Accessibility links

AZAD-ın Vaşinqtonda etiraz aksiyası və icma üzvlərinin münasibəti (VİDEO/YENİLƏNİB)


Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası, Vaşinqton, 19 mart 2011

Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası, Vaşinqton, 19 mart 2011

Etirazçılar Azərbaycanda son zamanlar gənclərin kütləvi həbsini pisləyib, Azərbaycan rəsmilərini insan haqlarına, söz və toplaşmaq azadlığına hörmət etməyə səsləyib

Martın 19-da Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda – AZAD-ın təşkilatçılığa bir qrup insan Azərbaycanın Vaşinqtondakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib. “Azad Azərbaycan yürüşü” adlanan nümayişin 30-a yaxın iştirakçısı Azərbaycanda son zamanlar gənclərin kütləvi həbsini pisləyib, Azərbaycan rəsmilərini insan haqlarına, söz və toplaşmaq azadlığına hörmət etməyə səsləyib. Azərbaycanlılarla yanaşı piketdə bir neçə başqa dövlətin təmsilçiləri də iştirak edib. 2 saatdan artıq davam edən nümayiş zamanı “Monarxiyaya yox!”, “Bəxtiyara Azadlıq!”, “Cabbara Azadlıq!”, “Dəyanətə Azadlıq!”, “Artıq getmək vaxtıdır!”, “Rədd olsun diktator oğlu diktator!”, "Azadlıq!", "İstefa!" kimi süarlar səsləndirən etirazçılar əllərində də oxşar şüarlar yazılan plakatlar tutub. Nümayiş zamanı Azərbaycanın dövlət himni də səsləndirilib. Nümayişin təşkilatçılarından, AZAD-ın rəhbəri Elmar Şahtaxtinski Amerikanın Səsinə başlıca tələblərinin Azərbaycan prezidenti İlham Əliyevin istefası olduğunu bildirib: "Biz əminik ki, vaxt gələcək bu rejim çökəcək. Dünyada baş verən hadisələr - Misirdə, Tunisdə baş verənlər onu göstərir ki, hər bir xalq öz torpaqına yiyə çıxmağa layiqdir və qadirdir".

Elmar Şahtaxtinski, AZAD təşkilatının sədri

Elmar Şahtaxtinski, AZAD təşkilatının sədri

Etiraz aksiyasının əcnəbi iştirakçılarından Zviad Baqava nümayişdə iştirakının səbəbibi belə izah edib: “Azərbaycan xalqına dəstək vermək üçün gəlmişəm. Mən, Gürcüstandanam. Mənim ölkəmdə yaxşıya doğru aparılan bütün islahatların Azərbaycanda da aparılmasını istəyirəm. Bu, yalnız Azərbaycan üçün deyil, bütün region üçün yaxşı olardı”.

Azərbaycanda etiraz aksiyaları davam edəcəyi təqdirdə, dəstək məqsədi ilə belə nümayişlərin yenidən təşkil ediləcəyini dilə gətirən Elmar Şahtaxtinski ölkədə və xaricdə fəaliyyət göstərən Azərbaycan rəsmilərinə mesaj göndərib: "İstəyərdim ki, Azərbaycanın daxilində və xaricində bu rejimə bağlı olan dövlər işçilərinə müraciət edim. Siz, tarixi görürsünüz. Dünya dəyişir, rejimlər süpürülüb atılır. Mən sizi xalqa qulluq etməyə, Azərbaycanın cəsarətli Azadlıq mübarizlərinə böhtan atmamağa, xalqla birləşməyə çağırıram".

Nümayişin qətnaməsi oxunandan sonra təşkilatçılar səfirliyə qətnamə və onunla yanaşı sabun təqdim etməyə çalışıb. Səfirlikdən qapını açan olmadı.

Amerikadakı Azərbaycan icmasının bəzi üzvləri bu cür etiraz aksiyasını düzgün hesab etmir. Bədir Məmmədlinin fikrincə, aksiyada iştirak edənlər etirazlarını fərqli yollarla da bildirə bilərdilər: "Əvvəla, mən onların qaldırdığı məsələləri başa düşürəm və mən də onların narahatlığəna şərikəm. Bilirəm ki, Azərbaycanda insan haqları sahəsində vəziyyət o qədər də arzuolunan səviyyədə deyil. Lakin, etirazı başqa cür də bildirmək olardı. Mən əminəm ki, Azərbaycan səfiri onları qəbul edə bilərdi.Yəni onlar öz etirazlarını səfirə bildirə bilərdilər. Orada bəzi təhqiramiz hərəkərlər də oldu, misal üçün diplomatlara sabun verilməsi. Bunu heç bir etika normasına uyğun saymıram. Yaxşı olardı onlar gələcəkdə belə hərəkətlərə fikir verərdilər. Sonuncu da, toplaşanların böyük əksəriyyətini bizim diaspor tədbirlərində görmürəm. Açığı desəm, bir az məndə onların səmimiyyətinə şübhə hissi yaranır".

Azərbaycanın ABŞ-dakı səfirliyindən etiraz aksiyasına münasibət almağa çalışsaq da, səfirlikdən məsələ ilə bağlı münasibət bildirmək istəyən olmadı. Biz səfirliyin də mövqeyini işıqlandırmağa hazırıq.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG