Accessibility links

Neeli Kroes: Biz Azərbaycanda jurnalistlərə olan amansız hücumları görürük...


Avropa Komissiyasının vitse-prezidenti Neeli Kroes

Avropa Komissiyasının vitse-prezidenti Neeli Kroes

Avropa Komissiyasının vitse-prezidenti Bakıda kompüterinə müdaxilə olduğunu deyib. Rəsmi Bakı təkzib edir

Ötən həftə Bakıda səfərdə olan Avropa Komissiyasının vitse-prezidenti Neeli Kroes Tvitterdəki səhifəsində yazdığı məqaləsində gördüklərini qələmə alıb.

“Avropa İttifaqı yalnız ümumi bazar deyil və yalnız sülhün qoruyucusu deyil, bura əsas hüquqların məkanıdır. Bizim dəyərləndirdiyimiz, müdafiə etdiyimiz və vətəndaşlarımız üçün təmin etdiyimiz hüquqların. Və İnternet sadəcə texnologiya yığımı deyil və ya sadəcə, işgüzar imkanlar üçün yer deyil. Bura azadlığın yeni sərhədidir. Gəncləri ruhlandıran Malala Yusafzay kimi adamlar bunu xatırlatmaq üçün yetər. Bu barədə Bakıya maraqlı səfərim zamanı İnternet-birlik və Azərbaycan prezidenti ilə ünsiyyət qurarkən düşündüm”, - o yazır.

“Bu kiçik ölkənin zəngin keçmişi və indisi var. Rusiya və İran arasında sıxılan, iki hissəyə bölünən, neft və qazla zəngin olan ölkə. Bu ölkədə yaxşı rəssamlar var, lakin hökumət də azadlıq və demokratiyaya həyəcanla yanaşır. Mən uzun zaman özümə sual verdim: Bakıda İnternet İdarəçiliyi üzrə Forumda iştirak etməliyəmmi? Orada görüşdüyüm onlarla jurnalist, bloger və hüquq müdafiəçisi hesab edirdilər ki, bu, faydalı oldu. Və İnternet-Forum bu və ya digər ölkədə keçirilirsə, bəzən bunun ardınca radikal dəyişikliklər baş verir. Tunis və Misirdə eyni konfrans keçiriləndən bir il sonra baş verənlər kimi.

Digər tərəfdən, mən siyasi məhbuslarla görüşdən məhrum edildim, baxmayaraq ki, prezidentin özü buna vəd vermişdi. Forum zamanı fəallar təzyiqə məruz qalırdılar. Mənim müşavirlərimin kompüterlərinə müdaxilə olundu. Bu da açıqlıq!”, - Aİ-nin vitse-prezidenti istehza ilə deyir.

“Əslində Azərbaycanda hər şey başqa cürdür. Biz KİV-in işinə məhdudiyyətlərin olduğunu görürük, söz azadlığının reallaşması cinayət məsuliyyətinə səbəb ola bilər. Biz jurnalistlərə olan amansız hücumları görürük, halbuki, Azərbaycan hökuməti hələ Eurovision-dan əvvəl mətbuat azadlığının təminatına söz vermişdi. Lakin vəziyyət daha da pisləşib. Mən qeyd etdim ki, bütün bunlar qəbuledilməzdir.

Qeyd etmək istərdim ki, KİV azadlığı və fikrin ifadə olunması azadlığı Avropa İttifaqı ərazisində heç də yaxşı deyil. Lakin mən bundan əvvəl yazmışdım ki, biz bu yaxınlarda Macarıstan, Bolqarıstan və Yunanıstanda problemləri gördük. Eyni zamanda Fransada Charlie Hebdo qəzetinin ofisi yandırıldı. Ancaq gəlin, açıq şəkildə bəyan edək ki, Avropada adamlar öz fikirlərinə və ya YouTube-də video yerləşdirdiklərinə görə həbsxanaya düşmürlər”, - vitse-prezident davam edir.

Öz növbəsində, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Trend agentliyinə deyib ki, Avropa Komissiyasının vitse-prezidenti Nili Kroes və onun sözçüsü Rayan Hitin Bakıda keçirilən İnternet İdarəçilik Forumunda iştirak etdikləri zaman qaldıqları hoteldə kompüterlərinə müdaxilə edildiyi barədə bəyanatları əsassızdır.

"Bu bəyanatın heç bir əsası yoxdur. Biz onların bəyanatından sonra müvafiq qurumlara, o cümlədən onların qaldığı hotelin administrasiyasına tapşırıqlar vermişik, məsələ araşdırılıb. Onların kompüterlərinə heç bir müdaxilədən söz gedə bilməz və belə bir müdaxilə olunması ilə bağlı heç bir dəlil-sübut tapılmayıb", - Həsənov əlavə edib.
XS
SM
MD
LG