Accessibility links

Ştefan Füle prezident, müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb


Stefan Fule

Stefan Fule

Avropa İttifaqının komissarı Azərbaycanda müzakirələr aparır

Mayın 2-də Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle prezident İlham Əliyevlə danışıqlar aparıb. Prezidentin saytının məlumatına görə, tərəflər Azərbaycan və Aİ arasında əlaqələrdən, xüsusilə energetika və terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıqdan məmnun olduqlarını qeyd ediblər. Əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Cümə axşamı Ş.Füle müxalifət liderləri ilə görüşüb. Görüşdə El Hərəkatının sədri Eldar Namazov, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə, Liberal Partiyasının sədri Əvəz Temirxan iştirak ediblər.

E. Namazov Amerikanın Səsinə bildirib ki, 3 saatadək davam edən görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətləri, ölkədə yaranmış durum, ictimai-siyasi proseslərin gedişi, prezident seçkiləri, vətəndaş cəmiyyətinə, gənclərə, ümumilikdə demokratik düşərgəyə qarşı sərt siyasət və fəalların həbsi ilə bağlı müzakirələr aparılıb.

Cümə günü səhər Ş.Füle vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdə hüquq müdafiəçiləri Rəsul Cəfərov, Emin Hüseynov, Arzu Abdullayeva, sosioloq Anar Məmmədli, iqtisadçılar Qubad İbadoğlu, Vüqar Bayramov, Zöhrab İsmayıl və ekoloq Aytəkin Əsgərova iştirak ediblər.

R.Cəfərov bildirib ki, iştirakçılar diqqəti insan hüquqları ilə bağlı problemlərə yönəldiblər. Əsasən qanunvericiliyə mürtəce düzəlişlərin (inzibati həbs müddətinin artırılması, İnternetdə diffamasiyaya görə cinayət cəzası) hazırlanması qeyd olunub. Demokratik normaların olmaması, REAL lideri İlqar Məmmədovun və NİDA hərəkatı üzvlərinin həbsi də daxil olmaqla, repressiyaların güclənməsi vurğulanıb.

Görüş iştirakçıları Aİ-ni repressiyalara laqeyd qalmamağa və demokratik seçkilərin keçirilməsinə yardım etməyə çağırıblar.

Ş.Füle bildirib ki, demokratiya və insan hüquqları hər zaman Aİ-nin diqqət mərkəzindədir.
XS
SM
MD
LG