Accessibility links

Qərar EBU-nun referent qrupu və Televiziya Komitəsinin araşdırılmasından sonra qəbul edilib.

Avropa Yayım Birliyi (European Broadcasting Union - EBU) mayın 22-26-da Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirakdan imtina etdiyinə görə Ermənistanı cərimə edib. Bu barədə cümə axşamı Cenevrədə yerləşən EBU-nun KİV-lə iş şöbəsinin direktoru Annika Niberq Frankenhauzer bildirib.
Onun sözlərinə görə, bu qərar EBU-nun referent qrupu və Televiziya Komitəsi tərəfindən işin araşdırılmasından sonra qəbul edilib. Nəticədə Ermənistan müsabiqədə iştirak üçün ödəmə həyata keçirməli, habelə ödəmə məbləğinin 50%-i həcmində cərimə ödəməlidir.
Bundan başqa, Ermənistanın ictimai televiziyası müsabiqənin finalını “canlı yayında və fasiləsiz” nümayiş etdirməlidir, imtina etdiyi halda ölkə 2013-cü ildə EBU üzvü olan dövlətlər arasında keçirilən “müsabiqədə iştirakdan məhrum edilə bilər”, -deyə EBU-nun nümayəndəsi qeydedib.
Niberq-Frankenhauzer İTAR-TASS- Agentliyinə açıqlamasında bildirib ki, qərar çıxarılarkən Yerevanın öz müğənnilərini Bakıya göndərməmək qərarının səbəbləri nəzərə alınmayıb. “Nizamnamə var və müsabiqədə iştirak etmək istəyini bildirən ölkə müəyyən müddətdən sonra qərarını dəyişə bilməz”, - deyən EBU nümayəndəsi Ermənistanın məhz belə etdiyini, “bu müddət bitdikdən sonra imtina etdiyini” əlavə edib.

XS
SM
MD
LG