Accessibility links

Avropa Şurasının insan haqları üzrə komissarı Azərbaycanı xarici radioların yayımını bərpa etməyə çağırıb


Tomas Hammerberq
Tomas Hammerberq

Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberqin bu ilin martında Azərbaycana səfərinin yekunları ilə bağlı bu gün yaydığı məruzəsində deyilir ki, Azərbaycanda ifadə azadlığı məhdudlaşdırılıb, burada mühüm islahatlar aparılması zəruridir

“Azərbaycanda ifadə azadlığı məhdudlaşdırılıb, burada mühüm islahatlar aparılması zəruridir”. Bu barədə Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberqin bu ilin martında Azərbaycana səfərinin yekunları ilə bağlı bu gün yaydığı məruzəsində deyilir.

Məruzədə əsas diqqət ifadə, sərbəst toplaşmaq və birləşmək azadlıqlarına, hüquq-mühafizə orqanlarının fəaliyyətinə, ədalətli mühakiməyə yetirilib, habelə Naxçıvan Muxtar Respublikasına səfərin nəticələri üzrə qeydlər yer alıb.
Komissar jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı hədələmə, təqib və zorakılıq hallarının araşdırılmamasından narahatdır. “Hakimiyyət jurnalistləri və tənqid ifadə edən digər şəxsləri istənilən növ zorakılıqdan daha yaxşı müdafiə etməlidir. Belə əməllərin törədilməsində təqsirli olanlar müvafiq şəkildə cəzalandırılmalıdırlar. Baxışlarına və ifadə etdikləri fikirlərinə görə həbs edilənlər, o cümlədən Eynulla Fətullayev, Emin Milli (Abdullayev) və Adnan Hacızadə dərhal həbsdən azad edilməlidir”.

Cənab Hammerberq hakimiyyətə “Amerikanın səsi”, BBC, “Azadlıq”, “Avropa+” və digər radioların FM dalğalarında yayımı davam etdirməsinə icazə verməyi tövsiyə edir.

Komissar hakimiyyətin qeyri hökumət təşkilatlarının qeydiyyatının asanlaşdırılması üçün tədbirlər görməyə hazır olduğunu qeyd etsə də, qanunvericiliyə birləşmək azadlığını məhdudlaşdıra biləcək son dəyişikliklərlə bağlı narahatlığını ifadə edir. “Hakimiyyət vətəndaş cəmiyyətlərinin fəaliyyətinə nəzarətdən imtina etməlidir. Dini icmaların qeydiyyatı, o cümlədən təkrar qeydiyyatı üzrə tələblər və prosedurlar sadə olmalıdır”.

Hüquq-mühafizə orqanlarının qanuna zidd əməllərinə gəlincə, komissar işgəncələr və qeyri-insani rəftarlar haqqında bütün məlumatları müstəqil və səmərəli şəkildə araşdırmağa və müvafiq cəzalar tətbiq etməyə çağırır.
Komissar daxili məhkəmə qərarlarının icra edilməməsindən narahatdır. “Yekun məhkəmə qərarlarının səmərəli müddətdə həyata keçirilməsinin təmin edilməsi və ədalətli məhkəmə təhqiqatına verilən zəmanətə riayət olunması üçün adekvat tədbirlər görülməlidir”.

Naxçıvan Muxtar Respublikasındakı vəziyyət barədə komissar bildirir ki, şəxsin psixiatriya müəssisəsinə məcburi yerləşdirilməsinə yalnız tibbi müayinə əsasında qəbul edilmiş məhkəmə qərarı ili icazə verilməlidir. Bənənyar kəndində baş vermiş hadisələrlə əlaqədar olaraq, komissar xatırladır ki, qeyri-insani rəftar haqqında heç bir bəyanat səmərəli, beynəlxalq standartlara uyğun şəkildə araşdırılmayıb.

Komissarın hesabatı Azərbaycanda birmənalı qarşılanmayıb. Rəsmi Bakı hesabatı qeyri-obyektiv, hüquq müdafiəçiləri, jurnalist təşkilatları isə real hesab edir.

Milli Məclisin İnsan Hüquqları komitəsinin sədr müavini Yevda Abramov hesabatı Azərbaycana qarşı qeyri-obyektiv münasibət kimi qiymətləndirir. O hesab edir ki, Azərbaycan insan hüquqlarının qorunması sahəsində Avropa və dünyada öndə gedən ölkədir.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu məruzəni müdafiə edir. Onun fikrincə, Azərbaycanda insan hüquqları, xüsusilə toplaşmaq, mətbuat azadlığı və mülkiyyət hüququnun qorunması sahəsində ciddi islahatlara ehtiyac var.

Cənab Abramovun fikrincə, ölkədə media azadlığı və siyasi azadlıqlar sahəsində vəziyyət normaldır. Çoxsaylı siyasi partiyalar fəaliyyət göstərir, qəzetlər istənilən rəsmi şəxsi tənqid edə bilir.

Bu yaxınlarda həbsdən çıxmış “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid komissarın fikirləri ilə razıdır. O hesab edir ki, nüfuzlu şəxslər və təşkilatlar Azərbaycanı insan hüquqları sahəsində götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırmalıdır. Qənimət Zahid bu ilin yanvarında cənab Hammerberqin həbsxanada onunla görüşdüyünü də yada salıb.

“Amerikanın səsi”, “Azadlıq” və BBC radiolarının FM tezliyində yayımı məsələsi ilə bağlı komissarın bəyanatı müsbət qarşılanıb. Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini problemin həllini mümkün sayır.

Xanım Cəfəroğlu isə “Amerikanın səsi” və “Azadlıq” radiosunun cəmiyyətdə çoxfikirliliyin inkişafında, müxtəlif mövqeli insanlar arasında dialoqun təşkilində rolunu yüksək qiymətləndirir.

XS
SM
MD
LG