Accessibility links

Avropa Məhkəməsi məcburi köçkünlərin Ermənistana qarşı şikayəti üzrə qərar çıxarıb


Avropa məhkəməsi

Avropa məhkəməsi

Iyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası (AİHM) “Çıraqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə qərar çıxarıb.

APA agentliyinin məlumatına görə, məhkəmə prosesinə AİHM sədri Din Şpilman sədirlik edib. Azərbaycandan Xanlar Hacıyev, Ermənistandan isə Alvina Gülümyanın da qatıldığı məhkəmədə 17 hakim iştirak edib.

Azərbaycanın Laçın rayonunun bir qrup sakini 1992-ci il mayın 17-də zorla evlərindən qovulduqlarını, onların mülkiyyətini ermənilərin ələ keçdiyini bildirərək, 2005-ci ildə AİHM-ə şikayət ərizəsi ilə müraciət etmişdilər. Strasburq Məhkəməsi on ildən sonra çıxartdığı qərarında şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirib.

Şikayətçilərin ərizəsi ilə bağlı məhkəmə Ermənistanın Dağlıq Qarabağ və ona birləşik ərazilərə effektiv nəzarət etdiyini və nəticədə Laçın rayonunun Ermənistanın yurisdiksiyası altında olduğunu təsdiq edib.

Strasburq məhkəməsi eyni zamanda şikayətçilərə öz mülkiyyətlərinə sahib olma və ya konpensasiya almalarına icazə verməməyin haqlı olmadığını hesab edib. Sülh danışıqlarının aparılması hökuməti heç də digər tədbirlər görməkdən azad etmir. AİHM şikayətçi və oxşar vəziyyətdə olan digər şəxslərin öz mülkiyyət və konpensasiyalarının bərpa edilməsi üçün bunun asan və əlçatılan iddia mexanizmlərin yaradılmasının vacib olduğunu bildirib.

Bundan başqa, AİHM öz qərarında BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin işğalı ilə bağlı çıxartdığı 4 Qətnaməni, Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi 1416 saylı Qətnaməni, eləcə də Laçın rayonun Ermənistan tərəfindən işğal edilməsi ilə əlaqədar digər beynəlxalq təşkilatların hesabat və qeydlərini də nəzərə alaraq, Dağlıq Qarabağda baş verən insan hüquqlarına görə beynəlxalq hüquqi məsuliyyətin Ermənistan dövlətinin üzərinə düşdüyünü bildirib.

Xatırladaq ki, iddiaçılar Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayılov (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və artıq vəfat etmiş Qara Cəbrayılovdur (1940). Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayırlar. Laçın rayon sakinləri olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib. Adı çəkilən şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə, öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən onların məruz qaldığı zərərin müqabilində təzminat ödəməyib. İddia ərizəsi Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır. İddiaçılar həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildirib və qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur etməzdilər. Bu şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olmuşdu. 2010-cu ilin martın 9-da isə iş Məhkəmənin Böyük Palatasına göndərilmiş və həmin ilin 15 sentyabrında Böyük Palata şikayət üzrə ilk məhkəmə prosesini keçirmişdi. 2011-ci ilin dekabrın 14-də AİHM şikayətləri qəbuledilən hesab etmiş və Ermənistanın bu işin AİHM-in müvəqqəti yurisdiksiyasından kənar olduğuna dair etirazını rədd etmişdi. Böyük Palatanın son məhkəmə prosesi 2014-cü ilin 22 yanvar tarixində keçirilmişdi.

Qeyd edək ki, Azərbaycan tərəfini rəsmi olaraq Azərbaycanın AİHM-dəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov təmsil edib.

Azərbaycanlı məcburi köçkünlərin iddialarını isə Azərbaycan Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin baş müşaviri Otari Qvaladze, vəkillər Malkom Şou, Urdaneta Vitek, Qabriel Lanski və Hannes Tretter müdafiə ediblər.

XS
SM
MD
LG