Accessibility links

Eyyub Hüseynov: Azərbaycanda kifayət qədər təhlükəli qida məhsulları var [Video-Müsahibə]


Eyyub Hüseynov: Azərbaycanda kifayət qədər təhlükəli qida var
please wait

No media source currently available

0:00 0:07:14 0:00

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun Amerikanın Səsinə müsahibəsi

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda qida təhlükəsizliyi, təhlükəli qida məhsullarının idxalı və istehsalından danışıb.

Amerikanın Səsi: Azərbaycan hökumətinin qida təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi tədbirlər əhalinin ekoloji cəhətdən təmiz qida ilə təminatına şərait yaradırmı?

Eyyub Hüseynov: Böyük Hippokrat deyirdi ki, biz nə yeyiriksə oyuq. Çinlilər isə deyir ki, öz xəstəliyini öz boşqabında axtar. Fikir versək, Azərbaycanda apteklərin şəbəkəsi başqa ölkələrə nisbətən 20 dəfə çoxdur, apteklərdə növbələrdir. Klinikalarda insanlar növbədədir. Azərbaycandan Türkiyəyə, İrana külli miqdarda xəstə axını var. Bunlar dolayısı ilə sübut edir ki, Azərbaycanda qida təhlükəsizliyi yaxşı vəziyyətdə deyil. Təəssüflər olsun ki, ölkədə qidanın təhlükəsizliyinə dair qanun qəbul edilməyib. Baxmayaraq, dəfələrlə bu sənəd müəyyən dairələrdə müzakirə edilib. Lakin belə bir qanun hələ yoxdur. Ona görə də ölkədə təhlükəli qida kifayət qədər var. Bu da insanların həyatına öz mənfi təsirini göstərir. Bir də qeyd edirəm, insanların sürətlə kimyalaşması, apteklərə müraciəti, klinikalarda növbələr bunun açıq-aydın sübutudur. Təsadüfi deyil ki, ölkədə xərçəng xəstəliyinin cavanlaşması, sürətlə artması da bu amilləri bir daha sübut edir.

Amerikanın Səsi: Ekspertlər son dövrlər ölkədə xərçəng, şəkərli diabet və digər xəstəliklərin sürətlə artmaqda olduğunu bildirir? Fikrinizcə, ölkəyə idxal olunan məhsulların tərkibi Azərbaycanın daxili fitosanitar standartlarına cavab verirmi?

Eyyub Hüseynov: Əlbəttə, de-yure hər şey yaxşıdır. Çox təəəsüf ki, de-fakto tamam başqa mənzərəni görürük. Normal ekspertiza görmürük. Müstəqil ekspertiza hüquqi sənəd kimi məhkəmə orqanlarında tanınmır. Yəni ekspertiza qurumu, ekspertiza mafiyası bir əldə cəmləşib. Yalnız hüquqi sənəd kimi dövlət ekspertizası tanınır. Sertifikat verən orqan və əhalinin sağlamlığı keşiyində duran orqan eyni bir əldə cəmləşib. Daha sadə demək istəyirəm, tutaq ki, bir kütləvi istehsal malından bir nəfər, kimsə zəhərləndi və tutaq ki, insanı zəhərləyən mal məlum oldu. Amma Azərbaycan tarixində bir dəfə də belə hal “olmayıb”, insanı zəhərləyən kütləvi istehsal malının adı ortaya çıxmayıb. Onda həmin malı kütləvi istehsal edən müəssisə Səhiyyə Nazirliyinin ona verdiyi gigiyenik şəhadətnaməni qoyacaq stolun üstünə, deyəcək sən mənə gigiyenik şəhadətnamə veribsən, cavabdeh də sənsən. Yəni, maraqların toqquşması var. Ona görə də ölkədə zəhərlənmənin statistikası ümumdünya göstəricisindən 250 dəfə az göstərilir. Çünki Səhiyyə Nazirliyinin marağında deyil. Zəhərlənmələr olan zaman istehlakçının üzərinə yıxırlar ki, sən məhsulu pis saxlamısan, sən özün hazırlamısan, özün etmisən. 20 ildir ki, biz istehlakçıların hüquqlarını qoruyuruq bir dəfə də görməmişik ki, zəhərlənmə ilə bağlı kiməsə konpensasiya verilsin. Dünyasını dəyişən insanlara və yaxud da əlil olmuş insanlara nə isə müavinət verilsin. Bir dəfə də belə hal olmayıb. Belə bir şəraitdə əhalinin qida təhlükəsizliyi təmin olunmur və ekspertizalar, tədqiqatlar müasir tələblərə cavab vermir.

Amerikanın Səsi: Ölkədə istehsal edilən qida məhsullarıının ekoloji cəhətdən təmiz olması ilə bağlı monitorinqlər aparılırmı? Nəticələr necədir?

Eyyub Hüseynov: Belə monitorinqləri heç kəs aparmır, heç bir dövlət qurumu aparmır. Lakin ictimai təşkilatlara, bizə gələn şikayətlər əsasında müəyyən işlər görürük. Təsadüfi deyil ki, ölkədə istehsal olunan qida məhsullarının keyfiyyətinin qaldırılması uğrunda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Azərbaycanda beş illik layihə həyata keçirib. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması ərəfəsində, Azərbaycanın yerli qida sektorunun keyfiyyətinin yüksəldilməsi işini görüb. 2011-ci ildə USAİD bizə müraciət etdi. Dünyada ilk təcrübə olaraq Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanını qeydə aldırmaq təşəbbüsünü bizdən istədi. Azad İstehlakçılar Birliyinin, yəni bizim təşkilatın üzvlərinə treyninqlər keçdilər və beynəlxal nişan qeydiyyata alındı. Bu dünyada ilk nişan idi. Bizim dövlət orqanları da bu işə dəstək verdi. Biz 2011-ci ildən bəri iş aparırıq. 2011-ci ldən bəri Azərbaycanda cəmi ekoloji təmiz qida istehsal edən 6 müəssisəyə bu nişan şamil edilib. Lakin çoxsaylı müəssisələr heç də ekoloji təmiz və standartlara uyğun məhsul istehal etmir. Bu vəziyyətdə təkcə yerli məhsullar yox, xaricdən gətirilən məhsullar da Azərbaycana böyük problemlə gəlir. Bu gün bizə şikayət gəlib ki, Ukraynadan daxil olan quş ətləri həddindən artıq, təxminən 30 faiz su vurulub, dondurulub və yenidən donu açılıb, sonra Azərbaycana göndərilib. Bu gün həmçinin Türkiyədən gətirilmiş yumurtalarla bağlı da şikayətlər daxil olub. Bundan başqa, Azərbaycan əmtəə bazarı sürətlə çirklənir və təsadüfi deyil ki, bu gün mən bütün dövlət orqanlarına, o cümlədən baş nazirə məktub göndərirəm. Hökumətin birtərəfli siyasəti, yəni istehlakçı hüquqlarını arxa planda qoyub. Dövləti də, ordunu da, biznes qurumunu da saxlayan, mövcud edən istehlakçını arxa planda qoyub, yalnız və yalnız biznesin dəstəklənməsi səhv bir siyasətdir. Dövlət mütləq üzünü istehlakçılara doğru çevirməlidir. Bizim ofisə təhlükəli məhsulların nümunələri də gətirlir. Məsələn, biz 2001-ci ildə Nazirlər Kabinetinin hətta qərarını da aldıq ki, ölkədə təhlükəli, filtirsiz siqaretlərin istehsalı dayandırılsın. Lakin, bu şəraitdən, yəni biznes qurumları üçün yaradılan şəraitdən istifadə olunur, artıq bir aydır ki, Şəkidə filtirsiz, təhlükəli siqaretlər istehsal edən müəssisələr işə başlayıb. Heç bir hüquqi sənədləri yoxdur. Bütün qanunları, standartları pozaraq təhlükəli siqaret istehsal edirlər. Eləcə də internet üzərindən əhalinin guya şəkər xəstəliyini sağaldan adı altında aldıqları cürbəcür dərmanlar, bitki əlavələri, məsələn sinir otu reklam olunur, onun şəkər xəstəliyinə heç bir xeyri yoxdur. Bu barədə Səhiyyə Nazirliyinin bizdə rəsmi məktubu var. Digər şikayətlərdə də əhalinin sürətlə aldadılması prosesinin getdiyi görünür. Yaxud, 2001-ci ildə “Duzun yodlaşdırılması haqqında” qanun qəbul edilib. Qanunda göstərilir ki, ölkədə yodsuz duzun istehsalı, satışı, hətta heyvanlara yem məqsədi ilə verilməsi qadağandır. Lakin, bu gün də bazarda yodsuz və təhlükəli duz, yəni küçələrə səpilən, dəri aşılayan duz qablaşdırılıb istehlakçılara təqdim olunur. Təəsüflər olsun ki, Azad İstehlakçılar Birliyi ictimai təşkilat olaraq öz resursları ilə çalışır ki, bu problemləri həll etsin, lakin dövlət orqanları böyük seyrçi mövqe nümayiş etdirir.

Amerikanın Səsi: Vəziyyətdən çıxış yolları nədir?

Eyyub Hüseynov: Birinci növbədə istehlakçılar yaxşı maarifləndirilməlidir. İstehlakçılar pis malları boykot etməli, öz hüquqları uğrunda mübarizə aparmalıdır. Birmənalı şəkildə dövlətin siyasəti tam dəyişməlidir. Dövlət üzünü istehlakçılara doğru çevirməlidir. Necə ki, 15 mart 1962-ci ildə ABŞ Konqresini açan zaman Con Kennedi deyib: Biz hamımız istehlakçılarıq- bizim səsimiz ən ali dövlət orqanlarında eşidilməlidir.

XS
SM
MD
LG