İttifaqına üzv ölkələrdən fərqli olaraq Suriyadan 10 min qaçqına sığınacaq verib.

Almaniyanın xarici işlər naziri regiona səfəri zamanı İordaniya və Livanda çıxışlar edərək, Avropa İttifaqının qaçqın problemi kimi bir yükü paylaşmaqdan imtina etdiyini deyib.

Suriya münaqişəsi 4 milyona yaxın insanın ölkəni tərk etməsinə səbəb olub. Hazırda Türkiyə və Livan 2 milyon, İordaniya isə yarım milyon qaçqına sığınacaq verib. Qaçqın təşkilatları məcburi köckün və qaçqın sayının daha yüksək olduğunu təxmin edir.

Avropa İttifaqı bütün 28 üzvün miqrant kvotasına dair icbari plan hazırlayıb. Burada dəniz yolu ilə Avropa üz tutan miqrantlar və Suriya kimi münaqişə zonalarından qaçan insanlar nəzərdə tutulur. Lakin Britaniya və Finlyandiya kimi ölkələr təklifin əleyhinə çıxış edir.

Avropa hökumətləri son zamanlar mühacirətin azaldılması təzyiqləri altındadır. Belə ki, siyasi partiyalar arasında anti-mühacirət əhval-ruhiyyəsi yüksəlməkdədir.

Britaniyanın çarəsiz insanlara yardım etməməsi utandırıcı bir haldır

Britaniyanın daxili işlər naziri Tereza Mey deyib ki, Britaniya qaçqın kvotası sisteminin əleyhinədir. Müxbirlərlə görüşü zamanı nazir bildirib ki, Afrika ölkələrindən insan qaçaqmalçılarına pul ödəməklə Avropa gətirilən insanlar Suriya qaçqınları ilə bərabər tutula bilməz.

Suriyaya gəldikdə isə Britaniya o ölkədən yalnız 4 min qaçqın qəbul edib. Britaniyanın kvota sistemini rədd etməsi qaçqınların müdafiəsi qrupları tərəfindən kəskin tənqid edilir. O ölkənin Qaçqınlar Şurasının əməkdaşı Anna Masqreyv deyib ki, Britaniyanın çarəsiz insanlara yardım etməməsi utandırıcı bir haldır.

Bu arada BMT də padikal planlarla çıxış edir. Qurum minlərlə qaçqının zəngin ölkələrdə sığınacaq tapması üçün nizamlı şəkildə yerləşdirmə planı irəli sürüb.

Miqrasiya məsələsində Avropa ölkələri arasında Türkiyə və İordaniya kimi ölkələrin yükünün azaldılması sahəsində razılıq yoxdur.

Livanın xarici işlər naziri Gebran Bassil bu yaxınlarda Almaniya və Skandinaviya ölkələrini təcrübəli və səriştəli qaçqınların qəbuluna görə tənqid edib. Belə ki, xristian və ali təhsilli qaçqınlara həvəslə sığınacaq verilir.

Avropa rəsmiləri isə bu ittihamları rədd edərək, qaçqınların sayı və onlarla bağlı tam məlumat olmadığı üşün Livanın iddiasının əsasız olduğunu bildirir.

XS
SM
MD
LG