Accessibility links

Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı ikitərəfli əsasda quracaq


Azərbaycan tərəfi Avropa İttifaqına (Aİ) ayrıca bəyanat təqdim edəcək və həmin sənəd Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin Riqa sammitində qəbul olunacaq bəyannaməyə əlavə olunacaq. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

O, jurnalistlərlə söhbətində deyib ki, Riqa sammtinin yekun bəyannaməsi üzərində iş bir neçə gün ərzində aparılıb, o cümlədən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair bəndlərlə bağlı da müzakirələr gedib.

"Aİ-nin proqram ölkələrinin ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinə dair mövqeyi birmənalıdır. Bəyannamədə bu, dəqiq və birmənalı şəkildə qeyd olunub. Biz mətndə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün sənədlərin, ilk növbədə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əks olunmasını istəyirdik", nazir qeyd edib

Onun sözlərinə görə, nəticədə Azərbaycan bəyannaməni imzalayıb. Bazar ertəsi sənədin bu münaqişənin həllinin necə gördüyünü əks etdirən ayrı bəyanat təqdim edəcəyinə dair razılıq əldə olunub. Həmin bəyanat bəyannaməyə əlavə olunacaq.

Elmar Məmmədyarov deyib ki, Riqa sammiti Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin Aİ ilə əməkdaşlığının 3 inkişaf modelini müəyyən edib.

“Riqa sammiti Moldova, Gürcüstan və Ukraynanın Aİ ilə assosiativ razılaşma əsasında münasibətlər quracağını müəyyənləşdirib. Daha 2 ölkə Avrasiya İttifaqındakı üzvlüyü nəzərə almaqla Aİ ilə münasibət qurmaq niyyətindədir.

"Azərbaycan Aİ ilə əlaqələri strateji tərəfdaşlıq münasibətlərini nəzərə almaqla ikitərəfli əməkdaşlıq əsasında qurmağı planlaşdırır. Bu, ən əlverişli formatlardan biridir".

O xatırladıb ki, Azərbaycan 28 Aİ ölkələrindən 9-u ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb.

Məmmədyarov qeyd edib ki, Riqaya səfəri zamanı o, Avropa İttifaqına razılaşma layihəsini rəsmi şəkildə təqdim edib.

“Bu əməkdaşlığın bərabər hüquqlu və qarşılıqlı faydalı əsasda qurulması vacibdir”.

Nazir bildirib ki, Azərbaycanın təqdim etmək istədiyi növbəti layihə Cənub Qaz Dəhlizi layihəsi əsasında qaz sahəsinin inkişaf etdirilməsidir.

XS
SM
MD
LG