Accessibility links

Aynur İmranova: Mənəvi terror olunuram...


Aynur İmranova (Foto Aynur İmranovanın Facebook səhif)
Aynur İmranova (Foto Aynur İmranovanın Facebook səhif)

Jurnalist Aynur İmranova təzyirlərə məruz qalması və bunun müqabilində özünə qəsd edəcəyi ilə bağlı müraciətlə çıxış edib.

Müraciətdə deyilir:

Əziz dostlar! Bilirsiz ki, artıq 1 ildən artıqdır bank hesablarım həbsdədir. Hələ keçən ilin may ayından bu məşhur QHT işi ilə bağlı şahid kimi cəlb edilmişəm. Onu da qeyd edim ki, bu işlə həbs olunanların heç biri ilə ortaq əməkdaşlığım olmayıb. May ayından sentyabr ayına qədər şəxsimə qarşı absurd suallara cavab vermək üçün dəfələrlə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağrılmışam. Sadəcə bir dəfə telefona cavab verməmişəm deyə Zərdab rayonunda yaşayan anamın evinə polis göndərilib, ailəmə təzyiq olunub.

Oktyabr ayında Gürcüstana səfərim zamanı məhkəmə qərarı təqdim olunmadan şəxsi baxışa məruz qaldım. Bir vətəndaş kimi təhqir olundum, hüquqlarım tapdalandı. Sonra noyabr ayında mənim ölkədən çıxışımı da bağladılar. Bütün xarici səfərlərim ləğv olundu, iştirak üçün dəvət aldığım bir neçə konfransa gedə bilmədim.

Dekabr ayından araşdırmaçı jurnalist Xədicə İsmayılovanın işi ilə bağlı istintaqa cəlb olundum. Dekabr-yanvar aylarında Bakı şəhər prokurorluğunda demək olar ki, mənəvi terrorla üz-üzə qaldım. Məni hər gün istintaqa çağırır saatlarca Xədicənin şəxsi həyatına dair, işə aid olmayan suallar verirdilər. Heç nə bilmədiyimi israrla bildirsəm də təzyiqlər davam edirdi. İki ay ərzində mən cəmi iki dəfə yazılı ifadə vermişdim. Halbuki ən azı 20 dəfə prokurorluqda saatlarla sorğu sual edilmişdim. Xədicənin adı israrla mənim rəhbəri olduğum bir layihəyə qoşulmasına səy göstərilirdi. Orda başıma gələnləri yazsam çox uzun alınacaq. Amma nəhayət ki, məni kiminsə üzünə qoya bilməyəcəklərini anlayıb əl çəkdilər.

Davamında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə yenidən çağrılmağa başladım. Sətiraltı hədə-qorxu o qədər idi ki, mən hətta 10 günə yaxın bir müddətdə hər gün həbs olunacağımı düşünərək sorğuya hazır çanta ilə gedirdim. Buna məni hər dəfə idarəyə qədər müşayət edən dostlarım da şahiddir. Övladım yetkinlik yaşına çatmadığı üçün həbsdən sonra ilkin dövrdə yanıma kiminsə gələ bilməyəcəyini düşünərək özümə kiçik bir çanta hazırlamışdım. Siz mənim o çanta ilə hər gün evdən çıxarkən övladımın yaşadıqlarını düşünə bilirsinizmi?! Bu travmanın cavabını kim verəcək?!

Sorğularda bu təzyiqlərin birbaşa yazılarımla bağlı olduğunu anlamaq çətin deyildi. Suallar da bu istiqamətdə idi. Mən yuxarıda yazdığım bütün təzyiqlərlə bağlı məhkəmə prosesləri başlatmışam. Bank hesablarımla bağlı işim artıq Avropa Məhkəməsində qeydiyyata götürülüb. Ölkədən çıxışımla bağlı məhkəməm davam edir və sərhəddə qanunsuz şəxsi baxışla bağlı işimlə bağlı məhkəmə qərarından apelyasiya şikayəti vermişik.

Amma mənə təzyiqlər hələ də davam edir. Novruz bayramından sonra yenə idarəyə çağrılmağa başlamışam. "Nəylə dolanırsan", "hardan qazanırsan" deyə məntiqsiz suallarla üz-üzə qalmışam. Belə başa düşürəm ki, mənim ölməyimi gözləyirlər. Bütün bu olanlar mənim sağlamlığıma ciddi zərbə vurur. Mənim beynimdə hipofiz vəzinin adenoması var, eyni zamanda təzyiq xəstəsiyəm. Həyat yoldaşım orduda həlak olandan sonra dəfələrlə xaricdə müalicə olunmuşam və yalnız bundan sonra normal həyata qayıda bilmişəm. Müalicələrim davamlı olmazsa bir gözümün tutulacağı ilə bağlı həkimlər xəbərdarlıq edib. Amma, məni saldıqları həm maddi sıxıntılar, həm də hərəkət məhdudiyyətim üzündən müalicəmi davam etdirə bilmirəm. Son müayinə zamanı həkimim yaşadığım stresslərin həyatımı təhlükə altına saldığını bildirdi.

Hal-hazırda bu şəxsimə qarşı edilən təzyiqlər məni çox ağır duruma salıb. Dəfələrlə Azərbaycan baş prokuroru Zakir Qaralova vəziyyətimlə bağlı müraciət eləmişəm. Məktubların çatması ilə bağlı bildiriş gəlsə də cavab olmayıb.

Mənim himayəmdə yetkinlik yaşına çatmayan övladım var, onun normal yaşayışını təmin etmək üçün bu gün qarşılaşdığım ağır durumdan heç bir çıxış yolu tapa bilmirəm. İndi mən neynəməliyəm? Avropa oyunları üçün ölkəyə gələn turistlərin qarşısında özümü yandırım? Bu addımım kiməsə hədə-qorxu gəlmək üçün deyil. Mən Konstitusiya ilə qorunan hüquqlarımın pozulmasından cana doymuşam. Özümü və övladımı bu mənəvi işgəncədən qurtarmağın başqa yolunu görmürəm.

Yəqin ki, bu günlərdə mətbuat konfransı keçirib daha çox detalları da açıqlayacam. Bu barədə artıq xarici media orqanlarına məktublar da göndərmişəm.

Öz növbəsində, rəsmi Bakı insanların hüquq qarşısında bərabər olduğunu, heç kimin fikrinə görə təzyiqlərə məruz qalmadığını bildirir.

XS
SM
MD
LG