Accessibility links

Vaşinqtonda forum: "Azərbaycandan məmnunluğun təhlükələri" [Video]


Noybarın 7-də Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatı ABŞ paytaxtı Vaşinqtonda "Azərbaycandan məmnunluğun təhlükələri" başlıqlı forum-diskussiya keçirib. Azərbaycanda demokratiyanın durumuna həsr olunan tədbirdə AZAD təşkilatının liderləri, amerikalı və azərbaycanlı ekspertlər çıxış edib, ölkədə ağırlaşan siyasi duruma diqqət çəkiblər.

Tədbiri giriş nitqi ilə açan AZAD sədri Elmar Şahtaxtinski 9 oktyabrda Azərbaycanda keçirilmiş prezident seçkilərini tənqid edib. Onun sözlərinə görə səsvermənin saxtalaşdırılması nəticəsində prezident İlham Əliyev üçüncü dönəmə prezident kürsüsünə yiyələnib. Azərbaycandakı mövcud hökuməti “avtoritar rejim” kimi səciyyələndirən cənab Şahtaxtinski ictimaiyyətdə böyük narazılığın olduğunu vurğulayıb və hökumətin müxalifəti susdurmaq üçün repressiyalara əl atdığını bildirib.

Şərqi Avropada Demokratiya İnstitutunun prezidenti İrena Lasota Azərbaycanda son 10 ildə siyasi durumun günü-gündən pisləşdiyinə diqqət çəkib. O, qeyd edib ki, İlham Əliyev prezident olduqdan bəri siyasi atmosfer pisləşməyə doğru gedib və durumun ağırlaşması özünü siyasi məhbusların artmasında, müstəqil medianın susdurulmasında və siyasi məkanın daralmasında büruzə verir. Xanım Lasota əlavə edib ki, Azərbaycana daxil olan neft pullarının artması ilə siyasi durumun pisləşməsi arasında əlaqə sezilir və Qərb dövlətləri Azərbaycanla münasibətləri büsbütün yenidən nəzərdən keçirməlidirlər.

Azərbaycandan gəlmiş İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov təmsil etdiyi təşkilatın Azərbaycandakı fəaliyyəti barədə danışıb. O, İlham Əliyev hökumətini Azərbaycan xalqının sərvətlərini mənimsəməkdə və özünü varlandırmaqda ittiham edib. Cənab Cəfərov auditoriyanın diqqətini Azərbaycanda təqiblərə məruz qalan gənc fəallar, jurnalistlər, siyasi fiqurlar və dini fəalların taleyinə çəkib. “Azərbaycanda hökuməti tənqid edən adam asanlıqla hədəf alına, həbs oluna bilər,” deyə Rəsul Cəfərov bildirib.

“Azərbaycan etibarlı beynəlxalq tərəfdaş sayıla bilməz, çünki o yalnız özünə sərf edən öhdəliklərə əməl edir.” Bu bəyanatla İnsan Haqları Klubunun Təşviqat Direktoru Rebekka Vinsent çıxış edib. Xanım Vinsent Azərbaycanın üzv olduğu sazişlər və konvensiyalarda yer alan insan haqları və demokratiya haqda müddəalara əməl etmədiyini vurğulayıb. Onun sözlərinə görə bu ilin yanvar ayında Avropa Şurasında Azərbaycanda siyasi məhbuslara dair qətnamənin məğlub olması təkcə Əliyev hökumətinin qələbəsi yox, həm də Avropanın öz dəyərlərinə xilaf çıxması kimi dəyərləndirilməlidir. O, Avropa və ABŞ rəsmilərini İlham Əliyev hökuməti ilə münasibətlərdə insan haqları və demokratiyanı güzəştə getməməyə çağırıb.

AZAD sədrinin müavini Qorxmaz Əsgərov tədbirin yekun çıxışında Azərbaycanda hökumətin qeyri-legitim yollarla formalaşdığını söyləyib. O, Qərb dövlət başçılarının İlham Əliyevə ünvanlanan təbrik məktubunda “seçki qələbəsi” ifadəsinin yer almadığına diqqət çəkib. Başda N!DA hərəkatı olmaqla Azərbaycanda demokratik qüvvələrin ağır şərtlər altında mübarizə apardığını bildirən cənab Əsgərov Qərb dövlətlərini həbs olunmuş N!DA-çıları azadlığa buraxdırmaq üçün ciddi səy göstərməyə çağırıb.

Çıxışlardan sonra başlanan sual-cavab sessiyasında iştirakçılar Azərbaycanda demokratiyanın vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar. (Amerikanın Səsi)
XS
SM
MD
LG