Accessibility links

Əli Kərimli: Həbslərlə heç nəyə nail ola bilməyəcəksiniz


 Əli Kərimli

Əli Kərimli

AXCP Gənclər Komitəsinin sədrinin məhkəməsi olacaq. İki AXCP fəalı isə inzibati qaydada həbs edilib

Fevralın 27-də saxlanan AXCP fəalları Fuad Əhmədli, Taleh Səmədov xəbərdarlıq edilərək azad buraxılıb. AXCP Gənclər Komitəsinin sədri İlham Hüseynin işinə isə bu gün Xəzər rayon Məhkəməsində baxılacaq. Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Dünən AXCP-nin 5 fəalı polis tərəfindən saxlanıb. Onlardan AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənli Suraxanı rayon məhkəməsinin qərarı ilə 20 sutka, AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli Nərimanov rayon məhkəməsinin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib. Hər iki fəal polisə müqavimət göstərməkdə günahlandırılıb.

Xatırladaq ki, AXCP fəalları fevralın 26-da Xocalı faciəsi günündə faciə qurbanlarının xatirəsini anım zamanı polislə insidentdən bir gün sonra saxlanıb.

AXCP sədri Əli Kərimli partiya fəallarının həbsini pisləyən bəyanatla çıxış edib. Kərimlinin öz Facebook səhifəsində yaydığı bəyanatında deyilir:

“Özlərini ələ almağa çalışsalar da, əslində Ukrayna inqilabından sonra qorxu içindədirlər. Bu tərəfdən də bizim AXCP olaraq ciddi təşkilatlanmağımız, ilin sonuna kimi 2 dəfə böyümək hədəfimz narahatçılığı artırıb. Fevralın 26-da Milli Şuranın Xocalı ziyarətində yaratdığımız izdiham isə bunları isterika həddinə çatdırdı. Həbslərə göstəriş verilib.

Fevralın 27-də tamamilə uydurma ittihamlarla mənim mühafizəçim Bəhruz Həsənli 20 sutka, AXCP Cəlilabad şöbəsinin sədri, rejimin repressiya qurbanı (hazırda oğlu və atası həbsdədir) Təzəxan Mirələmli 15 sutka müddətinə həbs olunub. AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn isə hazırda polis idarəsində saxtakarların qərarını gözləyir. Bir neçə gün əvvəl də gənc cəbhəçi Tofiq Dadaşa 10 sutka həbs cəzası vermişdilər.

Həqiqətən də tarix onu öyrədirmiş ki, bəziləri tarixdən heç nə öyrənmir. Elə son illərdə neçə inqilabı canlı olaraq izləyiblər, neçə-neçə inqilab haqda eşidiblər (oxumaqla araları olmadığından, şübhəsiz, inqilablar haqda da oxumayıblar, ya televiziyadan görüblər, ya da eşidiblər), hələ də başa düşməyiblər ki, inqilabları partiyalar yox, xalq edir. Heç bir vaxtı çatmış, “yetişmiş” diktatoru, avtoritar dövlət başçısını isə repressiyalar qoruya bilmir.

Bu yerdə çaşa bilərlər ki, bəs o zaman AXCP niyə belə ciddi təşkilatlanır? İzah edirəm: Sizlər öz acgözlüyünüzlə, haqsızlığınızla, ədalətsizliyinizlə, cəmiyyətdə nifrəti, ədavəti artırmağınızla sosial partlayış hazırlayırsınız. Bu ölkəyə ona görə güclü AXCP, Milli Şura, real müxalifət strukturları lazımdır ki, xalqı sizin özbaşınalıqlardan qoruya bilsinlər, sizləri isə istəməsəniz də, addım-addım dəyişikliklərə, islahatlara məcbur etsinlər. Yox, birdən bu alınmasa, ölkə sosial partlayış yaşayası olsa, o zaman da güclü müxalifət ölkəni xaosdan, idarə olunmaz vəziyyətdən, nəhayət, azğın məmurları linc edilməkdən qoruya bilsin. Bir anlıq düşünün ki, Ukraynada güclü müxalifət partiyaları olmasaydı və “Pravıy sektor” tipli təşkilatlar hakimiyyəti götürsəydilər, sizin dostlarınız olan Ukrayna Regionlar Partiyasının rəhbərliyinin, oliqarxların aqibəti necə olardı...

Sizi əmin edirəm ki, həbslərlə heç nəyə nail ola bilməyəcəksiniz. Yel qayadan nə aparacaq ki? Əksinə, on minlərlə narazı və fəal vətəndaşa birləşmək üçün ünvan göstərmiş olacaqsınız”, sənəddə qeyd edilir.
XS
SM
MD
LG