Accessibility links

Avropa Oyunlarını işıqlandıracaq jurnalistlərin təftişi ilə bağlı məlumata rəsmi münasibət


Yeni Müsavat qəzeti
Yeni Müsavat qəzeti

“Avropa Oyunlarına xüsusi həssaslıqla yanaşan Azərbaycan iqtidarı akkreditasiya olunmuş jurnalistlərin siyahısını yenidən gözdən keçirməyə qərar verib. İddia olunur ki, əsasən Almaniya, Hollandiya, Polşa, Belçika, Norveç və İsveçdən yarışların işıqlandırlmasını arzulayan jurnalistlərin siyahısı ciddi təftiş edilir”. Bu barədə “Yeni Müsavat” qəzeti “İqtidar “Azərbaycana qarşı” olanları araşdırır” adlı məqaləsində yazıb.

Qəzetə daxil olan məlumatda deyilir ki, Bakıya gəlmək istəyən bəzi media təmsilçilərinin Azərbaycanla bağlı indiyədək yazdıqları məqalələr, onların xüsusilə beynəlxalq hüquq-müdafiə təşkilatları (məsələn, “Human Rights Watch”, “Amnesty İnternational”) ilə əlaqələri araşdırılır, onlarla əməkdaşlıq edib-etmədikləri öyrənilir.

Xəbərdə deyilir ki, artıq 100-dək şübhəli reputasiyalı və Azərbaycana bu və ya digər səbəbdən (o cümlədən erməni lobbisinə yaxınlığı əsasında) qərəzli münasibəti təsdiqlənmiş jurnalist müəyyən edilib.

“Gözlənilir ki, bu şəxslərin Azərbaycana yarışları işıqlandırmağa deyil, əsasən ölkəmiz haqda daha çox mənfi yazılar hazırlamaq niyyətlərini önləmək üçün təşkilat komitəsi onların akreditasiyasını ləğv etmək niyyətindədir. İqtidar Azərbaycanın Avropadakı səfirliklərinin təklif etdiyi jurnalistlərlə işləməyə daha çox üstünlük verəcək. Artıq bir neçə ölkənin səfirliklərində Azərbaycana gedəcək jurnalistlərlə görüş də keçirlib”, qəzet yazır.

Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Amerikanın Səsinə yazılanları təkzib edib.

“Azərbaycanda mətbuat və ifadə azadlığı tam şəkildə təmin olunub, yerli və xarici KİV nümayəndələrinin Azərbaycanın qanunlarına hörmət əsasında öz peşəkar fəaliyyətlərini həyata keçirmələri üçün tam sərbəst mühit var”, -deyə o qeyd edib.

O bildirib ki, Olimpiya Xartiyasının ruhuna və məramlarına sadiq qalaraq, KİV nümayəndələrinin akkreditasiyası və oyunlar zamanı KİV-in fəaliyyəti prosesində Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi tərəfindən KİV-lər ilə əlaqədar nəzərdə tutulan qaydaların həyata keçirilməsi təmin olunur və olunacaq.

“Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün 900-ə yaxın beynəlxalq, 600-dən artıq yerli media nümayəndəsi akkreditasiya üçün müraciət edib. Bundan əlavə, çoxlu sayda beynəlxalq yayım şirkəti tərəfindən Avropa Oyunları işıqlandırılacaq. KİV nümayəndələrinin öz fəaliyyətlərini effektiv həyata keçirmələri üçün bütün texniki parametrlərə cavab verən Media Kəndi yaradılıb. Beynəlxalq KİV nümayəndələrinin Azərbaycana olan bu marağını yüksək qiymətləndiririk”-deyə o qeyd edib.

Hikmət Hacıyev akkreditasiyadan keçmiş KİV nümayəndələrinin Azərbaycan ərazisinə daxilolma qaydalarının sadələşdirildiyini deyib.

“Belə ki, Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən veriləcək akkreditə kartı və şəxsiyyəti təsdiq edən sənəd əsasında beynəlxalq media nümayəndələri Azərbaycan ərazisinə vizasız daxil ola biləcəklər.

Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün beynəlxalq media nümayəndələrini Azərbaycanda məmnuniyyətlə gözləyirik”-deyə mətbuat xidmətinin rəhbəri bildirib.

XS
SM
MD
LG