Accessibility links

Avropa Şurası Azərbaycanda parlament seçkilərinin mediada ədalətli və balanslı işıqlandırılmasını istəyir


Avropa Şurası Azərbaycanda parlament seçkilərinin mediada ədalətli və balanslı işıqlandırılmasını istəyir

Avropa Şurası Azərbaycanda parlament seçkilərinin mediada ədalətli və balanslı işıqlandırılmasını istəyir

Müzakirələrdə Azərbaycanda medianın qarşısında duran problemlər diqqət mərkəzində olub. Medianın 90 faizinin müxtəlif təsirlər altında olduğu diqqətə çatdırılıb

Avropa Şurası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Azərbaycanda 2010-cu il Milli Məclis seçkilərinə dəstək” proqramının fəaliyyət planı çərçivəsində Avropa Şurası və Azərbaycan Demokratik Jurnalistlər Liqası jurnalistlər və media mütəxəssisləri üçün seminar keçirib.
“Seçkilərin ədalətli və balanslı işıqlandırılması” adlı forumda bu gün televiziya və onlayn media, oktyabrın 6-da yazılı media mütəxəssisləri üçün treninqlər keçirilir. Oktyabrın 7-də isə Mingəçevirdə region media nümayəndələri üçün treninqlər olacaq.
Avropa Şurası İnsan Haqları və Hüququ Məsələləri üzrə Baş Direktoratlığının müşaviri Aarnio Lvoff bildirib ki, fikir azadlığı və müstəqil media demokratiyanın təməlidir. “Azad media olmadan azad seçkilər də mümkün deyil”.
Müzakirələrdə Azərbaycanda medianın qarşısında duran problemlər diqqət mərkəzində olub. Medianın 90 faizinin müxtəlif təsirlər altında olduğu diqqətə çatdırılıb. “Azərbaycan mediasının əsas problemlərindən biri də plüralizmin olmamasıdır”, - Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli vurğulayıb.
Ekspertlər Azərbaycanda fikir və media azadlığı sahəsində vəziyyətə toxunarkən çoxsaylı problemlərə diqqəti çəkib. Beynəlxalq ekspert Henrik Hansen “Amerikanın səsi” radiosuna müsahibəsində isə bildirib ki, Azərbaycanda media ilə bağlı vəziyyət mükəmməl deyil. “Beynəlxalq hesabatlar da göstərir ki, Azərbaycanda fikir azadlığı ilə bağlı vəziyyət həyəcanlıdır. Ölkədə fikir azadlığı məhdudlaşdırılır, jurnalistlər təzyiqlərə məruz qalır, həbsə atılır, diffamasiya ilə bağlı jurnalistlərə qarşı çoxsaylı məhkəmə prosesləri mövcuddur, özünüsenzura dominantdır. Məhz bu səbəblərdən də media baş verənləri obyektiv işıqlandırmaq imkanında deyil”.

O hesab edir ki, Azərbaycan mediasının böyük problemlərindən diri də onun böyük hissəsinin müəyyən kommersiya və siyasi dairələrdən asılı olmasıdır. “Bu isə medianın hadisələri cəmiyyətin gözləntiləri səviyyəsində peşəkarlıqla işıqlandırmasına mane olur. Media hətta müəyyən dairələrin təsiri altında olsa da belə, bu onların ədalətli və balanslı informasiyalar hazırlamasının qarşısını almamalıdır. Media bütün tərəflərə istinad edərsə, tərəflərin ona etimadı yaranar”.

Cənab Hansen Avropa Şurası və digər beynəlxalq təşkilatların keçirdiyi seminarların, yaydığı hesabatların Azərbaycanda hazırda həbsdə olan jurnalist və blogerlərin azad edilməsi üçün hökumətə birbaşa təsir edəcəyinə inanmır. “Amma təbii ki, ölkədə beynəlxalq jurnalistika standartları yaranarsa, bəlkə də prezidentin və hökumətin mediaya münasibəti dəyişə bilər. Seçkilərin balanslı və ədalətli işıqlandırılması seçicilərin maraq və istəklərinin düzgün əks etdirilməsidir. Seçki ilə bağlı məlumatlar o qədər aydın olmalıdır ki, seçicilər, ictimaiyyətdə seçkidə fəal iştirak marağı yaratsın”.

O, dövlət orqanlarının və məmurların daha çox tənqidə məruz qalmasının normal hal olduğunu deyib. “Avropa Şurasının da rəhbər şəxsləri daha güclü tənqidlə üzləşir” , - deyə o nümunə çəkib.

XS
SM
MD
LG