Accessibility links

AXCP və Müsavat Milli Mətbuat Günü haqqında


Media-avtoritar rejimlərdə

Media-avtoritar rejimlərdə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mətbuat Günü və Zahidovlar ailəsinə qarşı repressiyalarla bağlı bəyanat, Müsavat Partiyası isə Milli Mətbuat Günü münasibəti ilə təbrik yayıb.

AXCP azad və tənqidçi sözü susdurmaq üçün son günlər hakimiyyətin “Azadlıq” qəzeti və “Azərbaycan Saatı” teleproqramının rəhbəri Qənimət Zahidin yaxınlarına qarşı aparılan şərləmə, repressiya kampaniyasını hiddətlə pisləyir.

“Artıq bəlli olduğu kimi, ötən iki gündə Qənimət Zahidin Bakıda və Şamaxıda yaşayan üç qohumu müxtəlif uydurma ittihamlarla həbs edilib. Qənimət Zahidin bildirdiyinə görə, həbs olan yaxınlarının hər hansı bir formada siyasi fəallığı olmayıb. Onlar sadə zəhmət həyatı ilə yaşayan şəxslərdi və bu insanların inzibatı terrorla üzləşməsinə yeganə səbəb xüsusən onun “Azərbaycan Saatı” teleproqramındakı fəaliyyətidir. AXCP Qənimət Zahidin bu qənaətini bölüşür və həbs edilən Zahidovlar ailəsi üzvlərinin günahsızlığını bəyan edir, hökumətin öz vətəndaşları ilə girov kimi davranmasını özbaşınalıq və cinayət kimi dəyərləndirir”, sənəddə qeyd edilir.

AXCP bəyan edir ki, sonsuz sayda KİV-ə, o cümlədən yerli və beynəlxalq telekanallara sahib hakimiyyətin həftədə cəmi 2 saata yaxın efirdə olan bir teleproqrama ( “Azərbaycan Saatı”) qarşı bu davranışı gücsüzlüyün və cılızlığın əlamətdir.

“Əliyev hakimiyyəti bu günə qədər “Azərbaycan Saatı”nı susdurmaq üçün proqramın redaktoru Seymur Həzini və digər aparıcı Natiq Güləhmədoğlunun qardaşını uydurma ittihamlarla uzun müddətə həbsə atsa da, öz niyyətinə çata bilməyib”.

AXCP hesab edir ki, haqq sözün qarşısında duruş gətirə bilməmək hakimiyyəti daha amansız addımlar atmağa vadar edib.

“Buna görə də, Qənimət Zahidin Azərbaycanda yaşayan qohumları repressiya olunur. AXCP bu hərəkəti əndazənin aşılması sayır və israrla Azərbaycan hakimiyyətindəki məsul şəxsləri bu səhv yoldan daşınmağa səsləyir. Bu cür rəftarlar ölkədə vətəndaş qarşıdurmasını qızışdırmaqdan başqa heç nə vəd eləmir, bundan isə bütün ölkə zərər görə bilər”.

AXCP Azərbaycan ziyalılarının, fikir adamlarının, hətta özlərini siyasətin fövqündə sayanların rejimin siyasi opponentlərinə qarşı namərd metodlardan yararlanmasına öz etirazlarını, qınağını bildirməsini gözləyir.

AXCP o inamı da ifadə edir ki, ölkədə irticanın azad mətbuatı, sözü boğma cəhdləri heç bir zaman bəhrə verməyəcək, bu təzyiqlər, təhdidlər ağır ötüşsə də, həqiqətin ağzını, gözünü bağlamaq olmayacaq.

AXCP xalqın potensialına inanır və əmindir ki, söz azadlığının müdafiəsi üçün hər gün daha yeni yazarlar meydana çıxacaq, Zərdabi, Əli bəy Hüseynzadə, Mirzə Cəlil, Üzeyir Hacıbəyov kimi qələm sahiblərinin işıqlı yolu heç vaxt şərə, zülmə tabe edilməyəcək.

AXCP Milli Mətbuat günü ərəfəsində Azərbaycan mətbuatında bütün çətinliklərə rəğmən qələmə, həqiqətə sədaqətini qoruyan bütün jurnalistləri təbrik edir, onlara layiqli həyat və peşə uğurları arzulayır.

Müsavat Partiyasının başqanı Arif Hacılının təbrikində isə deyilir ki, ötən əsrin sonunda Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra milli mətbuat yeni inkişaf mərhələsinə qədəm qoyub.

“90-cı illər Azərbaycan mətbuatı artıq peşəkar mediaya çevrilmə yolunda ciddi uğurlar əldə etmiş, tənqidi medianın inkişafında nailiyyətlər əldə etmişdi. Əliyevlər rejımı möhkəmləndikdən sonra isə Azərbaycan mətbuatı yeni tənəzzül dövrünü yaşamaqdadır. Əliyevlər hakimiyyəti dövründə mətbuata, söz azadlığına olan hucumlar, 2005-ci ildə Elmar Hüseynovun qətlə yetirilməsi, həqiqəti söyləyən, yazan jurnalistlərin əksəriyyətinin həbslərdən keçməsi, bir çoxunun isə uzun müddətdir rejimin girovu olaraq həbsxana həyatına məhkum edilməsi fədakar jurnalistika ənənələrinin cəsarətli jurnalistlər tərəfindən indi də şərəflə davam etdirilməsinin bariz nümunələridir. Bu nümunələr bir daha sübut edir ki, Azərbaycanda söz azadlığının inkişafına mane olmaq cəhdləri, jurnalistlərə və azad mediaya qarşı yönələn repressiya siyasəti iflasa uğrayacaq, ölkəmizin demokratikləşməsi prosesi fədakar media nümayəndələrinin aktif iştirakı və xalqımızın mübarizə əzmi sayəsində qələbə ilə yekunlaşacaqdır”, Arif Hacılı qeyd edir.

XS
SM
MD
LG