Accessibility links

AzadlıqRadiosu jurnalistin evində axtarış aparılmasını, avadanlığının müsadirəsini pisləyir [Video]


“Bakıda polis AzadlıqRadiosu ilə əməkdaşlıq edən jurnalistin evində axtarış aparıb, avadanlığını müsadirə edib. Bu, ölkədə müstəqil mətbuata sərt təzyiq kampaniyası çərçivəsində baş verən sonuncu insidentdir”. Bu barədəAzadlıqRadiosu rəhbərliyinin sentyabrın 29-da yaydığı bəyanatda deyilir.

AzadlıqRadiosunun məlumatına görə, bu radionun Azərbaycan xidmətinin əməkdaşı İslam Şıxəlinin kirayə qaldığı mənzildə sentyabrın 26-da axtarış aparılıb, ona məxsus kompüter, videokamera, mikrofon və mobil telefon müsadirə olunub. Pasport və digər şəxsi sənədləri də götürülsə də, sonradan qaytarılıb.

“Polis Şıxəlinin peşəsinə və işinə aid avadanlığı götürdüyü üçün bizdə belə bir təəssürat yaranır ki, ona jurnalistika fəaliyyətinə görə hücum olunur”, AzadlıqRadiosunun baş redaktoru Nenad Pejic deyib. “Bu avadanlığı müsadirə etmək hüquqları yoxdur. Avadanlığı dərhal qaytarmalıdırlar, Şıxəliyə işləməyə imkan verilməlidir, bu təqibə son qoyulmalıdır”.

İslam Şıxəli sentyabrın 28-də prokurorluqda dindirilib. Ondan AzadlıqRadiosunun Azərbaycanda fəaliyyəti, özünün müstəqil jurnalistlər olan bəzi “facebook” dostları barədə soruşublar.

Axtarış zamanı Şıxəlinin dostuna təqdim olunan məhkəmə qərarında axtarışın vergidən yayınma ittihamıyla bağlı olduğu göstərilib.

AzadlıqRadiosunun bəyanatında eyni ittihamın AzadlıqRadiosunun həbsdə olan əməkdaşı Xədicə İsmayıla, eləcə də bir sıra müstəqil jurnalistlərə, insan haqları fəallarına qarşı irəli sürüldüyü qeyd olunur. Bu şəxsləri ABŞ qanunvericiləri, Avropa rəsmiləri, beynəlxalq insan haqları qrupları “siyasi məhbus” adlandırırlar.

Bəyanatda deyilir ki, AzadlıqRadiosunun Bakı bürosunda ötən il dekabrın 26-da axtarış aparılıb, sənədlər, avadanlıq müsadirə olunub, 20-dən çox əməkdaş dindirilib, bank hesabları dondurulub. Bir neçə jurnalist ölkədən çıxıb, qalanları isə həbs qorxusu ilə yaşayır.

“AzadlıqRadiosunun Azərbaycan xidməti www.azadliq.org saytı üçün Praqadakı qərargahdan xəbərlər toplayır. Bu radio Azərbaycanda hökumətin nəzarətində olan mətbuata həyati əhəmiyyətli alternativ olaraq qalır”, bəyanatda vurğulanır.

Azərbaycanın prokurorluq orqanları jurnalistin evində axtarış aparılması, jurnalist ləvazimatlarının müsadirə edilməsi və dindirilməsinin səbəbləri ilə bağlı hələ şərh verməyib.

İslam Şıxəli sentyabrın 28-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində dindirildikdən sonra Amerikanın Səsinə müsahibə verib. Həmin müsahibəni diqqətinizə çatdırırıq.

XS
SM
MD
LG