Accessibility links

Azərbaycanlı gənc iş adamının Amerika təcrübəsi [Video]


Ramsfeld təqaüdçüsü olaraq UPTIME şirkətinin təsisçisi və marketinq üzrə mütəxəssis Emil Vəliyev proqram haqda təəssüratlarını Amerikanın Səsi ilə paylaşıb.

Amerikada olduğu müddətdə o, bir sıra dövlət qrumları, şirkətlər, ictimai sektor və xeyriyyə təşkilatları ilə görüşlərdə iştirak edib.

Cənab Vəliyev bu görüşlərin çox maraqlı və faydalı keçdiyini, əldə etdiyi təcrübəni xidmət göstərdiyi şirkətlərlə paylaşacağını qeyd edib. Onun sözlərinə görə Zbiqnev Brzejinski və Donald Ramsfeld kimi ABŞ siyasi tarixində iz qoymuş insanlarla təmaslar Birləşmiş Ştatların dövlət strukturlarını və özəl şirkətlərin necə idarə olunduğunu anlamağa kömək edir.

Emin Vəliyev proqram çərçivəsində bir çox ştatlara təqaüdçü yoldaşları ilə bərabər səfər etdiklərini deyib. ABŞ-da gördüklərindən xoş təəssüratlar aldığını deyən cənab Vəliyev Ramsfeld proqramının ABŞ-Azərbaycan münasibətlərinə töhfəsini müsbət qiymətləndirib. O, bu kimi proqramların regional inteqrasiyaya təsir göstərəcəyini vurğulayıb.

ABŞ-ın sabiq müdafiə naziri Donald Ramsfeldin təsis etdiyi fondun 6 həftəlik proqramı çərçivəsində hər il 10 ölkədən seçilmiş nümayəndələr ABŞ-da təcrübə keçir. Bu ölkələr sırasına Azərbaycanla yanaşı, Ermənistan, Gürcüstan, Orta Asiya ölkələri və Monqolustan daxildir.
XS
SM
MD
LG