Accessibility links

Avropa İttifaqı ilə Azərbaycan arasında Viza Rejiminin Sadələşdirilməsi və Readmissiya Sazişi qüvvəyə minib


Avropa İttifaqı və Azərbaycanın bayraqları

Avropa İttifaqı və Azərbaycanın bayraqları

Hər iki saziş sentyabrın 1-dən qüvvədədir

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında Viza Rejiminin Sadələşdirilməsi Sazişi (VRSS) və Readmissiya Sazişi (RS) ətrafında danışıqlar 7 fevral 2012-ci il və 5 iyul 2013-cü il tarixlərini əhatə edən müddətdə Bakıda və Brüsseldə 4 rəsmi danışıqlar raundu çərçivəsində baş tutub. Bu barədə Avropa İttifaqının məlumatında deyilir.

Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi sazişi 29 noyabr 2013-cü ildə Vilnüsda keçirilən Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində imzalanıb.

28 fevral 2014-cü ildə Aİ ilə Azərbaycan ölkədə icazəsiz yaşayan şəxslərin readmissiyası üçün saziş imzalayıb. Readmissiya Sazişinin imzalanması uğurlu və müsbət nəticəli danışıqlar prosesinin başa çatdığını göstərib.

Indi sazişlər 1 sentyabr 2014-cü ildə qüvvəyə minir ki, bu gün daxili prosedurların tamamlanmasına dair hər iki tərəfin bir-birinə məlumat verdiyi tarixdən sonrakı ikinci ayın ilk günüdür. Qeyd etmək lazımdır ki, Böyük Britaniya, İrlandiya və Danimarka saziş çərçivəsində öz üzərinə öhdəlik götürməyib.

Indiyədək Aİ 12 ölkə: Albaniya, Bosniya və Herzeqovina, Keçmiş Yuqoslav Respublikası Makedoniya (KYRM), Moldova Respublikası, Monteneqro, Rusiya, Serbiya, Ukrayna, Gürcüstan, Kabo-Verde, Ermənistan və Azərbaycanla viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri imzalayıb, onlardan 11 saziş qüvvəyə minib (Kabor Verde ilə proses hələ tamamlanmayıb).

Viza Rejiminin Sadələşdirilməsi Sazişinin əsas müddəaları

Saziş Azərbaycan vətəndaşlarının, xüsusilə də tez-tez səfərdə olan vətəndaşların Aİ ölkələrinin əksəriyyətinə sərbəst şəkildə səfər etmələrinə şərait yaradan qısa müddətli vizaların daha asan və ucuz alınmasını təmin edir. Qısa müddətli viza ilə 180 günü əhatə edən müddətdə 90 günədək qalmaq mümkündür. Sazişə əsasən viza haqları 60 avrodan 35 avroyadək azalıb, bəzi vətəndaş kateqoriyaları isə tamamilə haqlardan azad olmalıdır. Üzv dövlətlər tərəfindən tez-tez səfərdə olan şəxslərin bəzi kateqoriyaları üçün bir ildən beş ilədək müddəti olan çoxgirişli vizaların veriləcəyi planlaşdırılır. Diplomatik pasportu olan şəxslər viza öhdəliklərindən azaddırlar. Sazişlə həm də müəyyən kateqoriyadan olan ərizəçilər, o cümlədən rəsmi nümayəndə heyətləri, 12 yaşdan aşağı uşaqlar, təqaüdçülər, tədqiqatçı və tələbələr üçün viza haqqının alınmaması təmin edilir. Saziş müddəalarının həyata keçirilməsi sazişlərin bütün tərəflərinin qarşılıqlı prinsipləri tam şəkildə tətbiq etməsindən asılıdır.

Readmissiya Sazişinin əsas müddəaları

Readmissiya sazişləri Aİ-na üzv dövlətlər və Azərbaycanın hakimiyyət qurumları üçün aydın öhdəlik və prosedurlar təyin edir. Onlar tərəflərin ərazisində qeyri-qanuni yaşayan şəxslərin nə zaman və necə geri qaytarılmasını tənzimləyir. Onlar tək hər iki tərəfin vətəndaşlarının qeyri-qanuni yaşamasını deyil, eləcə də müraciət edilən tərəflə aydın bağlantısı olan (məsələn, viza və ya yaşamaq üçün icazə) üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin qeyri-qanuni vəziyyəti ilə bağlı məsələləri əhatə edir.

Avropa İnsan Hüquqları Konvensiyasında müəyyən edildiyi kimi readmissiya sazişlərinin tətbiqi zamanı İnsan Hüquqlarına tam şəkildə hörmət göstəriləcəyinə dair zəmanət verilir.

XS
SM
MD
LG