Accessibility links

Regional məsələlər, Suriya və İranla bağlı vəziyyət, Qarabağ məsələsi, insan hüquqları müzakirə edilib

Avropa İttifaqının genişlənmə üzrə komissarı Ştefan Füle Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla müzakirələr aparıb. Müzakirələrin əsas mövzusu

ikitərəfli münasibətlərin inkişafı, regional məsələlər, Suriya və İranla bağlı vəziyyət, Qarabağ nizamlanması, insan hüquqları olub.

Görüşlərin yekununu olaraq keçirilən mətbuat konfransında cənab Füle Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında münasibətlərdə irəliləyiş olduğunu qeyd edib. Energetika sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən komissar “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində də əlaqələrin inkişaf etdirilməsi üçün potensial olduğunu vurğulayıb.

Assosiativ sazişlə yanaşı, tərəflər təhlükəsizlik sahəsini də əhatə edən müasirləşmə haqqında saziş üzərində işləyir.

“Biz təhlükəsizlik məsələlərini də gündəliyimizə daxil etməyi qərara aldıq. Bu, Azərbaycanın BMT TŞ-in qeyri-daimi üzvü kimi rolu, habelə regional hədələr nəzərə alınaraq qərara alınıb”, - deyə o qeyd edib.

Qarabağ nizamlanmasına toxunan cənab Füle Aİ-nin qarşılıqlı etimad tədbirlərini dəstəkləməyə hazır olduğunu bildirib. Təfsilata varmayan komissar bu tədbirlərin sadə insanlar arasında əlaqələr qurulmasına yönəldiyini, bunsuz münaqişələrin həllinin mümkün olmadığını bildirib.

Avropa Parlamenti üzvlərinin ATƏT-in Minsk Qrupunda Fransanı Aİ ilə əvəz etmək təklifini şərh etmək xahişinə cavabda Füle deyib ki, Aİ ölkələrinin xarici işlər nazirlərinin bu ilin martında verdikləri bəyanatda Minsk qrupuna dəstək ifadə olunub və onun tərkibində dəyişiklik “nəzərdə tutulmur”.

İnsan hüquqlarına toxunan komissar Azərbaycanın öhdəliklərini və Aİ-nin bu sahədə vəziyyətdən narahatlığı haqqında bəyanatlarını xatırladıb.

Onun sözlərinə görə, “Eurovision” ölkəni təkcə mədəni nöqteyi-nəzərdən deyil, başqa tərəflərdən də göstərmək üçün imkan olacaq. “Abadlıq işləri əmlak hüquqlarına da toxunur və bu problemlərin həlli şəffaf olmalıdır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG