Accessibility links

Azad İsazadə: Leyla və Arif Yunusun səhhəti orta-ağır olaraq qalır [Audio-müsahibə]


Azad İsazadə

Azad İsazadə

Onlarla görüşə dostları buraxılmır. Arif və Yunus xəstəliklərdən əziyyət çəkir

Leyla və Arif Yunusun səhhəti orta-ağır olaraq qalır. Bu barədə Yunuslar ailəsinin dostu, həkim Azad İsazadə Amerikanın Səsinə müsahibəsində bildirib.

O eyni zamanda deyib ki, görüş olmadığına və əlaqə saxlamaq mümkün olmadığına görə Yunusların səhhəti barədə dəqiq məlumat vermək çətindir.

İsazadə avqustun 12-də Bakı İstintaq Təcridxanasında saxlanan Leyla Yunusla telefonla danışıb. “Onda xroniki böyrək xəstəliyi var. Arif Yunus isə bu hadisələr zamanı iki dəfə hipertonik krizis keçirib.

Vəkillərin və Leylanın özünün dediyinə görə indi onun ağrıları başlayıb. Ona ağrıkəsici iynə vururlar. Şəkərə qarşı dərmanı hələ var, amma qurtarmaq üzrədir. Ümid edirəm ki, bu gün və ya sabah Leya ilə görüş üçün icazə alacam. Baş Prokurorluğa müraciət etmişəm deyiblər bu gün, uzağı sabah məsələ həll olunacaq”.

Arif Yunus Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır. ”Vəkillərin dediyinə görə onun səhhətini MTN-nin tibb idarəsinin həkimləri nəzarətdə saxlayır. Hər gün həkim ona baş çəkir və təzyiqini ölçür. Təzyiqi hələlik normadadır. Narahatedici odur ki, krizis keçirəndən sonra iki dəfə sol qolunda mikro iflic halı olub”.

A.İsazadə deyib ki, Arif və Leyla Yunuslara sovqat qəbul edilmir. Ona görə də onların pəhriz yeməklərlə təmin edilməsi barədə məlumatsızdır. “Ümid edirəm ki, icazə verilərsə onlara dietik və pəhriz yemək təşkil edib göndərə bilərik”.

O hesab edir ki, Arif və Leyla Yunusun səhhətinin normallaşması üçün sakit şərait, təmiz hava lazımdır. “Doğrudur Leyla Yunusa bir qadın həkim baxır. Beynəlxalq Qızıl Xaç Komitəsinin həkimləri müayinə edib. Amma Leyla Yunusun kamerasında 6 nəfər saxlanılır. Arif Yunusun hansı şəraitdə saxlanmasından isə məlumatım yoxdur”.

İsazadənin fikrincə Arif və Leyla Yunus ictimai təhlükəli insanlar deyil. “Buna görə azı onlardan biri azadlıqda olsa digəri üçün lazım olan dərman və yeməkləri göndərə bilər. Amma qıraq adamlara mütləq etibarnamə lazımdır. Biz artıq bir həftədir etibarnamə gözləyirik”, o qeyd edib.

Öz növbəsində Penitensiar Xidmət Leyla Yunusun tibbi xidmətlə və dərmanlarla təmin edildiyini bildirirb.

Leyla Yunusa qarşı dövlətə xəyanət (274-cü maddə), vergi ödənişindən yayınma (213-cü maddə), qanunsuz sahibkarlıq (192-ci maddə), sənədlərin saxtalaşdırılması (320-ci maddə), böyük ölçüdə fırıldaqçılıq (178.3.2) ittihamlar irəli sürülüb.

Nəsimi rayon məhkəməsi iyulun 30-da onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Arif Yunusa qarşı isə 274 və 178.3.2-ci maddələrlə ittiham irəli sürülüb. Əvvəlcə məhkəmə onun barəsində polis nəzarətinə götürülməsi barədə qərar çıxarsa da, sonradan avqustun 5-də barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Yunuslar ittihamları rədd edir.

Amnesty İnternational Leyla Yunusu artıq "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG