Accessibility links

“Bakı 2015” Birinci Avropa Oyunları açılıb [Video-Fotolar]


Bakı Olimpiya Stadionunda “Bakı-2015” I Avropa Oyunlarının rəsmi açılış mərasimi olub. Azərbaycan himni səsləndirilib, Azərbaycan və Avropa Olimpiya Komitəsinin bayraqları qaldırlıb.

Olimpiya alovu meydana gətirilib.

Səhnədə Azərbaycan xalçalarını və Nizami Gəncəvinin əsərlərini əks etdirən kompozisiyalar nümayiş etdirlib.

Avropa Oyunlarının açılış mərasimi
Avropa Oyunlarının açılış mərasimi

Açılış mərasimində dünya şou-biznes ulduzu Ledi Qaqa “İmagine” ("Xəyal et") mahnısını ifa edib.

Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxışında deyib ki, Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlar nəticəsində bu gün Avropa Oyunlarının tarixində yeni səhifə yazır.

“Bu səhifəni biz, Azərbaycan xalqı yazır. Qoy Tanrı hər zaman Azərbaycanı qorusun. Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir. Atəşgahda alovlanan ruh hər birimizi bir araya gətirir”.

Xanım Əliyeva Azərbaycanın zəngin mədəniyyətə, tarixə malik, tolerant bir ölkə olduğunu diqqətə çatdırıb.

“Burada 6 min Avropa idmançısı iştirak edir. Bu, sizin üçündür. Bakı 17 gün ərzində sizə ikinci ev olacaq. Mən bu gün Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə fəxr edirəm. Gələn il Avropa Oyunlarının məşəli nə qədər uzaqda olsa da, o ruh Azərbaycanda olacaq”.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib ki, bu axşam burada Bakının yeni möhtəşəm Olimpiya Stadionunda biz Avropa idmanında tarixi məqamının şahidiyik, onu yaradırıq.

Avropa Oyunlarının açılış mərasimi
Avropa Oyunlarının açılış mərasimi

“Bu axşam biz dünyanın qitə oyunlarına çatışmayan beşinci halqanı əlavə edirik. Avropanın ilk oyunları sayəsində biz Olimpiya hərəkatının beş qitəsini bir-birinə daha sıx bağlayacağıq”.

Cənab Hikki bildirib ki, “Bakı-2015” uzun yolun ən vacib nöqtəsi və çılğın arzudur.

“Bu Avropa Olimpiya Komitəsinin alovlanan iddiasıdır. Bu, sizin üçün, Bakı üçün, Azərbaycan xalqı üçün indiki nəslə bir dəfə nəsib olan fürsətdir və sizlər onilliklər ərzində bu məkanların, bu sərmayənin və qlobal diqqətin bəhrəsini görəcəksiniz”.

Avropa Olimpiya Komitəsinin prezidenti idmançılara müraciət edərək onları tarixdə ilk Avropa Oyunlarının çempionu olmaq şansından istifadə etməyə, öz adlarını Avropanın şanlı idman tarixinə yazmağa çağırıb.

Sonra muğam ustası Alim Qasımov yenidən səhnədə görünüb.

Azərbaycanda yazın gəlişini simvolizə edən Novruzu, küləklər şəhəri Bakını, Yanardağı, Qobustan heroqliflərini təcəssüm etdirən səhnələr canlandırılıb.

Səhnədə görünən insan alovu torpağın qəlbinə qoyub və bu alov oradan vulkan lavaları şəklində axaraq yenidən yerin köksündə alov insana çevrilib. Beləliklə, qadın və kişi rəmzləri birləşərək məhəbbət alovunu qaldırıb. Bu alov olimpiya alovuna çevrilib, səhnədə olimpiya alovu alışıb. Olimpiya alovunu möhtəşəm atəşfəşanlıq müşayiət edib.

Bundan öncə isə yer kürəsinin fövqündə müqəddəs Zevsin gəzişməsi səhnələşdirilib.

Açılış gecəsinin 2000 könüllüsü səhnəyə toplaşaraq Azərbaycanın milli rəqsi “Yallı”nı oynayıb.

Nəhayətdə Qarabağ şikəstəsi salonu riqqətə gətirib.

Azərbaycan prezidenti İlham Əliyev birinci Avropa Oyunlarını açıq elan edib.

17 gün davam edəcək Avropa Oyunları iyunun 28-də başa çatacaq. Oyunlarda Avropanın 50 ölkəsinin 6 min idmançısı 20 idman növü üzrə 253 medal uğrunda yarışacaq. Medal qazanan idmançılar həm də 12 idman növü üzrə “Rio-2016” Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG