Accessibility links

Avropa Şurası Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı rəsmi araşdırmaya başlayacaq


Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Azərbaycanın Avropa İnsan hüquqları və azadlıqları Konvensiyasının müddəalarına riayət etməsi ilə bağlı rəsmi araşdırmaya başlayır.

“Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları Azərbaycanda qanunların özbaşına tətbiq edildiyini üzə çıxarıb, xüsusən, tənqidi səsləri susdurmaq və söz azadlığını məhdudlaşdırmaq üçün”, deyə baş katib bildirib.

“Bu həyəcanverici şəraitdə, həmçinin vəziyyətin düzəldilməsi üçün müsbət addımlar olmamasını nəzərə alaraq, Azərbaycana ölkədə insan hüquqları üzrə konvensiyanın həyata keçirilməsi ilə bağlı hakimiyyətdən izahat tələb etmək üçün nümayəndə göndərəcəyəm. İnsanların hakimiyyətin hüquq-mühafizə orqanlarından sui-istifadəsi ilə əlaqədar azadlıqdan məhrum edilməsindən xüsusilə narahatam. Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun işində bunu üzə çıxarıb. Bu, Konvensiyanın ciddi şəkildə pozulmasıdır”, deyə Yaqland bildirib.

2014-cü ilin may ayında Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədova qarşı cinayət işinin heç bir hüquqi əsasının olmadığını, onun azadlıqdan məhrum edilməsinin əsl məqsədinin hökuməti tənqid etdiyinə görə onu susdurmaq olduğunu müəyyən edib.

Avropa Şurası Baş Katibinin və Məmmədovun dərhal azad edilməsi haqqında məhkəmə qərarlarının yerinə yetirilməsinə nəzarəti həyata keçirən Nazirlər Kabinetinin dəfələrlə çağırışlarına baxmayaraq, o, hələ də həbsdədir.

Avropa İnsan hüquqları və azadlıqları Konvensiyasının 52-ci maddəsinə əsasən, Baş Katib həmçinin yerli qanunvericiliyin konvensiyanın tələblərinə uyğun şəkildə yerinə yetirilməsini araşdırmaq hüququna malikdir. Konvensiyanın bu norması nadir hallarda tətbiq edilir. Yaqland ilk dəfə 52-ci maddədə əksini tapan hüququndan istifadə edir.

Bir müddət əvvəl AŞ nümayəndəsinin Azərbaycanda insan hüquqları üzrə birgə qrupdan çıxdığını bəyan edib.

XS
SM
MD
LG