Accessibility links

Azad media, yüksək inkişaf


Ekspertlər güclü media sektorunun ölkədə inkişafın bir çox sahələri üçün əhəmiyyətini qeyd edir. Yaxşı funksiya göstərən media qurumları hökumət və özəl sektorun korrupsiya, məsuliyyət, həyat səviyyəsi, infrastruktur və təhsil sahələrində səylərinə dəstək verə bilər. Media və ölkənin inkişafı bir-biri ilə bağlıdır.

Dünya Mətbuat günü diqqət mərkəzində olan mövzulardan biri medianın inkişaf prosesində rolu oldu. BMT bu yaxınlarda 2015-ci ildən sonra inkişafa dair açıqladığı hesabatda azad və müstəqil medianın effektiv idarəetmə və şəffaflığın təmin edilməsi üçün əhəmiyyətini vurğulayıb.

Mediaya Beynəlxalq Yardım Mərkəzinin nümayəndəsi Mark Nelson medianın inkişafın mühüm elementi olduğunu deyir: “İqtisadiyyatın daha yüksək inkişaf etdiyi və daha effektiv olduğu bir şəraitdə insanların hər gün verdiyi qərarların yerinə yetirilməsi və etdiyi seçimlərin dəstəklənməsi üçün informasiyaya ehtiyac var. Bu informasiya olduqca mühümdür və bu yaxşı informasiyadırsa, o zaman düzgün qərar vermək şansları daha artıq olur.”

Mark Nelsonun sözlərinə görə, azad mətbuatın yoxsulluğun aradan qaldırılması səylərinə yardım göstərdiyinə dair dəlillər gətirmək mümkündür. O, Nigeriyada işləyən zaman əllərin yuyulmasının əhəmiyyətindən danışan radio proqramları xatırlayır:”Bu radio proqramlar bəzi xəstəliklərə yoluxma hallarının azaldılmasına kömək etmişdi. Adamlar xəstə olmayanda işləyə, iqtisadiyyata töhvə verə və beləliklə də yoxsulluqdan qurtula bilir.”

ABŞ Dövlət Departamenti dünya ölkələrində həbs edilmiş və azad informasiya vermək imkanından məhrum edilmiş jurnalistlərin mübarizəsini qeyd edib. Departamentin sözçüsü Meri Harf Amerikanın Səsinə bildirib ki, öz fikirlərini azad şəkildə ifadə etmək və hökumət haqda dialoq aparmaq daha yaxşı hökumətin qurulmasına kömək edir:“Əgər vətəndaşlar ayağa qalxıb sizin hökuməti onların istədiyi kimi idarə etmədiyini deyirsə, bu o deməkdir ki, siz bu insanlara onların layiq olduğu iqtisadi imkanları vermirsiniz və bir lider kimi məsuliyyəti üzərinə götürə bilmirsiniz.”

Dünya Bankı inkşaf etməkdə olan ölkələrdə media islahatlarının aparılmasına kömək edə bilən proqramlara milyonlarla dollar sərf edir. Ceff Thindva jurnalistlər üçün belə bir proqramın meneciridir: “Bu proqramın məqsədi jurnalislər və vətəndaş cəmiyyəti lidelərinə büdcə və xərclər haqda informasiyadan istifadə yolları və lazımi suallar verilməsi üsullarının öyrədilməsindən ibarətdir. Bu da öz növbəsində hökumət və qabiliyyətli media arasında birbaşa əlaqə yaradaraq, inkişafa yol açır.”

Ceff Thindva medianın hökumətin fəaliyyətində rolu olduğunu bildirir: “Media hesabatlılıq, korrupsiyanın azaldılması, vətəndaşlara məlumatın çatdırılması və onların vətəndaş cəmiyyətində aktiv iştirakına kömək edə bilər.”

Çox vaxt mürəkkəb informasiya məhz media orqanları vasitəsilə izah edilib vətəndaşlara çatdırılır.
XS
SM
MD
LG