Accessibility links

Avropa Komissiyasının 2014-cü ildə Azərbaycanda Avropa Qonşuluq Siyasətinin reallaşmasına dair hesabatında vətəndaş cəmiyyətinin fəaliyyəti üçün durumun pisləşməsi, QHT-lərə, fəallara və mediaya qarşı təzyiqlərin artması əksini tapıb.

Avropa İttifaqının (Aİ) saytında dərc olunan sənəddə (http://eeas.europa.eu/enp/pdf/2015/azerbaijan-enp-report-2015_en.pdf) deyilir ki, viza prosedurlarının sadələşdirilməsi və readmissiya haqqında 2014-cü il tarixli saziş ikitərəfli münasibətlərin gələcək inkişafına xidmət edir.

Həmçinin iqtisadi vəziyyət müsbət qiymətləndirilib. Makroiqtisadi mühit qeyri-neft sektorunun və sosial sabitliyin artmasının hesabına stabil qalıb.

“Cənub” qaz dəhlizinin reallaşmasına dair öhdəliklər əvvəlkitək Aİ-Azərbaycan dialoqu üçün birinci dərəcəli əhəmiyyət daşıyır”, sənəddə qeyd edilir.

Qarabağ problemi ilə bağlı qeyd olunub ki, atəşkəs haqqında sazişin bağlanmasından ötən 20 ildə münaqişənin nizamlanması ətrafında vəziyyət dalana dirənib.

“1994-cü ildən bu yana qurbanların sayının görünməmiş həddə çatması və insidentlər fonunda təhlükəszliklə bağlı vəziyyət ciddi problem olaraq qalır”, hesabatda deyilir.

Eyni zamanda bildirilib ki, Azərbaycanın 2014-cü ilin mayından noyabrına kimi Avropa Şurasında sədrlik etdiyi müddətdə müstəqil QHT-lərin durumu “xeyli pisləşib”. Qanunvericiliyə edilən düzəlişlər onların fəaliyyət şəraitini çox pisləşdirib. 2014-cü ildə qanunvericiliyə edilən düzəlişlərdən sonra yerli və beynəlxalq QHT-lər ciddi inzibati və məhkəmə təzyiqləri ilə üzləşiblər. Venesiya Komissiyası bu düzəlişləri QHT-lərin fəaliyyətini məhdudlaşdıran düzəlişlər kimi qiymətləndirib.

Bəzi QHT rəhbərləri dövlətə xəyanət, vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıq ittihamları ilə həbs olunublar.

Bir çox müstəqil QHT-lər öz fəaliyyətini dayandırmağa məcbur olub, tanınmış hüquq müdafiəçiləri həbs olunublar, onların bəzisinin ölkədən çıxışına qadağa qoyulub, bank hesabları dondurulub.

2014-cü ildə seçkilərin demokratik keçirilməsinin təminatı ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) tövsiyələri əvvəlkitək yerinə yetirilməyib. Məhkəmələrin müstəqilliyinin təmin olunması üçün ciddi addımlar atılmayıb.

Aİ və Azərbaycan arasında siyasi dialoq sahəsində əlaqələr xeyli azalıb.

Söz azadlığının da vəziyyəti pis olaraq qalır. Müxalifət qəzeti olan “Azadlıq”a ciddi təzyiqlər davam edir, iri məhkəmə cərimələri isə onların vəziyyətini daha da pisləşdirib.

Dövlət xidmətində korrupsiyaya qarşı mübarizə vasitəsi olan “ASAN-xidmət” şəbəkəsinin genişləndirilməsinə baxmayaraq, korrupsiyaya qarşı mübarizə sahəsində ciddi yaxşılaşmaya nail olunmayıb və ölkə “Transparency İnternational”-ın reytinqində 175 dövlət arasında 126-cı yeri tutur.

2014-cü ildə məhkəmələrin müstəqilliyinin təmin olunmasında nəzərəçarpacaq uğurlar olmayıb.

Aİ təmsilçiləri QHT nümayəndələrinin məhkəmə proseslərinin monitronqini keçiriblər və ciddi qanun pozuntularının şahidi olublar.

Hökuməti tənqid edənlərin müdafiə prosesi çətinləşib. Problemlərdən biri də vəkil çatışmazlığıdır. Vəkillərin çoxu müxalifətçiləri müdafiə etməkdən imtina edir. Vəkillər Kollegiyasi müxalifətçiləri müdafiə edən hüquqşünaslara təzyiq göstərir.

Hökumət Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına hörmətlə yanaşmır, onları yerinə yetirmir.

Sənəddə həmçinin qeyd olunan problemlərin aradan qaldırılması üçün 2015-ci ildə görüləcək işlərlə bağı tövsiyələr irəli sürülüb.

Əsasən Avropa Şurasının üzvü kimi öhdəliklərə əməl olunması və yerinə yetirilməsi, fundamental hüquq və azadlıqların, qanunun aliliyinin təmin edilməsi, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsi tövsiyə olunur.

Vətəndaş cəmiyyətinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, qanunvericiliyə məhdudlaşdırıcı normaların ləğvi, QHT-lərə öz fəaliyyətini həyata keçirmək üçün imkanların yaradılması tövsiyə olunub.

Bundan əlavə, seçki qanunvericiliyinin ATƏT DTİHB-nin tövsiyələrinə uyğunlaşdırılması və 2015-ci ilin noyabrında keçiriləcək parlament seçkisi öncəsi bu tövsiyələrin yerinə yetirilməsi məsləhət bilinib.

Diffamasiya və böhtanın dekriminallaşdırılması haqqında qanunun qəbulunun, jurnalistlərin və fəalların təqib olunması, qətlə yetirilməsi hallarının araşdırılmasının gücləndirilməsinin vacibliyi qeyd olunub.

Nəhayət, Aİ Qarabağ problemi ilə əlaqədar münaqişə tərəflərini “gərginliyi artıran və dinc prosesi pozan hərəkət və bəyanatlardan çəkinməyə” çağırıb.

Rəsmi Bakı hesabatla bağlı hələ şərh verməyib.

XS
SM
MD
LG