Accessibility links

Avropa Şurasının baş katibi: Azərbaycan hakimiyyətini təkidlə beynəlxalq ictimaiyyətlə dialoqa çağırıram


Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland
Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland

Tyorbyorn Yaqland İlqar Məmmədova qarşı yeni ittihamların irəli sürülməsindən narahatdır. Rəsmi Bakı isə İlqar Məmmədovun konkret əməldə təqsirli bilinərək, saxlanıldığını deyir

Avropa Şurasının (AŞ) baş katibi Tyorbyorn Yaqland İlqar Məmmədova qarşı yeni ittihamların irəli sürülməsindən narahat olduğunu bildirib və Azərbaycan hakimiyyətini beynəlxalq ictimaiyyətlə əməkdaşlığa çağırıb.

Baş katib APA agentliyinə bildirib ki, AŞ-nin Bakı Siyasi Araşdırmalar Məktəbinin direktoru İlqar Məmmədovun azad edilməsi istiqamətində çağırışlara baxmayaraq, Azərbaycan hakimiyyəti ona qarşı yeni ittihamlar irəli sürür:

“Belə bir hadisənin 2014-cü ilin may ayında nəzərdə tutulmuş Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi fonunda baş verməsi xüsusilə məyusedici hiss və narahatlıq yaradır. Bu məsələ ilə bağlı fevral ayında keçirilmiş ilkin prosesə nəinki Avropa Şurasının Bakıdakı təmsilçisi buraxılmayıb, eləcə də bu yaxınlarda Avropa Şurasında təmsil olan bir qrup səfirin Azərbaycana etdikləri səfər zamanı, onların İlqar Məmmədovla görüşməsinə icazə verilməyib. Mən Azərbaycan hakimiyyətini təkidlə beynəlxalq ictimaiyyətlə dialoqa çağırıram”.

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə APA-ya açıqlamasında deyib ki, İlqar Məmmədova qarşı Azərbaycan hakimiyyəti hüquqi dövlət normalarına müvafiq olaraq heç bir ittiham irəli sürməyib:

“Azərbaycanda qanunu pozan hər bir şəxsə qarşı ittihamı hüquq-mühafizə orqanları irəli sürür, məhkəmə hakimiyyəti isə onunla bağlı müvafiq qərar qəbul edir. Bu məsələdə Azərbaycan hakimiyyətini ittiham etmək əsassızdır. İlqar Məmmədovla bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatda onun konkret əməldə təqsirli bilinərək, saxlanıldığı əksini tapıb. Daha sonra isə məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Görünür, aparılan istintaq araşdırması zamanı yeni faktların ortaya çıxması ona qarşı əlavə ittiham elan olunmasını zəruri edib. Azərbaycan hakimiyyəti heç bir halda istintaqa müdaxilə etmir, məhkəmə hakimiyyətinin işinə qarışmır. Hakimiyyət yalnız məhkəmə qərarı qəbul edildikdən sonra bununla bağlı öz mövqeyini açıqlaya bilər”.

PA-nın şöbə müdiri baş katibin Avropa Şurasında təmsil olan bir qrup səfirin Azərbaycana səfər zamanı İlqar Məmmədovla görüşmələrinə icazə verilməməsi ilə bağlı fikrinə münasibət bildirərkən isə deyib: “Azərbaycanda barəsində həbs-qətimkan tədbiri seçilmiş şəxslə görüş üçün qanunvericilikdə müəyyən prosedur nəzərdə tutulub. Bu prosedurlara əməl edərək, müvafiq icra hakimiyyəti orqanına vaxtında və tələblərə uyğun müraciət ediləndə görüş üçün heç bir problem yoxdur”.
XS
SM
MD
LG