Accessibility links

O qanunsuz narkotik saxlamaqda günahlandırılır. AXCP həbsi hakimiyyətin gənclərə qarşı artan repressiyasının tərkib hissəsi kimi qiymətləndirir

AXCP Sumqayıt təşkilatının fəalı Daşqın Məlikova qarşı CM-in 234.1 maddəsi (qanunsuz narkotik maddə saxlama) ilə ittiham irəli sürülüb.

Martın 26-da Sumqayıt Şəhər Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bu barədə Amerikanın Səsinə AXCP Ali Məclisinin üzvü Elçin Həsənov bildirib.

22 yaşlı D.Məlikov martın 25-də Sumqayıtda saxlanılıb. E.Həsənovun sözlərinə görə, D.Məlikovu vəkilsiz mühakimə ediblər.

Polis konkret hansı maddədən söhbət getdiyini və hansı miqdarda narkotik götürüldüyünü açıqlamır.

Fəalın atası Əlisəfa Məlikov oğlunun narkotik maddə qəbul etməsini inkar edib. Onun sözlərinə görə, gənc astma xəstəliyindən əziyyət çəkir, narkotik maddə qəbul edə bilməz.

Günahı sübuta yetirilərsə, müxalif fəalı 3 ilədək həbs cəzası gözləyir.

AXCP bəyanatla çıxış edərək D.Məlikovun həbsini pisləyib.
Partiya D.Məlikova qarşı cinayət təqibini “hakimiyyətin gənclərə qarşı artan repressiyasının tərkib hissəsi” kimi qiymətləndirir.

“Repressiyalarla gəncləri qorxutmaq və onları demokratiya uğrunda mübarizədən çəkindirmək olmayacaq”, - bəyanatda deyilir.

AXCP gənclərə təzyiqlərə son qoyulmasını və həbsdə olan fəalların dərhal azadlığa buraxılmasını tələb edib.

D.Məlikov mart ayında həbs olunan 5-ci gənc fəaldır.

Bundan əvvəl NİDA hərəkatının 4 fəalı qanunsuz partlayıcı maddə və narkotik vasitə saxlamaq ittihamı ilə həbs olunub.
XS
SM
MD
LG